Əlaqə Arxiv
news Image
2012.04.24
15:21
| A A A
Kənd təsərrüfatında mühüm yeniliklər dövrü başlanır
Fermerlərə verilən subsidiyaların artırılması, ancaq bunun əmtəə formasında həyata keçiriləcəyi gözlənilir

Məlumdur ki, Azərbaycan üçün əsas pri oritet istiqamətlərdən biri ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsidir. Bu məqsədlə kənd təsərrüfatı məhsullarının daha böyük həcmdə istehsalı üçün müxtəlif tədbirlər həyata keçirilir ki, onlardan biri də fermerlərə subsidiyalar verilməsidir.

Lakin araşdırmalar göstərir ki, kənd təsərrüfatı sahəsində daha çox məhsul istehsalına nail olmaq həyata keçirilən mövcud subsidiya siyasətinin dəyişdirilməsinə ehtiyac var. Artıq bu istiqamətdə hökumət müvafiq addımlar atmağa hazırlaşır. Elə bu günlərdə kənd təsərrüfatı naziri İsmət Abbasov da bildirib ki, Azərbaycanda fermerlərə verilən subsidiyalarda dəyişiklik ediləcək.

Onun sözlərinə görə, fermerlərə verilən subsidiyaların əsasən nağd pulla yox, müxtəlif gübrələr və dərman preparatlarla verilməsi təklif olunub: "Fermerlərə verilən subsidiyalar düzgün istifadə olunmur. Bizim tələbatımızın cəmi 10%-i üçün gübrə istifadə olunur. Bu da taxıl məhsullarının aşağı düşməsi ilə nəticələnir. Azərbaycanda taxılın orta məsul səviyyəsi hər hektara 25 sentner düşürsə, biz ilkin mərhələdə bunu 35 sentnerə çatdıra bilərik. Əgər verilən subsidiyalar nağd pulla deyil, gübrə məhsulları ilə verilsə, ölkədə taxıl istehsalı arta bilər. 2012-ci ildə Azərbaycanda 2,7 milyon ton taxıl məhsulu proqnozlaşdırılsa da, biz bunu 3,6 milyon tona çatdıra bilərik. Bunun üçün də fermerlərə subsidiyaların verilməsində dəyişikliklər olacaq. Hazırda məsələyə Maliyyə Nazirliyində və Nazirlər Kabinetində baxılır".

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov da bildirib ki, kənd təsərrüfatı istehsalçılarında marağın artırılmasını təmin edən subsidiyaların verilməsi mexanizminə dair müvafiq sənəddə xarici ölkələrin təcrübəsindən istifadə ediləcək. Onun sözlərinə görə, artıq Türkiyənin təcrübəsi öyrənilib.

Ekspertlər də mövcud subsidiya qaydalarını dəyişdirilməsini zəruri sayırlar. Qeyd olunur ki, bəzən fermerlər vəsaitə arxalanıb məhsuldarlığı yaddan çıxarırlar. Araşdırmalar göstərir ki, hazırda respublikada xeyli torpaq sahəsi boş yerə əkin altına salınır. Ekspertlər isə bildirir ki, əgər fermer hektardan 10-15 sentner məhsul götürəcəksə, onda o fermerə subsidiya verməyinə dəyməz. Qeyd olunur ki, bəzi fermerlər pula görə aqrotexniki qaydaları unudurlar, şumu vaxtında aparmırlar, səpini gecikdirirlər. Son nəticədə isə məhsuldarlıq aşağı düşür. Bəzi mütəxəssislər isə istehsal olunan məhsulun miqdarına görə subsidiya verilməsinin tərəfdarı olduğunu bildirirlər.

Belə fikirlər də səslənir ki, taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi üçün fermerlərə verilən subsidiyalar hektara görə 80 manatdan 100 manata qaldırılmalıdır. Bu fermerlərdə taxıl istehsalına stimul yarada bilər. Xatırladaq ki, Azərbaycanda subsidiyalar əkin sahələrinin həcminə görə ayrılır. Ekspertlər isə qeyd edir ki, vəsaitlər yalnız əkin sahələrinin həcminə görə deyil, həm də istehsal olunan məhsulun həcminə görə verilməlidir. Artıq bu metodlar təkcə inkişaf etmiş ölkələrdə deyil, inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilməkdədir.

Hesab olunur ki, kim çox məhsul istehsal edirsə, o da böyük həcmdə subsidiya almalıdır. Qeyd edilir ki, istehsal olunan məhsulun həcmi ilə subsidiyanın məbləği arasında əlaqənin yaranması fermerə daha çox məhsul istehsal etməyə stimul verə bilər.

Xatırladaq ki, Azərbaycanda artıq bir neçə ildir, aqrar sahənin inkişafı üçün subsidiyalar verilir. Rayon və kəndlərdə yaradılan komissiyalar əkin aparan təsərrüfatların hesabatını hazırlayaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər. Bütün kənd təsərrüfatı məhsullarının əkininə görə hektara 40 manat vəsait ödənilir. Taxıl sahələrində isə biçin zamanı da əlavə olaraq 40 manat verilir.

Bununla yanaşı, hesab edilir ki, kənd təsərrüfatı sahəsində inkişafa nail olmaq üçün fermerlərin istehsal etdikləri məhsulu bazara çıxarmalarında yaşadıqları problemlər də aradan qalxmalıdır. Hazırda regionlarda fermerlər istehsal etdikləri məhsulları maya dəyərindən aşağı qiymətə satmağa məcburdurlar. Hansı ki, belə hal onların gəlir əldə etməsinə imkan vermir. Mütəxəssislərin sözlərinə görə, aqrar sektorda müşahidə edilən problemlərin, eləcə də növbəti illərdə məhsul istehsalının azalmasının qarşısını almaq üçün hökumətin prosesə müdaxilə etməsi, konkret addımlar atması vacibdir. Əvvəla fermerlərin bazara birbaşa çıxış imkanları təmin edilməlidir. Təəssüf ki, vasitəçilər vasitəsilə məhsullarını satmaları onların gəlir əldə etməsinə şərait yaratmır. Prosesdən 3-cü tərəf yararlanır. O da qeyd olunur ki, kənd təsərrüfatı məhsullarının qonşu ölkələrə ixracı stimullaşdırılmalı, bu istiqamətdə süni maneələr aradan qaldırılmalıdır. Qonşu ölkələrdə ixrac şirkətləri hökumətdən vergi güzəştləri və ya daha böyük məbləğdə subsidiyalar alırlar. Eyni prinsipin Azərbaycanda da tətbiqinə ehtiyac var. İxracla məşğul olan fermerlərə verilən subsidiyaların həcmi artırılmalıdır.

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz