Əlaqə Arxiv
news Image
2017.02.23
10:00
| A A A
Naxçıvan Türkiyə bazarlarına daha çox məhsul göndəriləcək
Ruslan Atakişiyev: “Tələbat böyüyürsə, istehsalçılar da istehsalı artırmaqda maraqlı olacaqlar” Oqtay Haqverdiyev: “Türkiyə Naxçıvandan ucuz və keyfiyyətli məhsul alacaq”

“Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların idxalçılarını gömrük rüsumlarının ödənişindən azad etməyə hazırdır”. Bunu  Türkiyənin Ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib. 

Onun sözlərinə görə, Türkiyənin şərq vilayətlərinin tələbatını təmin etmək üçün sərhədyanı ticarət çərçivəsində qonşu ölkələrdən bir sıra ərzaq məhsulları idxal oluna bilər. İqtiadçıların proqnozuna görə, qərar Naxçıvandan Türkiyəyə məhsul ixracını artmasına səbəb olacaq.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, Naxçıvanda istehsal edilən məhsulların Türkiyəyə ixracı zamanı gömrük rüsumlarından azad olunarsa, həmin məhsulların azad edilmiş gömrük rüsumları qədər ucuzlaşması deməkdir: “Bu da həmin məhsullar üzrə Türkiyədə rəqabəti artıracaq. Belə olduğu halda məhsulu daha ucuz qiymətə satmaq imkanları yaranır. Əgər rəqabət artarsa, satılan məhsulun həcmi də artacaq. Tələbat böyüyürsə, istehsalçılar da istehsalı artırmaqda maraqlı olacaqlar.  Ancaq onu da nəzərə alaq ki, Naxçıvanda istehsal edilən məhsullara bu cür üstünlüklər şamil olunarsa, Türkiyə ilə iqtisadi əlaqələri olan Azərbaycanın digər regionundakı istehsalçılar da həmin imtiyazdan istifadə etməkdə maraqlı olacaqlar”. 
Ruslan Atakişiyev əlavə etdi ki, bazar iqtisadiyyatında qərarların uzunmüddətli və qısamüddətli təsirləri adlanan anlayış var: “Əgər Türkiyəyə ixrac artarsa, Naxçıvanda qısa müddət ərzində müəyyən məhsullar üzrə qıtlığın yaranmasını gözləmək olmaz. Eyni zamanda, rüsumların azad edilməsi o demək deyil ki, Türkiyəyə axın artacaq. Məhsula olan tələbatın səviyyəsi də önəmli məsələdir. Yəni, məhsulun qiyməti ilə yanaşı, Azərbaycan məhsuluna maraq da önəmli amildir”.
Digər iqtisadçı-ekspert Oqtay Haqverdiyev hesab edir ki, bu, ölkəmiz üçün yaxşı şərtdir: “Düzdür, Türkiyədə aqrar məhsullar istehsal edilir. Ancaq indiki qərar yəqin ki, sərhədyanı regionlar üçün nəzərdə tutulub. Gömrük rüsumlardan azad edilməsi o deməkdir ki, Türkiyə Naxçıvandan ucuz və keyfiyyətli məhsul alacaq. Çünki Türkiyədə məhsul istehsalında dərmandan çox istifadə edilir. Azərbaycan məhsulları isə ekoloji cəhətdən daha təmizdir. Xüsusi ilə də Naxçıvanda istehsal edilən məhsullar daha təmiz olur”. 
İqtisadçı əlavə etdi ki, Naxçıvanda aqrar məhsul istehsalı var: “Amma sənaye üsuluna keçirilməsi daha yaxşı olar. Nəzərə alaq ki, Naxçıvanın təbiəti də yaxşıdır. O baxımdan Naxçıvadna bol məhsul götürmək olar. İlin bütün fəslində orada aqrar məhsul istehsal etmək mümkündür. Lakin daha müasir tələblərə cavab verən üsullarla istehsal edilməlidir. Eyni zamanda qablaşdırılma məsələsi var”.
Oqtay Haqverdiyev onu da qeyd edək ki, adətən, yerli tələbat ödənildikdən sonra qalan məhsul ixrac edilir: “Ancaq aqrar siyasət düzgün aparılsa, tək Türkiyə yox, digər ölkələrə də məhsul ixrac etmək olar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz