Əlaqə Arxiv
news Image
2016.12.10
09:15
| A A A
Xariciticarətdə dolların əvəzinə manat istifadə olunacaq
Cəfər İbrahimli: “Bunun üçün ölkələrdə qarşılıqlı olaraq bir-birinin valyutasına güvənin yaranması lazımdır” Ruslan Atakişiyev: “Bu tendensiya dollardan xilas olmaq üçün aparılan mübarizədən xəbər verir”

Türkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək üçün danışıqlara başlayıb. Həmin ölkələr arasında Azərbaycan da var. Bildirilir ki, Türkiyənin İqtisadiyyat Nazirliyi Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə ticarət dövriyyəsinin dollar və avro ilə deyil, milli valyutalarla aparılması üçün artıq təmaslara başlayıb. İddia olunur ki, bəzi ölkələr gələn ilin birinci yarısından Türkiyə ilə ticarət dövriyyəsində yerli valyutadan istifadə edəcəklərini bildiriblər.

Mütəxəssislərin fikrincə, sözügedən ölkələr arasında xarici ticarətdə milli valyutaya keçmə vaxt tələb edən prosesdir, amma mümkündür. Bu, tərəf ölkələrin milli valyutasının dollar qarşısında güclənməsinə şərait yarada bilər.
Bank məsələləri üzrə mütəxəssis Cəfər İbrahimli hesab edir ki, xarici ticarət əməliyyatlarında dollardan imtina etmək uzun zaman tələb edən məsələdir: “Bu, bir qədər ağır prosesdir. Burada hansısa Mərkəzi Bankın qərarı yetərli deyil. Valyutaların qarşı ölkələrdə işləyəbilmə, bankların onları aktivlərində saxlayabilmə imkanları vacib məsələdir. Yəni, ciddi mexanizm dəyişikliyi tələb edir. Odur ki, indiki vəziyyətdə - ölkələrin xarici ticarətlərində qlobal bazarlardan pay almaq istədiyi bir vaxtda belə bir dəyişiklik etmək çətin məsələdir. 
Türkiyə ötən il xarici ticarət əməliyyatlarının təxminən 2 faizini lirə ilə edib. Bu rəqəm çox kiçikdir. Amma bunu artırmaq üçün mexanizmlər yetərli deyil. Bunun üçün ölkələrdə qarşılıqlı olaraq bir-birinin valyutasına güvənin yaranması lazımdır. Son iqtisadi hadisələr bir çox ölkələrin milli valyutalarında ciddi təzyiq yaradıb. Ona görə də bu mexanizm tezliklə yox, uzun müddətdən sonra işləyə bilər. Ən azından Azərbaycan yaxın ölkələrlə - Türkiyə, Rusiya ilə xarici ticarətdə rubl, manat və lirə istifadə edə bilər. Əməliyyatların təxminən 10 faizinə qədərini milli valyutalarda etmək mümkündür. Amma ixrac-idxal əməliyyatlarının hamısını bölgə valyutalar ilə həyata keçirmək hələlik çətin görünür”.
Ekspertin fikrincə, xarici ticarətin lirə və manatla aparılması manat üzərində təzyiqi yalnız qismən azalda bilər: “Çünki, manat üzərindəki təzyiq yalnız dollarla bağlı deyil. Ümumiyyətlə, manatın bütün valyutalar qarşısındakı dəyəri ilə bağlı problemdir. Manat tək dollar yox, avro, lirə, rubl qarşısında da dəyər itirir. Bu anlamda valyutamızda stabilliyin təmin olunması üçün manata  bağlı olan iqtisadi gücü ortaya çıxartmalıyıq. İqtisadiyyatın əlavə dəyər yaratma imkanları ortaya çıxmalıdır ki, inam yaransın. Valyutanın dəyərini yaradan faktor onun işlətdiyi iqtisadiyyatın əlavə dəyəryaratma imkanlarıdır”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, 1949-cu ildə dollar dünya valyutasına çevriləndə onun arxasında qızıl dayanırdı: “O vaxtı müharibədən çıxan 44 ölkə aralarındakı ticarətdə çətinlik çəkdiklərindən dolları dönərli valyuta kimi qəbul etdilər. Artıq bu gün də dollardan istifadə olunur. Ona görə də xarici ticarətdə milli valyutaların dollara nisbəti əsas götürülür. Amma zaman-zaman dollardan imtina cəhdləri olub. Bu tendensiya dollardan xilas olmaq üçün aparılan mübarizədən xəbər verir. Bu gün üçün effektivliyi qısa müddətlik xarakter daşısa da, bu ölkələrin sayı artsa, uzunmüddətli perspektivdə dollar üçün təhlükə yarada bilər”.
İqtisadçı əlavə etdi ki, devalvasiya zamanı milli valyutaya inamı formalaşdırmaq üçün bizdə də bu cür çağırışlar var idi: “Milli valyutaya inamın formalaşması baxımından müsbət addım ola bilər. O şəkildə olduğu zaman milli valyutaya tələb artır. Nəzərə alaq ki, Türkiyədə bu məsələdə ümumi həmrəylik nümayiş etdirilir. Bu da milli valyutaya tələbi artırdı və onun məzənnəsinə təsir göstərdi. Amma beynəlxalq xarici ticarətdə manat istifadə olunsa da, avro və dolların məzənnəsi ilə həyata keçiriləcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz