Əlaqə Arxiv
news Image
2017.01.24
07:00
| A A A
Azərbaycana daha çox valyuta daxil olacaq
Yaşar Əsədov: “Sözügedən addım ölkənin valyuta ehtiyatlarının artmasına xidmət edəcək” Natiq Cəfərli: “İxracatda və satışda əldə olunan gəlir tamamilə ölkəyə gətiriləcəksə, müəyyən vergi güzəştləri, yaxud hökumət tərəfindən bonusların ödənilməsi praktikası ilə prosesdə müsbət irəliləyişlərə çatmaq mümkün olar”

“Dövlət Gömrük Komitəsi Azərbaycandan ixrac olunan məhsulların dəyərinin ölkə ərazisinə gətirilməsinə daha ciddi nəzarət edəcək. Çünki xaricdə satılan Azərbaycan malları üzrə valyutanın bir hissəsinin ölkəyə vaxtında daxil olmadığına dair şübhələr yaranıb”.  Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib: “İxracatçı, pulu qabaqcadan ödənilməyən vəziyyətdə bankdan zəmanət məktubu alıb gömrük orqanına təqdim edirdi. Sonradan bu sənədin təqdim edilməsi ləğv edildi. Məqsəd sənədlərin azaldılması, ticarətin sadələşdirilməsi idi. Amma biz hiss edirik ki, bu pulların xaricdən gec gətirilməsinə, xaricdə dövriyyəyə buraxılmasına şərait yaradır. 

Biz yenidən zəmanət məktubu alınıb gömrük orqanlarına təqdim edilməsinin bərpasını istəyirik və bu barədə təklifimizi hazırlayıb hökumətə təqdim etmişik. İndiki valyuta qıtlığı şəraitində satılan məhsulların pulunun ölkəyə gətirilməsi çox vacibdir”. 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi xarici valyutanın sərhəddən keçirilməsinə nəzarət etməyə cavabdehdir. Azərbaycandan ixrac olunan məhsulların dəyərinin ölkə ərazisinə gətirilməsinə nəzarətin artması fonunda gözləmək olarmı ki, Azərbaycana bundan sonra daha çox valyuta daxil olsun?
Müstəqil istisadçı-ekspert Yaşar Əsədovun fikrincə, sözügedən addım ölkənin valyuta ehtiyatlarının artmasına xidmət edəcək: “Sözügedən istiqamətdə çox güman ki, ilk növbədə Azərbaycandan valyutanın çıxarılması mexanizmlərilə bağlı məsələ qəbul olunacaq. Aydın məsələdir ki, Azərbaycanın ticarətində əsas yer tutan neft və qaz məhsullarının xarici bazarlarda qiymətinin ucuzlaşması ilə əlaqədar xarici ticarət dövriyyəsində müsbət saldo azalıb. Belə bir halda valyuta Azərbaycandan çıxarılırsa, əlbəttə ki, haradasa bunun qarşısını mütləq almaq lazımdır. Təbii ki, belə halların qarşısı alınsa, prosesdə nizam-intizam yaradılsa, Azərbaycanın valyuta ehtiyatlarının artmasında həmin addımın müsbət rolu olacaq”.  
Digər iqtisadçı-ekspert Natiq Cəfərli isə düşünür ki, valyutanın vaxtında ölkəyə daxil olması üçün ən yaxşı addım stimullaşdırıcı addımlardır: “Gömrük Komitəsi və hökumətin bəzi strukturları valyutanın ölkəyə gətirilməsini stimullaşdıran və iş adamlarının marağına səbəb olan təkliflərlə çıxış etməklə bu istiqamətdə qarşıya qoyulan məqsədə nail ola bilərlər. Məsələn, ixracatda və satışda əldə olunan gəlir tamamilə ölkəyə gətiriləcəksə, müəyyən vergi güzəştləri, yaxud hökumət tərəfindən bonusların ödənilməsi praktikası ilə prosesdə müsbət irəliləyişlərə çatmaq mümkün olar. Amma heç bir qurum və ya orqan bu istiqamətdə fərdi sahibkarlara öz istehsal etdiyi və xaricdə satdığı məhsuldan gələn gəlirin bütünlüklə ölkəyə gətirilməsilə bağlı təkid edə bilməz. Bu, sahibkarın şəxsi əmlakı və şəxsi vəsaitidirsə, dövlət tərəfindən onun hər hansı bir inzibati yolla ölkəyə gətirilməsinə çalışmaq doğru deyil. Ancaq stimullaşdırıcı addımlar atmaq yolu ilə xaricə mal satılmaqla əldə olunan valyutanın əhəmiyyətli hissəsinin ölkəyə gətirilməsinə nail olmaq mümkündür. Bunun üçün də vergi, gömrük və s. sahələr üzrə güzəştlər tətbiq olunmalıdır”.    
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz