Əlaqə Arxiv
news Image
2017.01.18
09:53
| A A A
Azərbaycanın xarici ticarət partnyorlarının sıraları genişlənir
Xarici partnyorları ölkəyə maqnit kimi cəlb edən səbəblər də kifayət qədərdir

Son illərə qədər Azərbaycan iqtisadiyyatının artım sürəti daim beynəlxalq iqtisadi məclislərdə nümunə mövzusu olub. Qısa müddətdə əldə edilmiş belə uğur yerli istehsalın imkanlarını üzə çıxarmaqla dünya iqtisadi birliyinə inteqrasiya nəticəsində mümkün olub. Təkcə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi üzrə bağlanmış və həyata keçirilmiş “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, "bp", MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Eksson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Belə bir möhtəşəm iş birliyinin nəticələrindən ağıllı və düzgün istifadə sonda ölkə iqtisadiyyatının bütün sahələrinin dirçəldilməsinə rəvac verdi. 

Müasir inkişafın qloballaşma və inteqrasiya prosesləri ilə yan-yana getməsi ölkə rəhbərliyi tərəfindən vaxtında qiymətləndirilib və iş təklifində bulunan dövlətlər və xarici şirkətlərlə həssas davranılıb. Yəni, Azərbaycanın qazancı rəhbər tutularaq qarşı tərəfin də maraqları nəzərə alınıb. Dünya birliyinin tam hüquqlu üzvü olmaq üçün gərəkən bütün iqtisadi qanunlar beynəlxalq təcrübəyə əsaslanaraq işlənib hazırlanıb. Proses çətin və məsuliyyətli olsa da  dəqiqliklə yerinə yetirilib və təbii ki, fəaliyyətin genişləndirilməsi üçün hüquqi baza yaranıb. İndi Azərbaycanda iş qurmaq, yaxud yerli şirkətlərlə tərəfdaşlıq etmək asan və gəlirli mənbəyə çevrilib. Çünki, Azərbaycanın xammal və istehsal sahələri genişdir. Azərbaycanlılar pul qazanmağı və partnyorluqda sadiqliyi bacarırlar. 
Bu gün Azərbaycan həm enerji daşıyıcıları, həm kənd təsərrüfatı, həm hərbi sənaye, tranzit nəqliyyat, turizm sənayesi və sairə önəmli iqtisadi sahələr ölkəsidir. Bu səbəbdəndir ki, ölkəyə rəsmi və ya digər məqsədlərlə təşrif buyuran yetkililər ticarət əlaqəsi qurmaq üçün təşəbbüs göstərirlər. Bunun əsas səbəbi iqtisadi inkişaf olsa da, mənəvi dayanıqlılığın da rolu böyükdür. Bu işdə ən əsası odur ki, Azərbaycan dövləti dünyada sözünə əməl edən, humanizmi ilə sevilən, fədakarlığı ilə qiymətləndirilən, işgüzarlığı, praqmatikliyi, etibarlılığı ilə dəyərləndirilən müsbət imic qazanıb. Xarici partnyorları da ölkəyə maqnit kimi çəkib gətirən bu xüsusiyyətlərdir. Hazırda dünya birliyinin hər il keçirdiyi Davos iqtisadi forumunda prezident İlham Əliyev ölkə başçıları, ən iri beynəlxalq şirkətlərin rəhbərləri ilə görüşür, təklif olunan yeni layihələrin həyata keçirilmə mexanizmlərini müzakirə edir. Bu danışıqlar ölkə iqtisadiyyatına yeni investorların cəlb edilməsi, Strateji Yol Xəritəsində təsbit edilmiş qeyri-neft sektoruna aid sahələrin istehsal etdiyi məhsullara alıcıların tapılması, “Azərbaycan brendi”nin dünyada tanıdılması deməkdir. Bir sözlə, inkişaf davam edir, xarici ticarət partnyorlarının sıraları genişlənir, ölkə gələcəyə doğru inamla addımlayır.

N.NOVRUZ    

 

Sizin Reklam Yeriniz