news Image
2016.11.30
09:15
| A A A
Hindistan yüklərinin Azərbaycan üzərindən Rusiyaya daşınmasına başlanılır
Ekspert: “İstənilən halda sözügedən nəqliyyat dəhlizinin işə salınması Azərbaycan üçün hərtərəfli faydalıdır”

İran, Azərbaycan, Rusiya və Hindistan bu aydan etibarən “Şimal-Cənub” nəqliyyat dəhlizini Hindistandan Rusiyaya multimodal yüklərin daşınması üçün istifadə etmək barədə razılığa gəlib. Bu barədə  “İran dəmir yolları” şirkətinin vitse-prezidenti Hüseyn Aşuri deyib. Onun sözlərinə görə, Hindistandan yüklər İranın cənub limanına çatdırılacaq, oradan isə qatar və yük maşınları vasitəsilə Azərbaycandan keçməklə Rusiyaya hərəkət edəcək. 

Beləliklə “Şimal-Cənub” nəqliyyat dəhlizi işə salınır. Bu fonda artıq dekabrdan Azərbaycanın tranzit daşımalardan böyük miqdarda gəlir əldə edəcəyini demək olarmı? 
İqtisadçı-ekspert Cümşüd Nuriyev bildirdi ki, sözügedən nəqliyyat dəhlizinin işə başlaması ilə Azərbaycan tranzit ölkəsi olaraq gəlir götürməyə başlayacaq: “Təbii ki, cari ilin dekabr ayından başlayaraq “Şimal-Cənub” nəqliyyat dəhlizi işə düşəcəksə, bu elə həmin andan başlayaraq ölkəmizin tranzit daşımalarından gəlir əldə etməyə başlaması anlamına gələcək. Bu fonda Azərbaycan həmçinin keçid dəhlizi statusunu alacaq. Yəni bir növ Böyük İpək Yolunun əsas dönüş nöqtəsi buradır. Çünki buradan İrana keçid məsələsi var. 

İkincisi, tranzit yükdaşımanın işə salınması ilə Azərbaycan dövlət büdcəsinə  əlavə vəsaitlər toplanacaq. Bu isə sonda dövlətin müxtəlif sosial və iqtisadi layihələri həyata keçirməsi üçün əlavə vəsaitlərin əldə edilməsi deməkdir. Üçüncüsü, “Şimal-Cənub” tranzit yükdaşımasında əsas diqqəti onun siyasi tərəfinə yönəltmək lazımdır. Belə ki, həmin nəqliyyat dəhlizinin işə salınması siyasi cəhətdən Azərbaycanın mövqeyinin güclənməsində müstəsna rol oynayacaq. 
Digər tərəfdən, Rusiya və İran qonşumuz olsa da, hazırda Hindistan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Onun əhalisinin sayı 1 milyardı keçib. Bu ölkənin daşınma yükləri də çoxdur. Bütün hallarda tranzit nəqliyyat dəhlizinin işə düşməsi ölkəmizin hərtərəfli maraqları baxımından olduqca müsbət hadisə olacaq”.   
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov da qeyd etdi ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycana hərtərəfli fayda gətirəcək: “Qeyd edim ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi marşurutunda Azərbaycan ən əlverişli coğrafi mövqedə yerləşən bir ölkədir. Tarix boyu dəfələrlə sübut olunub ki, tranzit məkanı baxımından ölkəmiz bölgədə ən əlverişli yerdə məskunlaşıb. 
Təbii ki, Azərbaycan ərazisindən nə qədər çox tranzit yükləri keçərsə, bu fonda ölkəmiz daha çox gəlir əldə etmək imkanı da qazanacaq. Hətta tranzit rüsum və haqları şəklində olmasa da, sadəcə, yük daşıyan nəqliyyat vasitələrinin Azərbaycan ərazisindən keçməsinin özü dövlətimizə gəlir gətirəcək. Amma həmin gəlirin həcminin nə qədər olacağını gələcək, regionda cərəyan edən hadisələrin inkişafı göstərəcək. Sabitliyin  bərpa olunması, ölkələrarası münasibətlərin normallaşması burada aparıcı rol oynayır. İstənilən halda sözügedən nəqliyyat dəhlizinin işə salınması Azərbaycan üçün hərtərəfli faydalıdır. Ən azından ona görə ki, Azərbaycanın iki böyük qonşusu Rusiya və İranla əlaqələri aparılan ticarət-iqtisadi əlaqələr vasitəsilə siyasi münasibətlərdə də inkişafa gətirib çıxaracaq”.
Rüfət NADİROĞLU  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs