Əlaqə Arxiv
news Image
2016.12.03
07:00
| A A A
Neftin qiymət yüksəlişi manatı bahalaşdıracaq
Yaşar Əsədov: “Tendensiya davamlı xarakter daşıyarsa, yəqinliklə proqnoz etmək olar ki, Azərbaycan valyutası dollara nəzərən möhkəmləndiriləcək” Fuad Rəsulov: “Neftin bahalaşması əlavə gəlirlərin ölkəmizə gəlməsi deməkdir ki, bu vəsaitlər də qeyri-neft sektorunun daha da canlanmasına gətirib çıxaracaq”

OPEK-in Vyana toplantısından sonra neftin qiymiəti sürətlə artır. Gündəlik hasilatın 32,5 milyon barrelə salınmasına dair bu razılaşma 2008-ci ildən bəri hasilatın azaldılmasına dair ilk qərardır. Bu fonda da hazırda bir barrel neftin qiyməti 55 dollara qədər yüksəlib. Həmçinin, OPEK təşkilata üzv olmayan ölkələrlə də bir araya gələrək onların hasilatı azaltmasını istəyir. Rusiya buna razılıq verib. Azərbaycan da razıdır. Bu şəraitdə də neftin qiymətində daha böyük artım gözlənilir. 

İqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, neftin qiymətinin bahalaşması Azərbaycana daha çox vəsaitin daxil olması deməkdir. Bu da öz növbəsində ölkəmizdə planlaşdırılan daha çox işlərin həyata keçirilməsinə imkan verəcək bir amildir: “Son zamanlar hökumətimiz qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində də inamlı addımlar atmağa başlayıb. Lakin bununla belə neft amili büdcənin formalaşmasında mühüm komponent olaraq qalmaqdadır. 
Hesablamalara görə, dünya bazarında neftin qiyməti barrel üzrə 1 dollar artanda bu Azərbaycana əlavə olaraq 1 milyon dollarlıq valyutanın daxil olması deməkdir. Deməli, qiymət nə qədər çox bahalaşarsa, Azərbaycana əlavə olaraq bir o qədər çox yeni vəsaitlər daxil olacaq. Azərbaycana valyutanın daha çox daxil olması aydın məsələdir ki, ölkəmizin iqtisadi, sosial və digər sahələrdə bir sıra yeni layihələrə imza atmasına imkan verəcək. Çünki neftdən gələn daha çox gəlirlər hesabına ölkənin inkişafı istiqamətində daha çox və geniş həcmli işlər görmək mümkün olacaq. Bu prose təbii olaraq Azərbaycan manatının mövqeyinin möhkəmlənməsinə də təsir göstərəcək. Tendensiya davamlı xarakter daşıyarsa, yəqinliklə proqnoz etmək olar ki, Azərbaycan valyutası dollara nəzərən möhkəmləndiriləcək.
Amma əsas məsələ odur ki, neftin budəfəki artımı davamlı olsun, yoxsa qısa müddətli effekt təsiri bağışlasa, onun verəcəyi üstünlüklər də az olacaq. Məsələ ondadır ki, şist nefti dərin qatlardan çıxarılır. O, ancaq layları partlatmaq üsulu ilə çıxarılır. Belədə kifayət qədər baha başa gələn neft olur. Ona görə də şist neft istehsalçıları hazırda maya dəyərinin yüksək olması səbəbindən bütün quyuların 70 faizini bağlayıblar. 
Həmçinin ənənəvi neftdən öz radioktivliyi ilə fərqlənir. Şist neftinin çıxarılması bu fonda ancaq neftin qiyməti 50-55 dollar olduqdan sonra gəlirli olur. Bu fonda gözləniləndir ki, hazırda bahalaşma tendensiyasının davam edəcəyi təqdirdə neftin qiyməti ola bilsin, 60-65 dollaradək yüksəlsin. Zəif milli valyuta daxili istehsalın ixrac potensialını, onun rəqabətə davamlılığını artırır. Azərbaycanın da hazırda yürütdüyü iqtisadi siyasət ölkə daxilində istehsalın gücləndirilməsinə yönəldilib. Bu fonda milli valyuta həddən artıq möhkəmlənərsə, bu həmin siyasətə ziyan gətirər. Ona görə də düşünürəm ki, manatın dollara nisbətdə məzənnəsi neftin qiymətinin artması fonunda belə 1,55-1,60 səviyyəsindən aşağı düşməyəcək”.
Xəzər Universitetinin neft-qaz geosiyasəti üzrə professoru Fuad Rəsulov da qeyd etdi ki, neftin bahalaşması əlavə gəlirlərin ölkəmizə gəlməsi deməkdir  ki, bu vəsaitlər də qeyri-neft sektorunun daha da canlanmasına gətirib çıxaracaq: “Hesab edirəm ki, neftin qiymətində baş qaldıran hazırkı bahalaşma qısamüddətli olacaq. Bu fonda onun qiymətinin kəskin artacağı da gözlənilən deyil. Vyanada OPEK üzvləri razılığa gəlsələr də unutmayaq ki, bu, ancaq gündəlik hasilatı azaltmaqla bağlı ümumi bir razılıqdır. Amma hələlik kimlərin hansı səviyyədə azaldacağı ilə bağlı razılığa gəlinməyib. 
İran əvvəlki həcmə gəlib çatmadığından hələ ki, azaltmaq istəmir.  Yəni ümumi razılıq sadəcə, ilkin addımdır, amma bu işin konkretləşməsi üçün hələ danışıqlar aparılmalıdır. Ondan sonra ancaq kimin hansı həcmdə azaldacağı bəlli olacaq. Bu əsasda da həmin istiqamətdə danışıqların rahat keçəcəyini də gözləmirəm.  Güman ki, bu istiqamətdə razılığa gələ bilməsinlər və neftin qiyməti yenə də aşağı ensin. Bütün hallarda ümid var ki, hansısa səviyyədəsə razılıq əldə olunsun, bu da barrel üçün 50-55 dollar arasında ola bilər. Həmin qiymət isə indiki situasiyada Azərbaycan üçün yaxşı hal kimi dəyərləndirilə bilər. Məsələ ondadır ki, əvvəlki yüksək qiymətlərin indilikdə bərpası mümkünsüzdür. Lakin müəyyən qiymət artımının baş verməsilə qeyri-neft sektorunun inkişafına töhvə vermək üçün bir qədər çox vəsait əldə etmək imkanı qazanacağıq. Lakin manatın məzənnəsinə gəldikdə, düşünürəm ki, neftin qiymətindən asılı olmayaraq, Mərkəzi Bank əvvəlki tək onun kursunun  stabil saxlanılmasına çox vəsait ayırmayacaq. Əksinə, bu fonda gözləyirəm ki, manatın məzənnəsinin tam olaraq stabilləşməsi baş versin. Hökumət də görünür, bu yolu seçib. Sadəcə, onu bir günə həll etmək istəmir ki, yenidən devalvasiya olsun. Ona görə də kursu tədricən buraxır”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz