news Image
2016.12.02
09:00
| A A A
Azərbaycan Asiya enerji bazarlarını da fəth edir
Vüqar Bayramov: “Bu imkan verir ki, daha diversifikasiya olunmuş, daha şaxələnmiş bazarlara çıxış imkanları əldə edək” Fuad Rəsulov: “Azərbaycan üçün neftin hansı bazarda satılması deyil, məhsulun satılıb vəsait gətirməsi başlıca amildir”

Qərb bazarlarına böyük həcmdə neft çıxaran Azərbaycan Asiya bazarları istiqamətində də fəaliyyətini genişləndirir.  “Reuters” agentliyi bildirir ki, Azərbaycan Asiya bazarlarına da neft tədarükünü artırmağa can atır. Qeyd olunur ki, təkcə bu ilin oktyabr ayında Azərbaycan Çin, Tayvan və Hindistana təxminən 7 milyon barrel neft nəql edib, bu, 2015-ci ilin yanvar ayından maksimum göstəricidir. 

Bu arada qeyd edək ki, SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading” şirkəti Çin bazarına daxil olmaq üçün 3 xam neft treyderi ilə işləyəcək. “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov deyib ki, “Unipec” şirkətinin London ofisinin xam neft üzrə keçmiş rəhbəri Vanq Zenq və “Shell” şirkətinin keçmiş xam neft treyderi Xun Donq bu ay SOCAR-la birgə işlərə qoşulub, digər treyder isə gələn il fəaliyyətə başlayacaq. 
Azərbaycanın Asiya enerji bazarlarında fəaliyyətini genişləndirməsi ölkəmizə nə vəd edir? 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, Azərbaycanın Asiya enerji bazarında fəaliyyətinin genişlənməsi daha diversifikasiya olunmuş, daha şaxələnmiş bazarlara çıxış imkanları verir: “Azərbaycanın indiki halda enerji ixracı məsələsində Asiya və Avropa bazarlarına çıxışı birbaşa olaraq gündəlik potensialı daxilində baş verir. Nəzərə alaq ki, Azərbaycanın gündəlik ixrac potensialı 700 min barrel ətrafında dəyişir, əvvəlki illərdə isə bu rəqəm 1 milyon barrelə çatırdı, indi neft hasilatının azalması praktik olaraq, ixracatımıza təsir göstərdi. Son il cəmi 42 milyon ton neft hasilatı qeydə alındı, halbuki bir zamanlar ildə 50 milyon tondan artıq neft hasil edilirdi. Bütün hallarda bazarın diversifikasiyası vacibdir, yəni bir deyil, bir neçə bazarlara çıxmaq daha məqbuldur.  
Enerji üçün təkcə bazarların deyil, kəmərlərin də diversifikasiyasına ehtiyac vardır. Bu baxımdan Azərbaycanın mövcud ixrac potensialını nəzərə alsaq, düşünürəm ki, Asiya, həm də Avropa bazarlarına öz enerji resurslarını çıxarması ölkəmizə diversifikasiya imkanları verir. Bu, həm də imkan verir ki, daha diversifikasiya olunmuş, daha şaxələnmiş bazarlara çıxış imkanları əldə edək. Həmin amil enerji təminatında təyinatlılığın təmin edilməsi baxımından çox vacibdir. Ona görə də Asiya bazarlarına çıxış Azərbaycanın enerji ixracatının şaxələnməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, gələcəkdə enerji hasilatında artımlar baş verərsə, daha çox enerji məhsulumuzun təkcə Avropa deyil, Asiya bazarlarına çıxışını da təmin etmək mümkün olacaq. İndiki halda isə mövcud ixrac potensialı daxilində Azərbaycan enerji təminatını şaxələndirir”.
Xəzər Universitetinin Neft-qaz geosiyasəti üzrə professoru Fuad Rəsulov isə bildirdi ki, Azərbaycan üçün neftin hansı bazarda satılması deyil, məhsulun satılıb vəsait gətirməsi başlıca amildir: “Azərbaycan üçün fərqi yoxdur, enerjisini hara, Asiya, ya Avropa bazarlarında satır. Azərbaycan başlıca olaraq çalışır ki, hasil olunan nefti satıb hazır vəsait əldə etsin. Bu zaman enerjinin hansı, Asiya, ya Avropa, ya da Amerika bazarlarında satılmasının bir fərqi yoxdur. Sabah Rusiya da istəsə, ona da satacağıq. Bu, adi bir haldır. Düşünmürəm ki, Asiya bazarlarında hansısa bir mövqe tutmağımız uzunmüddətli bir siyasət olsun”.
Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs