Əlaqə Arxiv
news Image
2017.02.01
09:15
| A A A
Yemin qiymət artımı əti bahalaşdırır
Natiq Cəfərli: “Yem bahalaşdıqca bu artım özünü məhsulun maya dəyərində də göstərir” Oqtay Haqverdiyev : “Statistikaya baxsaq, qış aylarında həmişə belə olub”

Bölgələrdə heyvan bazarlarında bahalaşma müşahidə olunur. Həm iri, həm də xirdabuynuzlu heyvanların qiyməti xeyli artıb.  Qiymət artımı əsasən son 2-3 ayda baş verib. Qiymətlərin artmasına səbəb kimi isə yem məhsullarının bahalaşması göstərirlər. İqtisadçılar heyvan bazarlarında bahalaşmanın obyektiv olduğunu düşünürlər. Burada mövsümi amil də özünü göstərməkdədir. 

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, əslində, heyvanların qiymətinin artımının obyektiv tərəfləri var: “Çünki qış mövsümündə yemlər bahalaşır. Yem bahalaşdıqca, bu artım özünü məhsulun maya dəyərində də göstərir. 
İkinci mühüm səbəb isə mal-qara saxlayan şəxslərin xərclərinin artması göstərmək olar. Başqa ərzaq məhsulların, geyimin, dərmanın qiymətlərində artım baş verdiyi vəziyyətdə onlar da çalışırlar ki, məhsullarını daha baha qiymətə satıb ehtiyaclarını ödəyə bilsinlər. Bu da obyektiv səbəbdir. İnsanın xərci artdıqca gəlirlərini tənzimləməyə çalışır. O səbəbdən mal-qaranın, ət məhsullarının qiymətinin daha çox artımı gözlənilən deyil. Çünki alıcılıq qabiliyyəti aşağı düşəcəyindən satıcılar məcburən qiymətləri aşağı salacaqlar. Ona görə də sanki bazarda obrazlı desək, çalxalanma prosesi gedir. Satıcılar qiyməti hara qədər artıra biləcəklərini yoxlayırlar. Həm alıcıları itirək istəmirlər, həm də daha çox qazanc əldə etmək istəyirlər. Bu baxımdan qiymətin kifayət qədər yüksələcəyini düşünmək olmaz. Amma yaxın həftələrdə qiymətlərin mümkün qədər qalxacağı mümkündür. Çünki Novruz bayramı yaxınlaşır. Adətən, bayramöncəsi günlərdə qiymətlərin artımı müşahidə edilir”.
Digər iqtisadçı Oqtay Haqverdiyev qiymət artımlarını mövsümlə əlaqələndirir: “Bu cür qiymət artımı hər il qış aylarında baş verir. Lakin yaz aylarına getdikcə qiymətlər enməyə başalayacaq. Çünki, qış aylarında heyvanlara süni yem verilməlidir. Bunların qiyməti isə çox baha olur. Yaz aylarında isə təbii yem var. Ona görə də indi qiymətlərin qalxmasını mövsümi faktla əlaqələndirmək olar. Statistikaya baxsaq, qış aylarında həmişə belə olub”.
Ekspert əlavə etdi ki, qabaqdan bayram çərşənbələri və günləri gəlir: “Həmin ərəfədə qiymətlərin artımı mümkündür”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz