Əlaqə Arxiv
news Image
2017.01.14
08:00
| A A A
Pambıq Azərbaycana böyük həcmdə valyuta axınını təmin edəcək
Vüqar Bayramov: “Pambıq istehsalının artımı daxili bazarda qeyri-neft sektoru, yüngül sənayenin inkişafını stimullaşdıracaq” Natiq Cəfərli: “Pambıqçılığın inkişafı ölkəyə əlavə gəlir gətirməklə yanaşı, makroiqtisadi göstəricilərə, o cümlədən manatın məzənnəsinə də müsbət təsir göstərəcək”

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı pambıqçılığa xüsusi toxunub: «Mən çox şadam ki, biz ilk növbədə Azərbaycanda uzun illər ərzində tənəzzülə uğrayan pambıqçılığı bərpa edə bilmişik. Artıq bərpa prosesi başlayıb. Biz pambıqçılığın şöhrətini qaytarırıq. Keçən il bir qədər gecikməyimizə baxmayaraq, biz yaxşı nəticələr əldə etdik. Əgər 2015-ci illə müqayisə etsək, - 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir, - görərik ki, 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilmişdir. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük olunubsa, keçən il təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Bu il üçün bizim böyük planlarımız var. Bu planlar bu yaxınlarda qəbul ediləcək Dövlət İnvestisiya Proqramında da öz əksini tapacaq. Biz bu il pambıq sahələrini yenə də artırmalıyıq. Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Yəni, bu, real rəqəmdir, bir qədər az, bir qədər çox ola bilər, amma biz işimizi təxminən bu rəqəmlər ətrafında qurmalıyıq. Bütün lazımi tədbirlər görülüb, keçən il texnikalar alınıb, bu il də alınacaq». 

Bu fonda artan pambıq istehsalı iqtisadiyyata, xüsusən də ölkəyə valyuta gəlişinə nə vəd edir?
 İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, pambıq istehsalının artımı ölkəyə əlavə valyuta gətirəcək, eyni zamanda, qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq, yeni iş yerləri yaranacaq: “Pambıqçılıq Azərbaycan üçün strateji sahələrdən biridir. Ənənəvi olaraq ölkəmizdə pambıq istehsal olunub. Ölkəmizdə pambıqçılıq ən yüksək inkişafa 1981-ci ildə nail olub. Həmin il respublikada rekord miqdarda, 831 min ton “ağ qızıl” yığılıb. 
Müstəqilliyin ilk ilində 539 min ton pambıq yığılıb. Amma 2014-cü ildə bu rəqəm 41 min, 2015-ci ildə 35 min tona düşdü. Keçən il isə artım baş verdi, 90 min tona yaxın pambıq istehsal olundu. Bu illər ərzində əkin sahələri də kəskin şəkildə dəyişib. 1991-ci ildə 245 min hektar ərazidə pambıq əkilirdisə, 2015-ci ildə bu rəqəm 22,9 min hektara qədər azaldı. Keçən il isə sözsüz ki, əkin sahələrinin artdığını müşahidə etdik. Pambığı xammal formasında, eləcə də emal edərək satmaq mümkündür. Hazırda dünya bazarında 1 kq pambığın qiyməti 69 sentdir. Müxtəlif illərdə təbii ki, pambığın dünya bazarındakı qiymətləri də fərqli olub, yəni dəyişir. 2011-ci ildə hətta bir kq pambığın qiyməti 2,9 dollara qədər yüksəlmişdi. 2001-ci ildə isə cəmi 37 sent idi. Bu, onu göstərir ki, fərqli qiymətlər mövcuddur. Orta qiymət isə 60-80 sent arası dəyişir. Praktik olaraq, bu, o deməkdir ki, pambığın xammal formasında satılması belə ölkəyə valyuta daxil olmasına imkan verir. Eyni zamanda, pambıq xammal olaraq yüngül sənayenin inkişafını stimullaşdırır. Çünki yüngül sənayenin inkişafı baxımından da pambıqçılığın inkişaf etdirilməsinə ehtiyac vardır. Bu da daxildə istehsal edilən məhsulların həcminin artması deməkdir. Əsas məqsəd mərhələli şəkildə pambıq istehsalını birinci növbədə 200 min tona çatdırmaqdır. Bu eyni zamanda Mingəçevir və Şəkidə yüngül sənaye sahəsinin fəaliyyətinin genişləndirilməsinə imkan yaradacaq. Belə vəziyyət həmçinin yeni iş yerlərinin yaradılmasdı baxımından vacibdir. Deməli, pambıq istehsalının artımı həm daxili bazarda qeyri-neft sektoru, yüngül sənayenin inkişafını stimullaşdıra bilər, həm də birbaşa ixrac olunmaqla ölkəyə əlavə valyuta daxil olunmasını təmin etmiş olacaq”. 
Müstəqil iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, pambıqçılığın inkişafı həm ölkəyə əlavə gəlir gətirəcək, həm də manatın məzənnəsinə müsbət təsir göstərəcək: “Cari il üçün 150-200 min ton arasında pambıq istehsal olunması gözlənilir. Bunun üçün güman ki, əkin sahələrinin artırılması ilə yanaşı, yeni aqrotexniki qaydaların tətbiqi, yeni texnika alınmasına da ehtiyac yaranacaq. Çünki yeni texnoloji prosesin tətbiq edilməməsi məhsulun keyfiyyəti və həcminə mənfi tədir göstərə bilər. Ona görə  yəqin ki, bu istiqamətdə də  müəyyən işlər görüləcək. 
Dünya bazarında bir ton yüksək keyfiyyətli pambıq təxminən 1450 dollar civarındadır. Amma istehsal edilən pambığın cəmi 15 faizə qədəri əla növ pambıqdır. Birinci növ pambıq 1100-1200 dollara başa glir. Yəni növlər aşağı düşdükcə qiymətlər də aşağı enir. Azərbaycanda istehsal olunan pambıq isə orta keyfiyyətli pambıq hesab olunur. Ona görə də cari ildə 150-200 min ton pambıq yığa və onu ortalama 1000-1100 dollara xaricə sata bilsək, belədə ölkəyə kifayət qədər əlavə valyuta gələcək. Valyutanın gəlişi isə ixracatda bir nömrəli məsələdir. Çünki Azərbaycanın makroiqtisadi göstəriciləri, manatın məzənnəsi ölkəyə gələn valyutanın həcmindən asılı olacaq. Ona görə də pambıqçılığın inkişafı, istehsalın artırılıb xaricə daha çox satılması ölkəyə əlavə gəlir gətirməklə yanaşı, makroiqtisadi göstəricilərə, o cümlədən manatın məzənnəsinə də müsbət təsir göstərəcək”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz