Əlaqə Arxiv
news Image
2017.01.13
12:10
| A A A
Fikrət Yusifov: Azərbaycanın iqtisadi uğurları davamlı olacaq

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti сənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Ölkə başçısı yola saldığımız ilin yekunlarına qiymət verdi və cari ildə ölkə iqtisadiyyatının qarşısında dayanan əsas strateji hədəfləri müəyyənləşdirdi.
Dünyanın siyasi müstəvisində baş verən təlatümlərə və neftin qiymətlərinin bir neçə dəfə aşağı düşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də uğurlu inkişafını davam etdirdi. Bəli, məhz neftin qiymətinin kəskin azalması səbəbindən investisiya xərclərinin ixtisarı ümumi iqtisadi azalmaya səbəb olsa da, bütövlükdə ölkə iqtisadiyyatının qeyri-neft sənayesi, aqrar sektor, nəqliyyat sektoru və turizm sahəsində kifayət qədər uğurlar qazanıldı. Neftin qiymətlərinin yaratdığı fəsadlara görə ölkə iqtisadiyyatının ümumi durumuna qiymət vermək nə dərəcədə doğrudur?
Bütün dünyanı bürümüş iqtisadi və maliyyə böhranı dönəmində ölkəmizdə neftdən kənar digər sahələrin inkişafı çox mətləblərdən xəbər verir. Azərbaycan iqtisadiyyatının məhz bu dönəmdə post-neft dövrünə qədəm qoyduğu hər kəsə tam aydın oldu. Yaranmış vəziyyətdə ölkə Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin son aylarından başlayaraq bir -birinin ardınca qəbul etdiyi qətiyyətli qərarlar, artıq 2016-cı ildə öz bəhrəsini verməyə başladı. Bu yolun nə qədər düzgün və səmərəli olduğunu dünyanın aparıcı maliyyə institutları və digər müvafiq reytinq agentlikləri dəfələrlə təsdiq etdilər. Azərbaycanın bu durumdan çətinliklə çıxa biləcəyinə ümid bəsləyənlər isə nə qədər yanıldıqlarının fərqində oldular.
Cənab Prezident müşavirədə demişdir:  “Bizim gördüyümüz işlər dünyanın aparıcı, mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu da çox vacibdir. Çünki biri var bunu biz özümüz deyirik, biri də var ki, bunu beynəlxalq qurumlar qeyd edir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 65-ci yerdədir. Bu, yaxşı göstəricidir. Əlbəttə, biz çalışmalıyıq ki, daha yüksək pilləyə çıxaq. Ancaq indiki şəraitdə dediyim bütün o amilləri nəzərə alaraq hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir”.
Bu uğurları gözü götürməyənlər isə heç kimin əhəmiyyət vermədiyi bəzi beynəlxalq qondarma reytinq agentliklərinin yanlış bəyanatlarını əllərində bayraq edirlər. Belələrini müşavirədə cənab Prezident  haqlı olaraq ciddi tənqid etmişdir: “Düzdür, müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz”.
Bəli, bu həqiqətən də belədir. Bir baxın, 2015-ci illə müqayisədə neftin qiymətlərinin kəskin azalması səbəbindən ümumi iqtisadi azalmalar baş verməsinə baxmayaraq, dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun – Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2016-cı böhran ilində dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-dan 37-yə qalxmışdır. Cənab Prezidentin dediyi kimi, bu rekord göstəricidir. Bu göstəriciyə görə biz MDB məkanında yenə də birinciyik.
Yola saldığımız 2016-cı ildə Azərbaycan iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulmuşdur. Ümumilikdə, ölkə iqtisadiyyatına qoyulan sərmayənin həcmi 11,7 milyard dollar təşkil etmişdir. Daxili investisiyaların müəyyən qədər azalması neftin qiymətlərinin 3,4 dəfə aşağı düşməsi səbəbindən bəzi investisiya layihələrinin icrasında yaranmış vəziyyətlə bağlı olmuşdur. Ancaq bu da həqiqətdir ki, Azərbaycan  iqtisadiyyatına bir ildə qoyulan xarici investisiyaların həcmi Gürcüstan və Ermənistan kimi ölkələrin bir illik dövlət büdcəsi səviyyəsindədir. Bu faktın özü Azərbaycan iqtisadiyyatının nə qədər qüdrətli olmasının göstəricisidir. Biz bu gün regionun ən güclü ölkəsinə çevrilmişik. Bütün sahələrdə əldə etdiyimiz uğurlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. 
Başqa neft ölkələrindən fərqli olaraq iqtisadi və maliyyə böhranının bizdən də yan keçmədiyi bir dönəmdə Azərbaycan öz valyuta ehtiyatlarını maksimum qoruyub saxlaya bildi. Digər tərəfdən, bank sektorunda ciddi islahatlara start verildi. Ölkə başçısı bank sektorunun fəaliyyətini tənqid edərək bu sahədə cari ildə çox ciddi islahatların anonsunu verdi. Banklar bu gün öz fəaliyyətlərini ölkədə aparılan iqtisadi islahatlara tam uyğun  şəkildə yenidən qurmalıdır.
İqtisadi böhran Azərbaycan hökumətinin sosial siyasətinin fəlsəfəsinə mənfi təsir edə bilmədi. Hökumətin atdığı bütün addımlarda Azərbaycan vətəndaşının maraqları maksimum qorundu və bu siyasət cari ildə də eyni qaydada davam etdiriləcək. Müşavirədə bu il də əmək haqlarının, təqaüdlərin və birdəfəlik sosial yardımların artırılmasına dair dövlət başçısının tapşırıqları bir daha sübut etdi ki, əhalinin sosial durumu bütün hallarda ölkə Prezidentinin gündəmdə saxladığı əsas məsələdir.  Böhranın yaratdığı çətinliklərə baxmayaraq, yola saldığımız ildə 500 məktəbin tikilməsi və yenidən qurulması ölkəmizdə  təhsil məsələlərinə verilən qiymətin təzahürüdür. Eyni qaydada səhiyyə və digər sosial sahələr də diqqətdən kənarda qalmadı.
Bu il tikinti sektorunun sürətli  inkişafını təmin edəcək addımların proqnozlaşdırılması isə təkcə bu sektorun canlanması demək deyildir. Paralel olaraq tikinti materialları sənayesinin inkişafı vüsət alacaq. Atılacaq bu addımlar minlərlə yeni iş yerlərinin açılmasına və ölkənin tikinti sektorunun ehtiyacı olan məhsulların istehsalının artmasına gətirib çıxaracaqdır.
Müşavirədə cənab Prezident aqrar sektorun inkişafı ilə bağlı məsələlərə ətraflı toxunaraq bu il kənd təsərrüfatı məhsullarının ixracının ötən illə müqayisədə iki dəfə artırılmasının vacibliyini vurğuladı. Aqrar sektorun sürətli inkişafını təmin edəcək bütün zəruri tədbirləri görən dövlətimizin haqlı olaraq bu sahədən gözləntiləri kifayət qədər böyükdür. Biz iki il ərzində strateji məhsulların – pambığın, baramanın, tütünün, fındığın və s. istehsalını kifayət qədər böyük sürətlə artıra bilmişik. Əgər 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdirsə,  2016-cı ildə bu rəqəm 51 min hektara çatmış və cari ildə onun ən azından 120 min hektar olacağı  gözlənilir. Əgər 2015-ci ildə 35 min ton, keçən il isə təxminən 90 min tona yaxın pambıq tədarük edilibsə, cari ildə bu rəqəmin 200 min tona çatdırılacağı gözləniləndir.
İki il ərzində barama istehsalını 200 kiloqramdan 350 dəfə artıraraq 70 tona çatdıra bilmişiksə və tezliklə bu məhsulun istehsalını 1300 tona qaldırmaq istəyiriksə, bu artıq aqrar sektorda gedən inqilabi bir dönüşün göstəricisidir. Dövlət hesabına bir milyon yeddi yüz min tut ağaclarının alınıb barama tədarük edən kənd adamlarına hədiyyə edilməsi isə dövlətin aqrar sektorda çalışan vətəndaşlara birbaşa yardımı deməkdir. Aqrar sektorda eyni uğurla üzümçülüyün, tütünçülüyün, taxılçılığın, heyvandarlığın inkişaf perspektivləri nəzərdə tutulur. Yeni fındıq, xurma, badam, zeytun bağlarının salınması, onların coğrafiyasının genişləndirilməsi isə bizə nəinki daxili bazarın bu məhsullara olan ehtiyacını ödəməyə imkan verəcək, həm də onların ixracından kifayət qədər valyuta gəlirləri əldə edə biləcəyik.
Tranzit yükdaşımaları sahəsində böyük uğurların qazanılacağı da şübhəsizdir. Şimal – Cənub dəhlizi ilə bağlı Azərbaycan artıq öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirib. Azərbaycanın irəli sürdüyü təşəbbüslərlə icra olunacaq layihə Hindistandan, Pakistandan gələn milyonlarla ton yüklərin Azərbaycan üzərindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə daşınması deməkdir.
Ölkədə turizmin sürətli inkişaf perspektivləri böyükdür. Yola saldığımız böhranlı 2016- cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb. Turizmin inkişafı istiqamətində görülən tədbirlər və qəbul edilən qərarlar cari ildə bu sahədə daha ciddi nəticələrin əldə olunacağından xəbər verir.
Bir sözlə, bu gün Azərbaycan özünün iqtisadi-sosial inkişafının yeni perspektivlərinə istiqamət götürüb. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycanın uğurlarına kölgə salmaq mümkün deyil. Çünki bu uğurların daha sanballı nəticələrini görmək üçün çox da gözləmək lazım gəlməyəcək...

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Sizin Reklam Yeriniz