Əlaqə Arxiv
news Image
2017.01.17
08:04
| A A A
Əcnəbi pulu ilə Azərbaycana qarşı çıxanlar
Azər Həsrət: “Həmin qrantları verən beynəlxalq və xarici təşkilatların özləri də şəffaflığın olmamasında maraqlıdır” Fərasət Qurbanov: “Neqativ fəaliyyətlə məşğul olan təşkilatların layihələrinin qeydə alınması heç də o demək deyil ki, qeydə alınma prosesi əvvəlki qaydalarda aparılacaq”

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na görə indiyədək müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 15 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına – Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Dəyişikliyə əsasən bu müddət uzadılıb 30 günə çatdırılıb. 

Bundan əvvəl isə bəzi qeyri-hökumət təşkilatlarının (QHT) qanun pozuntularına getdiyi özünü göstərib. Xarici qaynaqlardan maliyyələşən bir sıra QHT-lərin fəaliyyətində ciddi qeyri-şəffaflıq elementləri, hətta konkret qanun pozuntuları olub. Belə QHT-lər xarici donorlardan əldə etdikləri qrant vəsaitlərini təyinatı üzrə istifadə etmək əvəzinə, şəxsi və qaranlıq siyasi məqsədlərin həyata keçirilməsinə yönləndirirdilər. 
Buna səbəb nədir və son dəyişikliklərdən sonra bu problemin aradan qalxmasını gözləmək olarmı? 
Siyasi şərhçi Azər Həsrətin fikrincə, vaxtın uzadılması bütün hallarda xarici donorlardan qrant alınması məsələsində mövcud olan  qeyri-şəffaflığın aradan qaldırılmasına rəvac verməyəcək: “Şəxsi düşüncəmə görə, “Qrant müqavilələrinin qeydə alınması Qaydası”na əsasən, müqavilə bağlanıldığı  gündən qeydə alınmaq üçün qeydiyyat orqanına təqdim edilməsi vaxtının uzadılmasına o qədər də zərurət yox idi. Amma hər halda Azərbaycan dövləti bir növ bəzi adamların yersiz tənqidlərinin qarşısını almaq üçün bu addımı atıb. 
İnternet əsrində yaşayırıq, Azərbaycanda sürətlə dövlət idarəçiliyinin elektronlaşdırılması prosesi gedir. Belə bir halda təbii ki, 15 gün nədir, 15 dəqiqəyə belə qrant müqavilələrinin qeydiyyata alınması üçün imkanlar var. Əslində, dövlət məhz bu istiqamətdə addımları sürətləndirməlidir. Yəni, prosesin internet üzərindən həyata keçirilməsi üçün şəraitin yaradılması daha məqsədəuyğundur, prosesin asanlaşması və daha əlçatanlılığının təşkili üçün. O baxımdan düşünürəm ki, hər halda indiki şəraitdə vaxtın uzadılması təbii olaraq həmin yersiz tənqidlərin qarşısını almağa xidmət edir. Dövlətin atdığı bütün addımları dəstəkləyirik. Amma bu addımların arxasından lazımsız bürokratiya da gəlməməlidir. Yəni, o kəslər ki, bu vaxta qədər qrant müqavilələrini qeydə aldırmır, qrant xərcləmələrində şəffaflığı təmin etmirdilər, həmin adamlar sözügedən qaydaların ortaya çıxması ilə ümumiyyətlə, qrantların Azərbaycan üzərindən xərclənməsini arxa plana keçiriblər. Faktiki olaraq, həmin qrantlar yenə də gəlir, özü də daha böyük məbləğlərdə. Amma Azərbaycan dövlətinin bundan xəbəri olmur. Çünki bürokratik əngəlləri aşmaq və bütövlükdə öz fəaliyyətlərini qeyri-şəffaf təşkil etmək üçün həmin adamlar qrant maliyyəsini ya Gürcüstan üzərindən alır, ya da müxtəlif adamların adlarına kredit kartları vasitəsilə nağdlaşdıraraq xərcləyirlər. Bu da bir daha ondan xəbər verir ki, həmin qrantları verən beynəlxalq və xarici təşkilatların özləri də şəffaflığın olmamasında maraqlıdır. Belə olan halda Azərbaycan dövləti deyə bilər ki, günah bizdən getdi və heç kim ölkəmizi bu məsələdə ittiham etməsin. Ona görə də vaxtın uzadılması addımı atılıb. Düşünürəm ki, Azərbaycan dövləti bununla daha bir güzəştə getdi, daha bir şərait yaratdı ki, qeyri-şəffaf qrant xərcləmələri aradan qalxsın, həmin adamlar da qanun və qaydalar çərçivəsində fəaliyyət göstərsin. Vaxtın uzadılması da bütün hallarda xarici donorlardan qrant alınması məsələsindəki qeyri-şəffaflığın aradan qaldırılmasına rəvac verməyəcək. Qrant verən beynəlxalq təşkilatların azdan-çoxdan xüsusiyyətlərini bilirik. Görmüşük ki, onlar özləri də əksər hallarda qrant vəsaitlərinin qeyri-şəffaf xərclənməsində maraqlı olurlar. Çünki qrantın yönəldiyi məqsədyönlü fəaliyyət bir çox hallarda antiazərbaycan fəaliyyəti olur. Təbiidir ki, Azərbaycan dövləti də belə fəaliyyətlərin  qarşısını alır və alacaq. Ona görə də həmin donor təşkilatlar belə fəaliyyətlərə xərclənməsi nəzərdə tutulan qrantların qeyri-şəffaf xərclənməsində maraqlıdırlar. Onlar həmçinin Azərbaycan tərəfdən bu işə cəlb etdikləri adamların da gizli saxlanılması, yaxud da xərclərinin gizli qalması üçün əllərindən gələni edirlər”. 
QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov isə  bildirdi ki, qrantların qeydə alınması üçün müvafiq orqana təqdim edilmə müddətinin uzadılması 
neqativ halların baş verməsi üçün heç bir risq yaratmır: “Qrant müqavilələrinin qeydə alınması müddətinin uzadılması üçün qərar sırf donorların bir pəncərə sisteminə rahat müraciətinin təmin edilməsi üçün verilib. Burada vəziyyəti yüngülləşdirən digər hal ondan ibarətdir ki, əvvəl qrantların qeydə alınması üçün yalnız xarici donorların özləri müraciət edirdisə, indi onların respentləri üçün də belə bir imkan yaradılır. Yəni hansısa bir xarici fonddan qrant alan respent özü bir pəncərə sisteminə qeydə alınmaq üçün müraciət edə bilər. Əsas məsələ odur ki, məhz bir pəncərədən bütün proses sürətlə həyata keçirilir və QHT-in, eyni zamanda xarici donorların müraciətləri qeydə alınır. 
Neqativ fəaliyyətlə məşğul olan təşkilatların layihələrinin qeydə alınması heç də o demək deyil ki, qeydə alınma prosesi əvvəlki qaydalarda aparılacaq. Burada əlbəttə ki, bir pəncərə sistemi olmaqla yanaşı, müəyyən sənədlər də hazırlanır. Belə sənədlərdə də layihənin missiyası, məqsədi aydın göstərilir, bu da qeydə alınmada böyük rol oynayır. Qrantların qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilə müddətinin uzadılması neqativ halların baş verməsi üçün heç bir risqli vəziyyət yaratmır. Çünki bir pəncərə sistemində müraciət edən şəxslər əvvəl qrantın məqsədəmüvafiqliyi haqqında rəyi Maliyyə Nazirliyindən alırdılarsa, indi isə bir pəncərə sistemində bütün məsələlər həllini tapır. Həm layihə, həm də onu maliyyələşdirən donor haqqında məlumatların verilməsi bir pəncərə vasitəsilə vahid məkanda həll olunur ki, bu da bütövlükdə prosesi sürətləndirir və sadələşdirir. Yəni məsələnin əsas mahiyyəti prosesin sadələşdirilməsinə xidmət etməkdən ibarətdir”.

 

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz