Əlaqə Arxiv
news Image
2017.01.18
07:00
| A A A
Beynəlxalq maliyyə qurumlarından Azərbaycana böyük etimad
Musa Qasımlı: “Bu, dövlətimizə, onun gələcək inkişafına olan inam və etibarın, ölkə rəhbərliyi ilə işləmək istəyinin göstəricisidir” Yaşar Əsədov: “Beynəlxalq maliyyə qurumları, transmilli şirkətlər Azərbaycanın neft-qaz sənayesinə ciddi maraq göstərməkdə davam edirlər”

Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında «Transanadolu» qaz kəməri (TANAP) layihəsi üzrə kredit sazişinin imzalanma mərasimi keçirilib. Layihənin icra olunması üçün Dünya Bankı Azərbaycana 400 milyon dollar ayırıb. 

Millət vəkili, professor Musa Qasımlı bildirdi ki, beynəlxalq maliyyə qurumlarının Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə böyük həcmdə kredit ayırmaqda davam etmələri onların ölkəmizə olan böyük maraq və etimadın nəticəsidir: “Azərbaycanın beynəlxalq maliyyə-kredit və bank təşkilatları ilə əməkdaşlığının, müvafiq qurumlar tərəfindən konkret layihələr üzrə ölkəmizə kreditlərin ayrılmasının dərin mənası var. Bu, dövlətimizə, onun gələcək inkişafına olan inam və etibarın, ölkə rəhbərliyi ilə işləmək istəyinin göstəricisidir. Qaytarmaq imkanı olmayan ölkələrə kreditlər, adətən ayrılmır. Bu sahədə əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisi də sayıla bilər". 
İqtisadçı-ekspert Yaşar Əsədov da vurğuladı ki, Dünya Bankının TANAP-ın icrası üçün 400 milyon dollar ayırması Qərbin hələ də Azərbaycanın enerji sektoruna böyük maraq göstərməkdə davam etdiyinin göstəricisidir: “Burada söhbət ondan gedir ki, beynəlxalq maliyyə qurumları, transmilli şirkətlər Azərbaycanın neft-qaz sənayesinə ciddi maraq göstərməkdə davam edirlər. Onların bu marağının əsasında duran ikinci amil isə Azərbaycanın yerləşdiyi coğrafi mövqeyilə bağlıdır. Azərbaycan öz enerji resurslarını xarici bazarlara çıxarmaq üçün böyük imkanlara malikdir. 
Dünya Bankı Azərbaycanın TANAP-da iştirakını məqbul hesab etdiyindən layihənin həyata keçirilməsinə xeyli miqdarda vəsait ayırmağa da razılıq verib. Burada iqtisadi, siyasi, geosiyasi, geoiqtisadi maraqlar çulğalaşır. Aydin məsələdir ki, bu maraqlar daxilində Azərbaycan öz maraqlarını da realizə etməyi bacarır”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz