Əlaqə Arxiv
news Image
2016.12.06
07:00
| A A A
Prezident Azərbaycan istehsalçıları qarşısında ixracla bağlı mühüm vəzifə qoydu
Musa Qasımlı: “Azərbaycanın böyük həcmli ixracla xarici bazarlara çıxması üçün hər cür şərait var” Tahir Kərimli: “Bir müddətdən sonra Azərbayan getdikcə daha çox həcmdə mal, məhsulunu xarici bazarlara göndərmək gücündə olacaq”

"Biz nəinki öz tələbatımızı daxili istehsal hesabına təmin etməliyik, həmçinin böyük ixracla xarici bazarlara da çıxmalıyıq".  Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprel ayında düşmənin atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin tikintisi və bərpası işləri ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

Dövlətimizin başçısı bildirib ki, digər infrastruktur layihələrinin icrası da gündəlikdədir. Növbəti mərhələdə suvarma ilə bağlı addımlar atılacaq. Yeni əkin sahələrini dövriyyəyə cəlb etmək üçün praktiki addımlar atılır: "Siz bilirsiniz ki, indi kənd təsərrüfatının inkişafı bizim üçün ən prioritet məsələlərdən biridir. Pambıqçılıq, baramaçılıq, taxılçılıq istiqamətində çox ciddi addımlar atılır. Gözəl də nəticələr var. Növbəti illərdə nəticələr daha da yaxşı olacaq. Çünki gələn il Ağdam rayonunda 3 min hektarda pambıq əkiləcək. Baramaçılıq üçün tut tingləri dövlət tərəfindən alınıb gətirilir və insanlara verilir. İş yerlərinin, yeni istehsalat sahələrinin yaradılması təmin ediləcək. Kənd təsərrüfatı texnikası, gübrələr, yanacaq verilir. Bütün lazımi addımlar atılır. Sahibkarlara kreditlər verilir ki, bu istiqamətdə inkişaf daha da sürətli olsun. Biz nəinki öz tələbatımızı daxili istehsal hesabına təmin etməliyik, həmçinin böyük ixracla xarici bazarlara da çıxmalıyıq. Biz buna nail olacağıq". 
Görülən işlər nəticəsində gözləmək olarmı ki, Azərbaycan böyük ixracla xarici bazarlara çıxsın? 
Millət vəkili, professor Musa Qasımlı bildirdi ki, Azərbaycanın böyük həcmli ixracla xarici bazarlara çıxması üçün hər cür şərait vardır:  "Cənab Prezidentimiz İlham Əliyev iqtisadiyyat məsələlərinə  həsr edilmiş bütün toplantılarda və digər görüşlərində müvafiq hökumət strukturlarına və iş adamlarına  bazarlara çıxmaq üçün yeni imkanlar tapmaq haqqında  göstərişlər verir, onlara yol göstərir.  Cənab Prezidentimizin verdiyi tapşırıqların yerinə yetiriləcəyinə, Azərbaycanın xammal deyil, milli məhsul istehsal edib, ixracatçı ölkəyə çevriləcəyinə  inanıram. Çünki bunun üçün həm siyasi iradə, həm əlverişli şərait, həm də xalqımızın zəhmətkeşliyi vardır. Çox keçməz, idxaldan asılılıq azalar, ölkəmiz nəinki özünü təmin edər, eyni zamanda "Made in Azerbaijan" markası ilə olan məhsullara dünya bazarlarında təlabat artar, verilən sifarişlər çoxalar. Bütün bunların nəticəsində Azərbaycana əlavə valyuta daxil olacaq, yeni iş yerləri açılacaq və vətəndaşlarımızın həyat şəraiti daha da yaxşılaşacaq". 
Millət vəkili Tahir Kərimli də əmindir ki, Azərbaycan tezliklə böyük ixrac potensialı ilə dünya bazarlarına çıxış əldə edəcək: “Ola bilər ki, kimlərsə buna skeptik yanaşsın. Ancaq mən Prezidentin həyata keçirdiyi islahatlara və onun uğurla həyata keçiriləcəyinə səmimi qəlbdən inanıram. 
Vaxtilə Sinqapur, Malaziya kimi ölkələrdə də islahatlara start veriləndə orada əksəriyyət onun uğur qazanacağına inanmırdı. Ancaq onların hansı nailiyyətlər əldə etdikləri indi bütün dünyaya bəllidir. Azərbaycan da geniş çeşidli məhsul istehsal edərək onu xaricə ixrac etmək üçün kifayət qədər potensiala malik bir dövlətdir. İslahatların ilk cücərtiləri də görünür. Ölkəmiz “Made in Azərbaijan” markası ilə dünya bazarlarına çıxa bilər. Ölkəmiz güclü loqistika mərkəzinə çevrilir.  «ASAN xidmət» də insanlarımıza xidmət edir. Müxtəlif şəhərlərdə texnoparklar yaradılıb. Həm sənaye, həm də kənd təsərrüfatı məhsullarının ixracı baxımından Azərbaycan dünya bazarlarına çıxmaq imkanlarına malikdir. Ola bilər, ilkin vaxtlar ixrac həcmi elə də böyük olmasın. Amma strategiyaya uyğun olaraq əminəm ki, bir müddətdən sonra Azərbayan getdikcə daha çox həcmdə mal, məhsulunu xarici bazarlara göndərmək gücündə olacaq. 
Neft strategiyasına uyğun olaraq ölkədə geniş infrastruktur yaradılıb. Həmin infrastrukturun  tam həcmdə işə düçməsilə kənd təsərrüfatı və digər emal məhsullarımız xarici bazarlarda da özlərinə yer qazanacaq. İnanıram ki, Prezidentin zəhmətkeşlərlə görüşdə dedikləri tezliklə həyata keçəcək”.
Rüfət NADIROĞLU

Sizin Reklam Yeriniz