Əlaqə Arxiv
news Image
2017.01.17
09:15
| A A A
MTK-lardan bina sakinlərinə qarşı daha bir hüquq pozuntusu
Ramil Osmanlı: “Mənzil tikinti kooperativinin pul verərək mənzil alan sakinə qarşı heç bir tələb irəli sürmək hüququ yoxdur” Eyyub Hüseynov: “Binanın idarəçiliyi sakinlərin ixtiyarına verilərsə, problemlər həll edilmiş olar”

Bəzi mənzil tikinti kooperativləri (MTK) evlərə verilən istiliyi və isti suyu bahalaşdırıblar. Bundan narazı olan sakinlər isə mənzillərə kombi çəkdirmək istəsələr də tikinti şirkətləri tərəfindən fərdi qazanxananın olduğu əsas gətirilərək kombi çəkilməsinə icazə verilmir. Mütəxəssislərin sözlərinə görə, bütün bunlar qanunla istehlakçının seçim hüqunun pozulmasıdır. Belə ki, əvvəla binanın idarəçiliyi MTK-nın yox, sakinlərin ixtiyarına keçməlidir. Bu halda kombi sistemini çəkdirməyə ehtiyac qalmayacaq. İkincisi isə binanın idarəçiliyi MTK-nın ixtiyarında qalsa da belə, sakinlərə bu cür qadağa tətbiq edə bilməz.

“Əmlak Ekspert Mərkəzi”nin sədri Ramil Osmanlı hazırda bəzi binalarda sözügen problemin aktuallaşdığını təsdiqlədi: “Lakin vətəndaşlara tövsiyə edirəm ki, bunun üçün kombi sistemi çəkdirməyə ehtiyac yoxdur. Azərbaycan qanunverciliyi vətəndaşların yığıncaq keçirərək mənzil tikinti kooperativinin binanın idarəetməsinə son qoymağa imkan verir. Bu, qanunverciliyin tələblərinə cavab verən addımdır. 
Düzdür, bu gün mənzil tikinti kooperativləri öz istədikləri qiyməti diqtə edirlər. Müxtəlif şantaj, təhdid vasitəsi ilə həmin vəsaiti vətəndaşdan alırlar. Halbuki, bu yolverilməzdir. Mənzil tikinti kooperativi payçıların birgə təşkilatıdır.  Koperativin rəhbəri kimi mənzil alan hər bir vətəndaş orada eyni hüquqlara malikdirlər. Kooperativdə kimsə hansısa fəaliyyəti diqtə edə bilməz. 
Mənzil tikinti kooperativinin pul verərək mənzil alan sakinə qarşı heç bir tələb irəli sürmək hüququ yoxdur. Sayı iki nəfərdən az olmayaraq vətəndaşlar toplaşaraq binanın idarəçiliyini təmin edən qurumu yarada bilərlər. İstilik təchizatı və s. xidmətləri özləri həll edə bilərlər. Sakinlər nəzərə almalıdır ki, binanın həyətindəki istənilən qurğu, istixana vətəndaşın mülkiyyətində olan əmlakdır. Əmlaklar sakinlərin birgə mülkiyyəti hesab olunur”. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu məsələdə sakinləri günahlandırır: “Özünün istixanası olan binalar var. Lakin sakinlər bəzən həmin istixananın əhəmiyyətini dərk edə bilmirlər. Ona görə də ayrı-ayrılıqda kombi sistemi çəkməyə üstünlük verirlər. Sakinlər elə zənn edirlər ki, kombi sistemi daha sərfəlidir. 
Əslində, binanın idarəçiliyi sakinlərin ixtiyarına verilərsə, problemlər həll edilmiş olar. Çünki, sakinlərin mənzil tikinti kooperativinin sərdi ilə narazılığı sonda boykota gətirib çıxarır. Bununla da ortada 1 milyon manat vəsait hesabına tikilmiş əhəmiyyətli qazanxana öz funksiyasını itirə bilər. Odur ki, qanunla mənzil tikinti kooperativinin sədri binanın idarəçiliyi sonda sakinlərin ixtiyarına verməlidir. Lakin təəssüflər olsun ki, ölkədə mənzil tikinti kooperativləri ilə vətəndaşlar arasında çəkişmələr tez-tez baş verir. Sanki, MTK-lar kiçik “JEK” rolunu oynayırlar. Eyni zamanda mənzil tikinti kooperativləri kombi sistemini çəkmək üçün vətəndaşlara qadağa qoya bilməz. Bu, birbaşa istehakçının seçim hüququnun pozulmasıdır”.

Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz