Əlaqə Arxiv
news Image
2017.02.23
10:30
| A A A
Rusiya-Azərbaycan-İran enerji dəhlizi reallığa çevrilir
Natiq Cəfərli: “Bu üç ölkənin əməkdaşlığı gələcəkdə həm bölgə, həm də yaxın ölkələrin enerji təhlükəsizliyi üçün vacib elementlərdən birinə çevrilə bilər” Fuad Rəsulov: “Oxşar praktika Avropa ölkələrində də var”

Mart ayında Rusiya-Azərbaycan-İran enerji dəhlizinin reallaşdırılmasının gedişi müzakirə olunacaq. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə deyib. 

Nazir bildirib ki, bu layihə İranın energetika naziri ilə də müzakirə olunub: “Biz razılığa gəlmişik ki, mütəxəssislərimiz mart ayının ortalarında görüşəcəklər və layihənin həyata keçirilməsini müzakirə edəcəklər”. 
Qeyd edək ki, “Şimal-Cənub” enerji dəhlizi ilə elektrik enerjisi Rusiyadan Azərbaycana və ölkəmizdən isə İrana ixrac ediləcək. İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan, Rusiya və İran bölgədə ən çox enerji resurslarına malik  ölkələrdir: “Dünya enerji bazarına təsir edə biləcək dövlətlərdirlər. Bu üç ölkənin əməkdaşlığı gələcəkdə həm bölgə, həm də yaxın ölkələrin enerji təhlükəsizliyi üçün vacib elementlərdən birinə çevrilə bilər. Çox güman ki, yeni yaradılacaq dəhliz «Cənub Qaz Dəhlizi»nin bir hissəsi kimi gələcəkdə nəzərdə tutula bilər. Çünki İranın böyük qaz ehtiyatları var. Onun dəhlizlərə qoşulması məsələsi müzalkirə olunur. 
Rusiya özünün “Türk axını” layihəsini həyata keçirməkə yanaşı, Azərbaycanın birbaşa iştirakı və ən çox paya malik olduğu, rəhbərlik etdiyi TANAP və TAP layihələrinə də maraq göstərir. İranın da böyük marağı var. Ümumiyyətlə, bu ölkələr arasında qazdan başqa elektrik enerjisi də müzakirə olunub. Çox güman ki, ən azından xətlər hazır olduqdan sonra İranın və Rusiyanın Azərbaycanın nəzarətində olan TANAP və TAP layihəsində iştirakı müzairə oluna bilər. Bu da hər üç ölkə üçün əlavə dividentlər gətirəcək”.
Enerji məsələləri üzrə digər mütəxəssis Fuad Rəsulov isə bildirdi ki, burada söhbət yalnız elektrik şəbəkələrindən gedir: “Hətta Sovet dövründə də həmin ölkələrin elektrik şəbəkələri bir-biri ilə qoşulmuşdular. Çox yaxşı ideyadır. Çünki elektrik enerjisində mövsüm amili var. Yəni,  ölkənin hansısa yerində elektrik enerjisi kəsilə bilir. Həmin vaxt o regionun elektriklə təmin edilməsi məsələsi aktuallaşır. 
Digər problem isə odur ki, elektrik enerji istehsal edilsə də, onu saxlamaq olmur. Yəni, elektrik enerjisini saxlamaq imkanları zəifdir. Ancaq İran, Rusiya və Azərbaycan arasında bu cür dəhliz bir ölkədə istehsal edilmiş artıq elektrik enerjisinin itməməsi üçün digər ölkəyə axması mexanizmdir. Bütün bunlar da sayğac vasitəsi ilə qeydə alınır. Axan suyu misal göstərə bilərik. Belə ki, su harada boşluq varsa, o tərəfə axır. Elektrik enerjisi də bu cür olacaq. Odur ki, effektiv layihədir. Ciddi qazanc olmasa da, ən azı elektrik şəbəkəsində stabillik yaradacaq. Bununla da hansısa ölkədə elektrik enerjisi çatışmazlığı problemi yaranmır. Yəni, ölkələr arasında elektrik enerjisi axını yaşanır. Amma uzun müddət ərzində elektrik enerjisi çıxacaqsa, onun pulunu Azərbaycana ödəyəcəklər. Həmçinin də bizə həmin ölkələrdən uzun müddət elektrik enerjisi gələcəksə, onun pulunu ödəyəcəyik. Bütün bunlar isə danışıqlardan asılıdır. Bir neçə aydan bir kimin kimə nə qədər elektrik enerjisi ötürülməsinə baxılacaq. Əgər balansda ciddi fərq varsa, qarşılıqlı hesablaşmalar həyata keçiriləcək. Oxşar praktika Avropa ölkələrində də var. Ölkələrin elektrik şəbəkələri bir-biri ilə qoşulur”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz