news Image
2017.02.03
06:00
| A A A
Kənd təsərrüfatı məhsullarının idxalında azalma müşahidə olunur

Qlobal böhranla müşayiət olunan 2016-cı ildə respublikamız qeyri-neft sektorunun nəzərəçarpacaq artımı hesabına karbohidrogen resurslarından asılılığın azaldılması, investisiya mühitinin cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə uğurlu nəticələrə imza atıb. 
Ötən il həyata keçirilən tədbirlər xüsusən də regionların sosial-iqtisadi inkişafı sahəsində mühüm nailiyyətlərin əldə olunması ilə səciyyəvidir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət Proqramının icrasının 3-cü ildönümünə həsr olunmuş konfrans son illər respublikamızın kənd təsərrüfatının inkişafında da ciddi uğurların əldə olunduğunu göstərir. 
Qeyri-neft sektorunun inkişafına çalışan Azərbaycan hökuməti bu məqsədlə aqrar sektorun inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etməklə daxili bazarı qorumaq, ekoloji təmiz məhsullarla xarici bazarlara çıxış imkanları əldə etmək,  kənd yerlərinin tarazlı inkişafına nail olmaq bu sahədə yürüdülən siyasətin əsas hədəfləridir. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da bu sahədə islahatların davam etdirilməsi məsələsi dolğun əksini tapmışdır. Sənədə əsasən, qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən sahələr kimi kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetirilməsi; mövcud aqroemal müəssisələrinin müasir texnologiyaların tətbiqi nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələrinin yaradılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi; aqrar sektora kreditlərin verilməsi mexanizmlərinin sadələşdirilməsi; özəl aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi; kənd təsərrüfatının sığortalanması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. 
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət Proqramının icrasının 3-cü ildönümünə həsr olunmuş konfransda səslənən rəqəmlər və statistik məlumatlar aqrar sektorun çoxsahəli və şaxələndirilmiş inkişafında da dönüş ili olduğunu göstərir. İclasda məruzə ilə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədovun sözlərinə görə, 2016-cı ildə kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat təşkil etməklə, əvvəlki illə müqayisədə 2,6 faiz artıma nail olunub. Artım barama istehsalı üzrə 300 dəfə, soya istehsalı üzrə 2,8 dəfə, pambıq istehsalı üzrə 2,5 dəfə, yaşıl çay yarpağı istehsalı üzrə 75 faiz, şəkər çuğunduru istehsalı üzrə 73 faiz, düyü istehsalı üzrə 72 faiz, buğda istehsalı üzrə 9,8 faiz, kartof istehsalı üzrə 7,5 faiz təşkil edib.
Məruzədə həmçinin bildirilib ki, görülən işlər nəticsində kənd təsərrüfatı məhsullarının artım tempi ölkə əhalisinin artım tempini xeyli üstələyib və bu da ayrı-ayrı məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub. Hesabat ilində ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib, kartof və soğan istisna olmaqla, bütün məhsulların ixracı üzrə artım baş verib. İxracdan əldə edilən 426 milyon ABŞ dolları vəsaitdən 108 milyonu pomidor və xiyarın, 105 milyonu qoz-fındığın, 24 milyonu pambığın, 15 milyonu gön-dəri xammalının, 8 milyonu tütünün ixrac payına düşüb. Keçən il ilk dəfə olaraq, 2,6 milyon ABŞ dolları dəyərində arpa ixrac edilib.
Hesabat ilinin uğurlarından biri də kənd təsərrüfatı məhsullarının idxalının azalmasıdır. Konfransda bildirildiyi kimi, il ərzində idxalın həcmi iribuynuzlu heyvanlar üzrə 46 faiz, diri ev quşları üzrə 55 faiz, quş yumurtası üzrə 27 faiz, arpa üzrə 95 faiz, qarğıdalı üzrə 45 faiz, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb. Nazir H.Əsədov həmçinin qeyd edib ki, idxalın həcminin azaldılması üçün böyük imkanlar mövcuddur və hesabat ilində 682 milyon ABŞ dolları təşkil edən bu göstəricinin azaldılması on milyonlarla valyuta vəsaitinin ölkədə qalmasına səbəb ola bilər: "Bu vəsaitdən 295 milyonu buğda, 48 milyonu kərə yağı, 45 milyonu çay, 41 milyonu diri heyvan və heyvan ətləri, 34 milyonu kartof, 32 milyonu düyü, 18 milyonu banan, 17 milyonu sitrus meyvələri, 17 milyon ABŞ dolları isə qarğıdalı idxalına və s. sərf edilib.
İsrail mütəxəssisləri ilə yerli şirkətlər tərəfindən ölkəmizdə aparılmış tədqiqatlar əsasında həmin məhsulların bir çoxunun mənfəətlilik dərəcəsinin yüksək olduğu qənaətinə gəlinib. Belə ki, tədqiqata görə çəltik üzrə gəlirlilik dərəcəsi 400 faizdən, soya üzrə 250 faizdən, qarğıdalı və günəbaxan üzrə 200 faizdən yuxarı olub, sonrakı yerləri isə müvafiq olaraq tütün, kartof, taxıl və pambıq tutub".
2016-cı ildə təxminən 90 min ton pambıq istehsal edilib. 24 pambıqçılıq rayonunun 457 kənd ərazi nümayəndəliyi üzrə təqribən 4300 pambıq istehsalçısı təhvil verdikləri məhsula görə 40 milyon manatdan çox vəsait əldə edib. Əlavə olaraq yaxın günlərdə pambıq tədarükçüləri daha 9 milyon manat həcmində subsidiya alacaqlar.
Konfransda həmçinin bildirilib ki, hesabat ilində 70 ton yaş barama istehsal edilib. Onun yem bazasının bərpası məqsədilə bölgələrdə yeni çəkil bağlarının salınması üçün 1,5 milyon ədəd çəkil tingləri alınaraq 37 rayona əvəzsiz paylanılıb və tinglərin əkini həyata keçirilib. Barama istehsalı məqsədi ilə 5000 qutu ipəkqurdu toxumunun gətirilərək əvəzsiz paylanılması üçün zəruri tədbirlər görülüb. Bundan başqa, ölkədə çayçılığın inkişafına dövlət dəstəyi tədbirlərinin müsbət nəticəsi kimi yaşıl çay yarpağının istehsalı əvvəlki illə müqayisədə 75 faiz artaraq 1020 ton təşkil edib. Sahibkarlar tərəfindən yeni çay plantasiyalarının salınması işi davam etdirilir.
2016-cı ildə əsas ixracyönümlü sahələrdən biri kimi, fındıqçılığın inkişafına ciddi dövlət dəstəyi göstərilib, zəruri miqdarda fındıq pöhrələri tədarük edilib. Əlverişli torpaq-iqlim şəraitinə malik 13 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb və bu da mövcud bağların bir il ərzində 37 faizdən çox genişləndirilməsi deməkdir: "Buğda və çəltik istehsalına görə, ümumilikdə, 80 milyon manat, ilk dəfə olaraq süni mayalanma yolu ilə alınmış buzovlara görə 500 min manat, texnikaların dəyərinin 40 faizinin ödənilməsi üçün 28 milyon manat, damazlıq heyvanların dəyərinin 50 faizinin ödənilməsi üçün isə 8 milyon manat subsidiya verilib, məhsul istehsalçılarının istifadə etdikləri mineral gübrənin dəyərinin 70 faizi və ya 62 milyon manatı tam şəffaflıqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilib".
Nazir bildirib ki, FAO-nun hesablamalarına əsasən, 2050-ci ilədək əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək üçün digər şərtlərlə yanaşı, 120 milyon hektar əlavə torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması zərurəti yaranacaq: "Bu hesabatlarda əkin dövriyyəsinə cəlb olunacaq sahələrin əsas mənbəyi kimi irriqasiya sistemləri qurulmaqla, otlaq sahələrindən istifadə olunması qeyd edilib. Beynəlxalq çağırışlara və tapşırığınıza uyğun olaraq, əkin sahələrinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılaraq, 129 min hektar örüş və otlaq sahələrinin kateqoriyaları dəyişdirilərək əkin dövriyyəsinə daxil edilib, daha 50 min hektar sahənin əkin dövriyyəsinə daxil edilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub və ən yaxın günlərdə bu məsələ də öz müsbət həllini tapacaq".
Nazir bildirib ki, örüş və otlaq sahələri mövcud davarların baş sayına nisbətən normativlə müqayisədə azlıq təşkil etdiyindən bu sahələrin kateqoriyalarının dəyişdirilməsi daimi xarakterli ola bilməz: "Son illər fermerlərin kənd təsərrüfatı texnikaları, gübrə, pestisid və s. ilə təminatında yaddaqalan və hətta mən deyərdim ki, bu problemlərə son qoyan illər olub. Belə ki, son üç ildə 11 min, keçən il isə 4,4 min müxtəlif kənd təsərrüfatı texnikaları, 240 min ton mineral gübrə və pestisid gətirilərək 40 faiz güzəştlə lizinqə və 70 faiz güzəştlə satışa verilib.
Keçən il dünya liderlərinin iştirakı ilə keçirilən BMT-nin Dayanıqlı İnkişafı üzrə Sammitdə milli, regional və beynəlxalq səviyyələrdə yüksək məhsuldarlığa nail olmaq üçün toxumçuluğun inkişaf etdirilməsi əsas hədəflərdən biri kimi müəyyən olunub. Bu qlobal hədəfin reallaşdırılması məqsədilə müxtəlif bitki sortlarının istehsalı və saxlanması üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bazasında virussuz kartof və hibrid tərəvəz toxumlarının istehsalı müəssisəsinin inşasına başlanılıb. Yüksək kondisiyalı bitki toxumlarının standartlara uyğun emalı, qablaşdırılması və satışı məqsədilə 7 müasir tipli toxum emalı fabrikinin qurulmasına isə yaxın zamanlarda başlanacaq.
Konfransa həmçinin qeyd olunub ki, ötən il Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları tərəfindən 40 ton orijinal, 260 ton superelit, 2000 tona yaxın elit toxumlar istehsal edilərək artırılması üçün toxum istehsalçılarına verilib. Bu da sertifikatlı toxum təminatını yüksəltməklə məhsuldarlığın artırılmasına zəmin yaradıb. Bu baxımdan 2017-ci ilin həm də toxumçuluğun inkişafı sahəsində ciddi dönüş ili olacağı proqnozlaşdırılır. 

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.