Əlaqə Arxiv
news Image
2017.02.18
10:30
| A A A
Sahibkarların maarifləndirilməsi diqqət mərkəzindədir

Son illər ölkəmizdə biznesə dəstək məqsədilə həyata keçirilən çoxsaylı tədbirlər sırasında sahibkarlığa metodiki dəstək tədbirləri, habelə onların məlumatlandırılması xüsusi yer tutur. Xatırlaraq ki, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda sahibkarlığın maarifləndirilməsi və məlumatlandırılması vacib məsələlərdən biri kimi diqqətə çəkilib. Bu baxımdan sahibkaralıq subyektlərinin birləşdirən ictimai qurumların üzərinə də mühüm vəzifələr düşür. 

Hazırda respublikamızda sahibkarlıq subyektlərini birləşdirən ən böyük və təşkilatlanmış ictimai qurum Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasıdır (ASK). Təşkilat 5 mart 1999-cu ildə təsis edilib və 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçib. Rəsmi internet ünvanında göstərildiyi kimi, (www.ask.org.az) ASK işəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Konfederasiya öz Nizamnamə məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir: müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə edir; sahibkarlığa kömək dövlət proqramlarının istiqamətlərinə müvafiq olaraq, bazar infrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək edir; əmək qanunvericiliyinə uyğun olaraq ölkədə əmək münasibətlərinin tənzimlənməsi məqsədilə işəgötürənlərin birliyi kimi Azərbaycan hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə kollektiv danışıqlarda iştirak edir, habelə üçtərəfli Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlayır; üzvləri arasında daimi işgüzar əlaqələrin yaradılmasını təmin edir, onlarla birgə investisiya, innovasiya layihələrinin və başqa təşəbbüskar layihələrin işlənməsinə, eləcə də sağlam sahibkarlıq mühitinin formalaşmasına kömək edir; sahibkarlığın inkişafı ilə bağlı sosial-iqtisadi yönümlü müxtəlif sahə, regional və ölkə miqyaslı proqramlarını hazırlanmasında və həyata keçirilməsində iştirak edir; ölkə sahibkarlarına xaricdə daxildə tərəfmüqabillərin tapılmasında köməklik göstərir, onların informasiya təminatında iştirak edir;•sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənib hazırlanmasını həyata keçirir; sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onlarının əlverişli istiqamətlərdə Azərbaycanda tətbiq edilməsi üçün şərait yaradır; sosial-iqtisadi yönümlü təşkilatların yaradılmasına və inkişafına kömək edir. 
Konfederasiya özündə 6000-dən çox sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü assosiasiya və ittifaqı birləşdirir. Təşkilat Azərbaycanda sosial-iqtisadi siyasətin müəyyənləşdirilməsi və əmək münasibətlərinin tənzimlənməsi üçün 26 may 2008-ci il tarixdə üçtərəfli qaydada Nazirlər Kabineti, Həmkarlar İttifaqları və ASK arasında imzalanmış Baş Kollektiv Sazişdə işəgötürənlərin təmsilçisi kimi s sosial tərəfdaş olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. 
ASK Beynəlxalq İşəgötürənlər Təşkilatının, Ümumdünya QHT Assosiasiyasının, Beynəlxalq Sənayeçilər və Sahibkarlıq Konqresinin üzvüdür. Konfederasiya ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İran, Türkiyə və Misir və İsrailin Azərbaycandakı səfirlikləri, sosial-iqtisadi yönümlü beynəlxalq təşkilatlar, eləcə də respublikamızın xarici ölkələrdəki səfirlikləri ilə sıx əməkdaşlıq edir. Bundan başqa, Konfederasiyanın Azərbaycanın 10 rayonunda bütün respublikanı əhatə edən regional nümayəndəliyi fəaliyyət göstərir. 
Təşkilatın sədri Məmməd Musayevin bildirdiyinə görə, bu gün yaradılan əlverişli şəraitdən bacarıqla istifadə edib işini qurmuş sahibkarların timsalında xarici ölkələrdə ən müxtəlif layihələrin icrasına sərmayə yatırılır: "Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial - əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır. Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir".
M.Musayevin sözlərinə görə, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik məsələləri ASK-nın Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir. Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandaki və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir. O qeyd edib ki, səmərəli idarəolunmanı təşkil etmək məqsədilə konfederasiyanın yanında yaradılmış 10 daimi komissiya sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik regional idarəetməni təmin edir: "Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırıb, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaradıb".
M.Musayev həmçinin bildirib ki, təşkilat Azərbaycanın xaricdəki səfirlikləri, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirilib: "Beynəlxalq əlaqələrimiz zəngin və çoxşaxəlidir. Beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, beynəlxalq və ölkələrarası ikitərəfli biznes forum və sərgilərdə iştirak etmək, Azərbaycan Sahibkarlarını beynəlxalq aləmdə keçirilən tədbirlərdə təmsil etmək, Konfederasiya üzvlərinin beynəlxalq sərgi və forumlarda iştirakına yaxından kömək etmək və sair məsələlər beynəlxalq əlaqələrimizin əsas xəttini təşkil edir".
Təşkilatın təşəbbüsü və təşkilatçılığı ilə mütəmadi olaraq azərbaycanlı iş adamlarının xarici iş adamları ilə görüşləri keçirilir, həmin görüşlərdə nəqliyyat, metal, tikinti-inşaat, memarlıq, mebel istehsalı, podratçılıq, enerji sistemləri, turizm kimi mühüm məsələlər üzrə əməkdaşlığın qurulması və investisiya məsələləri müzakirə edilir. 
M.Musayev hesab edir ki, sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir: "Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkəmizin biznes mühiti barədə beynəlxalq aləmə geniş məlumatların verilməsi, ölkələrarası biznes əlaqələrinin genişləndirilməsi, kiçik və orta sahibkarlığın problemlərinin öyrənilərək müvafiq qurumlara çatdırılması sahəsində ardıcıl fəaliyyət göstərməkdədir. Bu istiqamətdə Azərbaycan Sahibkarlar Konfederasiyasının xarici dövlətlərdə nümayəndələrinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Artıq 20-yə yaxın xarici ölkədə Azərbaycan Sahibkarlar Konfederasiyası nümayəndələri fəaliyyət göstərir". 
Sahibkarların üzləşdikləri problemlərin həlli də təşkilatın diqqət mərkəzindədir: "Çalışırıq ki, sahibkarlarla dövlət orqanları arasında körpü rolunu oynayaq. Sahibkarların qarşılaşdığı cətinliklərdə onlara yaxından kömək etmək Konfederasiyanın əsas məqsədlərindən biridir. Müasir dünyada kiçik və orta sahibkarlar ümumən bizneslə məşğul olan insanların üçdə ikisindən çoxunu əhatə etməklə yanaşı, dünya iqtisadiyyatina töhfə verməkdədir".

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz