Əlaqə Arxiv
news Image
2017.02.24
08:00
| A A A
“Cənub Qaz Dəhlizi” Avropanın enerji xəritəsini dəyişir
Natiq Cəfərli: “Avropa İttifaqının bu layihəyə marağı qurumun alternativ enerji dəhlizlərində çox maraqlı olduğunu sübut edir ”

Avropa İttifaqının Azərbaycanın həyata keçirdiyi bütün enerji layihələrinə marağı böyük olub. Onlardan biri də “Cənub Qaz Dəhlizi” layihəsidir. Azərbaycanın liderliyi ilə həyata keçirilən bu layihə enerji və milli təhlükəsizlik layihəsi hesab edilir. 

Eyni zamanda, bu layihə   ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Daha bir önəmli məqam odur ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində uğurlu  beynəlxalq əməkdaşlıq formatı yarada bilib.  Eksperlərin fikrincə, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrası Azərbaycanla Avropa İttifaqı arasında gələcək əlaqələr üçün də vacib amil rolunu oynaya biləcək.
İqtisadçı  Natiq Cəfərli bildirdi ki, Aİ-nin bu layihəyə marağı qurumun alternativ enerji dəhlizlərində çox maraqlı olduğunu sübut edir: “Bu alternativ enerji dəhlizlərinin başında məhz “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən TANAP və TAP layihəsi durur. Aİ düşünür ki, gələcəkdə bu layihələrə kifayət qədər effektiv şəkildə qoşula biləcək qaz potensialı olan ölkələr var. Belə ki, gələcəkdə Türkmənistandan tutumuş İsrailə qədər bir çox ölkələrin bu layihədə iştirakı mümkündür. Çox güman ki, yaxın zamanlarda müəyyən ölkələrlə ilkin anlaşmalar da olacaq. Həm İsrail, həm İraq, hətta İran qazının belə bura qoşulması ilə bağlı müəyyən danışıqlar gedir. Bu, anlamda Aİ üçün “Cənub Qaz Dəhlizi” layihəsi çox önəmlidir. Çünki alternativ qaz marşrutu Rusiya şirkətlərinin Avropa bazarlarndakı qiymət diqtəsini zəiflədəcək. Avropanın rus qazından asılılığını azaldacaq. Ona görə də Aİ-nin “Cənub Qaz Dəhlizi” layihəsinə böyük marağının olması anlaşılandır”. 
Qeyd edək ki, «Şahdəniz Mərhələ 2» çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək. Bunun üçün bir sıra mövcud infrastrukturun genişləndirilməsi və yeni boru kəmərləri zəncirinin inşa edilməsi – mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndirilməsi, «Transanadolu Boru Kəməri (TANAP) «Şahdəniz» qazını Türkiyə ərazisi boyunca nəql edilməsi və  «Transadriatik» Boru Kəməri (TAP) qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edilməsi tələb olunur. Bu layihələr birlikdə «Cənub Qaz Dəhlizi» kimi tanınır. Bu, dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Və bu, çox sayda müxtəlif maraqlı tərəfləri – o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən böyük  bir hədəfdir. «Cənub Qaz Dəhlizi» ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək.  İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır; Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. «Cənub Qaz Dəhlizi» boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz