Əlaqə Arxiv
news Image
2017.01.13
09:40
| A A A
Qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının xüsusi çəkisi artır
Bu sahədə istehsal edilən məhsullar Azərbaycana daha çox valyuta qazandıracaq

Nazirlər Kabinetinin yanvarın 10-da keçirilmiş 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev badam, zeytun, nar, xurma bağlarının genişləndirilməsi məsələsinə toxunub. Ölkə iqtisadiyyatının geniş profilli istehsal əsasında inkişafını əsas götürən hökumət kənd təsərrüfatında yüksəliş əldə etmək üçün meyvəçiliyin irəliləməsinə xüsusi önəm verir. 

Bildiyimiz kimi, meyvəçilik Azərbaycan ərazisində lap qədimdən təsərrüfatın prioritet sahəsidir. Çünki, bu sahənin xeyirdən başqa heç bir zərərli tərəfi yoxdur. Həm ticarətin predmet, həm qida sənayesinin xammalı olan və həm də gövdəsindən oduncaq kimi istifadə olunan bu bitkilər ölkənin iqliminə də yaxşı uyğunlaşmaqla daha asan becərilir. Üstəlik, atmosferin ekoloji təmizliyinə xidmət edən bu bitkilərin əvəzolunmazlığı onların qiymətini yüksəldir.   
Hazırda Azərbaycanda 1900 hektara yaxın zeytun bağları var. Mövcud bağların 1725 hektarı barverəndir. Əvvəllər zeytun bitkisi əsasən Abşeronda becərilərdi. İndi isə  Sumqayıt, Siyəzən, Salyan, Göyçay, Beyləqan və Yevlaxda da yeni zeytun bağları salınır. Axır illər Bakının Zirə qəsəbəsində 200 hektara yaxın yeni zeytun bağları salınıb. 
Azərbaycanda hazırda illik 65-70 ton zeytun yağı istehsal olunur. Respublikanın zeytun emalı müəssisələrində zeytun yağı ilə yanaşı zeytun mürəbbəsi, zeytun turşusu, zeytun əzməsi kimi müxtəlif çeşidli məhsullar istehsal edirlər. Hazır məhsullar yerli bazarlarla yanaşı, Rusiya, Türkmənistan, Cənubi Koreya kimi xarici dövlətlərə ixrac olunur.
İqtisadçıların hesablamalarına görə, bir hektar zeytun bağının məhsulu 12 ton yağ istehsal etməyə imkan verir. Bu da öz növbəsində 60 min dollardan artıq gəlir deməkdir. Bu minvalla zeytunçuıuğun inkişaf etdirilməsinin əhəmiyyəti göz qabağındadır. Dünya bazarını zeytunla əsasən Aralıq dənizi ölkələri, xüsusilə Yunanıstan və İtaliya təmin edir. Amma son illər baş verən iqlim dəyişiklikləri həmin ölkələrdəki məhsul istehsalının azalmasına səbəb olub. Belə olan halda bazarlarda yaranmış boşluğu doldurmaq üçün yeni istehsalçılara ehtiyac yaranıb. Demək, sahənin inkişafı üçün gözəl perspektivlər var. ilkin proqnozlara görə, Azərbaycan öz məhsulu ilə ən azı MDB bazarlarında hər hansı rəqabətə girə bilər. 
Dövlət zeytunçuluğun inkişafı üçün sahibkarlara hərtərəfli dövlət dəstəyi verir. Məsələn, sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilir. Təkcə Zirə qəsəbəsində zeytunçuluqla məşğul olan sahibkara 200 hektar ərazidə zeytun bağının salınması üçün 400 min manat güzəştli kredit verilib. 
Göründüyü kimi, təkcə zeytun bağlarının genişləndirilməsi hesabına qeyri-neft sektoru kifayət qədər yüksək qazanc əldə eldə bilər. Eynilə fındıq, nar, xurma və digər məhsulların üzərində də nə qədər itirilmiş qazanc var. Hazırda Azərbaycanda tədarük edilən qabıqlı və təmizlənmiş fındıq məhsuluna Avropa bazarlarında böyük tələbat duyulur. Xüsusilə, İtaliya hər il ölkəmizin təsərrüfatlarından min tonlarla bu məhsuldan alır. Çünki, yeyinti sənayesinin şirniyyat sahəsini bu məhsulsuz təsəvvür etmək belə mümkün deyil. Bu məhsul xalis valyutadır. Belə olan təqdirdə biz nə üçün əsas diqqəti ekoloji və təmiz vəsait sarıdan xeyirli olan bu məhsula yönəltməyək?! Xurma, nar, qoz, şabalıd və digər bi kimi meyvələr də bu qəbildəndir. Sovet dövründə Ağdam konserv zavodunda istehsal edilən təbii nar şirələri Yaponiyaya ixrac olunurdu. Adları çəkilən bitki növləri Avropada, ümumiyyətlə, soyuq şimal ölkələrində bitmir. Bu səbəbdən həmin ölkələrdə bu tip dadlı və xeyirli məhsullara həmişə yüksək tələbat var. Buna görə də kənd təsərrüfa sahəsində çalışan sahibkarların bu istiqamətə ciddi diqqət yetirmələri qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir edər.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz