Əlaqə Arxiv
news Image
2017.01.19
09:00
| A A A
Evlər yenə şişirdilmiş qiymətlərlə satılır
Rövşən Talıbzadə: “Mənzillər həddindən artıq yüksək qiymətə təklif olunub” Rəşad Əliyev: “Növbəti dövrdə qiymətlərin müəyyən qədər enməsini müşahidə edəcəyik”

Məlumdur ki, uzun zamandır daşınmaz əmlak bazarında durğunluq yaşanır. Alqı-satqı əqdlərinin sayında ötən illərə nisbətən kəskin azalma müşahidə olunur. Ancaq iddialar səslənir ki, mənzil bazarında hələ də qiymətlər yenə şişirdilib. 

"Əmlak Ekspert Mərkəzi”nin nümayəndəsi Rövşən Talıbzadə bildirir ki, təkrar mənzil bazarında son dövrlərdə qiymətlərin enməsi müşahidə olunur: “Bu, onunla əlaqədardır ki, mənzillər həddindən artıq yüksək qiymətə təklif olunub. Qiymətlərin bugünkü təklifi isə onların real qiymətinə yaxındır. İlkin mənzil bazarı haqqında da bunu demək olar. Ancaq qiymətlər bir qədər də ucuzlaşaraq əsl dəyərinə çatacaq. Artıq bu proses getməkdədir. 
Ümumiyyətlə, qiymətlərin şişirdilməsinə müxtəlif amillər səbəb olur. Elə devalvasiya amili qiymətlərin süni şəkildə artırılmasında rol oynadı.  Ona görə də mənzil bazarında qeyri-anormallıq yarandı. Təklif edən çalışır ki, təklifini dollarda saxlasın. Ancaq bu, düzgün qiymət siyasəti deyil. Təkrar mənzil bazarında qiymətlərin artmasına səbəb yoxdur. Bu cür proseslər tez-tez olur”.
Ekspertə görə, ilkin mənzil bazarında da eyni tendensiyanı müşahidə etmək olar: “Lakin ilkin mənzil bazarı bir qədər fərqlidir. Orada qiymətin artması əsasən mərkəz və mərkəzətrafı zonalarda müşahidə oluna bilər. Çünki, həmin əraziyə tələbat yüksəkdir. O ərazilərdə təklif olunan yeni tikililərin sayı isə məhduddur. Lakin həmin qiymətlər onun real dəyərindən qat-qat artıqdır. O baxımdan süni qiymət artımı haqqında danışmaq olar. Qiymətlərin süni şəkildə artımında alqı-satqı şirkətlərinin verdikləri müsahibələr də böyük rol oynayır. Onlar bazarda canlanma yaratmaq üçün bəzən şişirdilmiş şəkildə danışırlar. Yeni tikililərdə bundan sonra qiymət artımı mümkündür. Bu da idxal edilən tikinti materiallarının qiymətinin artması ilə əlaqədardır”.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev fikrincə isə, hazırda daşınmaz əmlak bazarında qiymətlər  şişirdilməyib: “Ümumiyyətlə, Bakıda mənzil bazarında qiymətlər heç vaxt şişirdilmiş olmayıb. Şişidilmiş qiymət anlayışı subyektiv fikirdir. Əgər bazarda alış və satış varsa, deməli, həmin əməliyyat nəticəsində təşəkkül tapan qiymətlər bazar qiymətidir. Sadəcə, ola bilər ki, daşnmaz əmlakın qiymətində fundamental faktorlar nəzərə alınmasın.  O halda qiymətlər şişirdilmiş  kimi görünə bilər. 
Əvvəlki dövrlərdə xüsusən kommersiya obyektləri üzrə şişirdilmiş qiymətlərə tez-tez rast gəlinirdi. Ancaq ümumi bazar üzrə bunu əvvəlki dövr haqqında da demək olmazdı. Hazırkı qiymətləri şişirdilmiş qiymət adlandırmaq olmaz. Qiymətlər iqtisadiyyatın reallığı səviyyəsindədir. Sadəcə, qiymətlər fundamental faktorları əks etdirmirsə, qiymətlərin şişməsi kimi görünür. Halbuki, bunu bahalaşma kimi qeydə almaq olmaz. Düzdür, növbəti dövrdə qiymətlərin müəyyən qədər enməsini müşahidə edəcəyik. Amma bu qiymətlərin baha olmasına görə deyil”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz