Əlaqə Arxiv
news Image
2017.02.17
12:55
| A A A
Ərəb ölkələrində Azərbaycan məhsullarına tələb artır
Qalib Əbdüləliyev: ““Aqrar məhsulumuzun ərəb ölkələrinə çıxması o deməkdir ki, Azərbaycanın beynəlxalq tələblərə cavab verən istehsalı var” Rəşad Həsənov: “Sözügedən addım fonunda Azərbaycanın ixrac potensialında aqrar sektorun payı artacaq”

Azərbaycan aqrar məhsulları Rusiya və MDB məkanı ilə yanaşı, artıq ərəb ölkələrəinə də çıxır. Özü də ərəb ölkələrində bu məhsullara tələb durmadan artır. 

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirdi ki, ərəb ölkələrinin bazarlarına kənd təsərrüfatı məhsullarının çıxarılmağa başlanılması Azərbaycanda bu sahənin inkişafına əlavə bir stimul verəcək: “Azərbaycanın MDB məkanından əlavə dünyanın dünyanın digər ölkələrinə də kənd təsərrüfatı məhsullarını çıxarmağa başlaması ilk növbədə o deməkdir ki, ölkəmizin beynəlxalq tələblərə cavab verən istehsal potensialı var. Yəni, təkcə məhsulun yığılması deyil, onun qablaşdırılması ilə bağlı beynəlxalq tələblərə cavab verə bilən məhsullar da yetişdiririk. İkinci bir  tərəfdən istehsalçının mənafeyinin müdafiəsi istiqamətində başlıca şərt onun üçün məhsulunu satmağa imkan verən bazarın olmasıdır. Bu bazar ölkə daxilində də, xaricdə də ola bilər. 
Xaricə çıxış imkanlarının genişlənməsi fonunda istehsalçı daha çox məhsul yetişdirib onun satılmasında maraqlı olacaq. Ölkəmizin aqrar məhsullarının ərəb ölkələri bazarlarına  çıxış əldə etməsi də bu mənada yerli istehsalçıların xeyrinədir. Onlar bu fonda daha çox məhsul istehsal etməkdə maraqlı olacaq və belədə daha çox gəlir götürəcəklər. Bu addım yerli istehsalçılara istər-istəməz istehsalı artırmağa motivasiya verəcək. Azərbaycanın aqrar sahə üzrə geniş potensiala malik ölkədir. Amma əsas problem bəzi hallarda istehsal edilən məhsullara bazarların tapılmaması ilə bağlıdır. Bu mənada ərəb ölkələrinə çıxış əldə etməyimiz yerli keyfiyyətli məhsullar üzrə istehsal prosesinin artmasına gətirib çıxaracaq.  Bazar olduğu təqdirdə irili- xırdalı istehsalçılarımızın hamısı həmin bazarlara məhsul çıxartmaqda maraqlı olacaqlar”.
İqtisadi  və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, sözügedən addım fonunda Azərbaycanın ixrac potensialında aqrar sektorun payı da artacaq: “Azərbaycanda  aqrar sektorun istehsal imkanları hazırda ixracın diversifikasiyasına o qədər də uyğun deyil. Daxili bazarlara diqqət yetirsək, görərik ki, burada satılan məhsulların bir qismi idxal hesabına ödənilir. Bu isə o deməkdir ki, hələlik Azərbaycanda ilk növbədə aqrar sektorda istehsal imkanlarının genişləndirilməsi, əsasən də keyfiyyətli, rəqabətə davamlı məhsul istehsalının formalaşdırılması, istehsal müəssisələrinin məhsuldarlığının artırılması yolu ilə gəlirliyin təmin edilməsi məsələləri həllini tapmalıdır. Ardınca da yeni ixrac istiqamətləri  son nəticədə məhsulun realizə imkanlarının şaxələndirilməsinə, gəlirlərin artmasına şərait yaradacaq. 
Bütövlükdə götürdükdə ərəb bazarına çıxışı həmin istiqamətdə ilk addımların atılması kimi qiymətləndirsək də,  onu da nəzərə alaq ki, bura böyük bir bazardır. Ərəb ölkələrinin təbii şəraiti nəzərə alınarsa, onların kənd təsərrüfatı, xüsusən də Azərbaycanda istehsal olunan daha orqanik məhsullara ehtiyacları kifayət qədər yüksəkdir. Belə vəziyyət Azərbaycana gələcəkdə istehsal etdiyi aqrar məhsulunun ixracatda xüsusi paya malik olmasına şərait yaradar. Belədə düşünürəm ki, daxildə istehsal imkanları genişləndirilməlidir. Bu istiqamətdə ciddi dəstək təmin olunmalıdır. Daha sonra isə ərəb ölkələri istiqamətində ixrac kanalı aqrar sektorda istehsal olunan məhsulların realizə imkanlarını genişləndirəcək”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz