news Image
2017.02.17
10:00
| A A A
Avropa ittifaqın enerji təhlükəsizliyində Azərbaycana xüsusi diqqət ayırır
Natiq Cəfərli: “Avropa İttifaqı həddindən çox maraqlıdır ki, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində TANAP və TAP layihələri tezliklə həyata keçsin”

Xəzər dənizindən hasil olunan qazın Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi strateji təşəbbüsdür. Bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bildirib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyi strategiyasının əsas prioritetlərindən biridir. "Azərbaycan Avropa İttifaqının əsas enerji tərəfdaşlarından biridir. Hazırda Avropa İttifaqı neftə olan tələbatının 5 faizini Azərbaycanın hesabına ödəyir. Lakin "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolu artacaq. Layihənin nəzərdə tutulan vaxtda icra olunması olduqca əhəmiyyətlidir". Beləliklə, gözlənilir ki, Avropanı enerji təhlükəsizlyinin təmin olunmasında Azərbaycanın rolu daha da artsın. 
İqtisadçı-ekspert Natiq Cəfərli də Avropanın enerji təminatında Azərbaycanın rolu və çəkisinin artacağına əmindir: “Avropa İttifaqı həddindən çox maraqlıdır ki, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində TANAP və TAP layihələri tezliklə həyata keçsin. Belədə əlavə olaraq Azərbaycandan təxminən 10 milyard kubmetr həcmində qaz da Avropaya daxil olacaq. Düzdür, bu həcm Avropa istehlakının az bir hissəsidir.
Avropa İttifaqının ümumi qaz istehlakı təxminən 500 milyard kubmetrdir. Bununla belə həmin addımla Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu daha da artacaq. Yeni boru xəttinin Avropaya daxil olması ən azından rəqabətli mühitini artıracaq və qiymətin formalaşmasında inhisarçılığa yol verən əsas amilərin qarşısını almaq yolunda başlıca amilə çevriləcək. Qiymətlər ucuzlaşacaq. Rəqabətli mühit formalaşacaq. Bu anlamda ittifaq ölkələri Azərbaycanın qaz layihəsinin tezliklə reallaşmasında çox maraqlıdırlar. Çünki  Azərbaycanın liderliyilə çəkiləcək bu boru xəttinə gələcəkdə digər ölkələr, o cümlədən İsrail, İraq, İran, şərtlər əl verdiyi təqdirdə Türkmənistanın da qoşulmaq niyyətləri var. Belə vəziyyət isə təxminən 30-32 milyard kubmetr qazın Avropaya nəqlilə sonuclana bilər. Hansı ki, bu hal Avropa ittifaqı üçün önəmli bir rəqəm olacaq.Bu mənada Azərbaycanın enerji sektoru ilə Avropa İttifaqının getdikcə daha sıx əlaqələr qurmağa çalışması və layihələrə dəstək verməsi təbiidir. Çünki hər iki layihənin çəkilməsində Avropa İnkişaf və Rekonstruksiya Bankı mühüm rol oynayacaq. Bu bank əsasən də TAP layihəsinin çəkilişinə böyük həcmdə kredit qoyacağını bildirib. 
Neftlə bağlı vəziyyət isə bir qədər fərqlidir. Çünki Azərbaycanda hasilat getdikcə azalır. Bir müddət sonda Azərbaycan neftinin Avropa ölkələrindəki istehlak həcmi aşağı düşəcək. Lakin bunun əvəzinə Azərbaycandan verilən qaz istehlakı artacaq. Bu vəziyyət isə Azərbaycana imkan verəcək ki, Avropa ittifaqının enerjilə təminatında çəkisini bir qədər artırsın. Yəni, qaz məsələsində ölkəmiz mühüm oyunçulardan birinə çevriləcək».
Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs