Əlaqə Arxiv
news Image
2017.01.17
09:53
| A A A
Maliyyə sahəsində tam sabitlik yaradılır
Görülən tədbirlərin ilk nəticələri nikbin proqnozlara əsas verir

Ötən il dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da müəyyən maliyyə sıxıntıları fonunda başa çatıb. Belə ki,  dolların uçot dərəcəsinin artırılması, neftin qiymətinin düşməsi dünyanın bir çox ölkələrinin valyutalarına, o cümlədən manatın sabitliyinə müəyyən qədər təsir edib. Amma bu il Azərbaycanda maliyyə sabitliyi təmin olacağı gözlənilir. Çünki, Azərbaycan iqtidarı manatın real şəkildə qorunması, ölkənin iqtisadi inkişafının təmini üçün bir çox ciddi addımlar atıb və bu istiqamətdə işlər geniş miqyasda davam etdirilir.

Dünyanın siyasi gündəminə baş alıb gedən təbəddülatlar iqtisadi fəaliyyətə güclü təsir edir. İri dövlətlər iqtisadi imkanlarından siyasi dividendlər qazanmaq üçün istifadə edir və bu da nəticə etibarilə böhrana gətirib çıxarır. Getdikcə dünya iqtisadi birliyinə daha sürətlə inteqrasiya olunan Azərbaycan da istər-istəməz bu prosesə cəlb olunur və böhranın yaratdığı problemlərdən kənarda qala bilmir. Mütəxəssislərin fikrincə, bu problemlərin başlıca səbəbi neftin qiyməti ilə bağlıdır. Buna görə də məntiqi surətdə qarşıya çıxan problemlərdən qurtulmaq üçün qeyri-neft sektorunun inkişafı təmin edilməlidir. Azərbaycan hökuməıti də məhz bu istiqamətdə fəaliyyəti genişləndirir. 
Ötən il hökumətin gördüyü tədbirlər sayəsində aqrar sahənin inkişafı ilə bağlı yeni mərhələ başlayıb. Sahibkarlara edilən böyük güzəştlər, dövlət tərəfindən regionlarda infrastrukturun yaxşılaşdırılmasına verilən dəstək, sosial evlərin tikintisi ilə bağlı başlayan proses kənd və qəsəbələrdə, rayon mərkəzlərində iqtisadi həyatı canlandırmağa xidmət edir. Adətən, gənc kadrların əsas problemləri mənzillə bağlı olur. Regionlarda ucuz başa gələn sosial evlərin tikintisi gənc mütəxəssislərin ev probleminin həllində stimullaşdırıcı amilə çevrilir. Yaşayış yerinin yaxınlığında sahibkarlıq fəaliyyətinə başlamaq üçün yaradılmış şərait isə qeyri-neft sektoruna aid sahələrin yaradılmasını bir şərt kimi irəli sürür. Axı, kiçik də olsa, mənzilin kreditini ödəmək lazımdır. Bunun üçün iş, iş üçün fəaliyyət sahəsi, bunun üçün də lazımı qanunverici baza və güzəştli kredit mövcuddur. Bu prosesin halqaları zəncirvari olaraq bir-birinə bağlıdır və daxili siyasətdə iqtisadi artımın təmininə yönəlmiş enerji impulsudur. Bundan başqa ölkədə yaradılmış Maliyyə Bazalarına Nəzarət Palatası, dövlət idarələrinin bir qisminə publik hüquqi şəxs statusunun verilməsi, sahibkarların borclarına amnistiya tətbiqi və sairə birlikdə  artıq payıza doğru maliyyə sabitliyinin bərqərar olmasına gətirib çıxarmalıdır.
2017-ci ildə gözlənilən nailiyyətlərdən biri də makroiqtisadi sabitliyin təmin edilməsidir.
Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” ilə müəyyənləşdirilmiş strateji inkişaf prioritetləri  ötən illərin iqtisadi siyasəti fonunda makroiqtisadi proqnozlar, habelə, potensial risklər nəzərə alınmaqla hazırlanıb. Sənəddə qeyd olunur ki, iqtisadi artımın baza şərti olan makroiqtisadi sabitliyin təmin edilməsi 2017- ci ildə Mərkəzi Bankın pul siyasətinin başlıca məqsədini təşkil edəcək. Maliyyə Sabitliyi Şurasının 2017-ci il və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planına, habelə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq AMB üzən məzənnəyə keçidi təmin etmək üçün müvafiq işləri həyata keçirəcək. Artıq bu barədə müvafiq qərar verilib.
Makroiqtisadi sabitliyin təmin olunması istiqamətində fiskal, monetar, struktur, sosial və maliyyə sabitliyi siyasətləri üzrə kompleks tədbirlər həyata keçiriləcək. Bu tədbirlər tədiyə balansını və valyuta bazarını tarazlaşdırmaqla pul siyasətinin effektivliyinin artırılmasına və nəticədə, makroiqtisadi sabitliyin etibarlı qorunmasına yönəlib. Bütün bunların bazasını isə qeyri-neft sektorunun istehsal edilmiş məhsullar təşkil edir. Məsələn, ötən il tarlalardan inişilkindən 3 dəfə çox pambıq məhsulu götürülüb. Bu, həm pambıq tarlalarının genişləndirilməsi, həm də məhsuldarlığın artırılması hesabına baş verib. Bu artım bütün istehsal sahələrində baş verdiyindən, əminliklə demək olar ki, maliyyə sabitliyinin ilk rüşeymləri artıq ortadadır.

N.NOVRUZ  

Sizin Reklam Yeriniz