Əlaqə Arxiv
news Image
2017.02.24
09:00
| A A A
Azərbaycan və Türkiyə aqrar sahədə mühüm yeniliyə start verir
Cümşüd Nuriyev: “Türkiyənin vasitəsi ilə Azərbaycan brendinin Avropa və dünya bazarlarına çıxması asanlaşacaq” Oqtay Haqverdiyev: “Müşavirliyin fəaliyyətə başlaması ilə onlar hansısa layihədə iştirak edə, ya da mütəmadi məsələhtələr verə bilərlər”

Türkiyə Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına verdiyi dəstəyini daha da gücləndirmək niyyətindədir. Bu məqsədlə Türkiyə kənd təsərrüfatı üzrə müşavirlik açmaq niyyətindədir. Bunu Türkiyənin Avropa İttifaqı və Xarici Əlaqələr İdarəsinin rəisi Əli Rəcəb Nazlı bildirib. 

Onun sözlərinə görə, Türkiyənin Azərbaycandakı səfirliyində bu ölkənin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı üzrə Müşavirliyinin açılması nəzərdə tutulub. Ə.R.Nazlı əlavə edib ki, müşavirliyin yaxın vaxtlarda açılması planlaşdırılır. Mütəxəssislərin fikrincə, sözügedən müşavirliyin fəaliyyətə başlaması Azərbaycanda aqrar sahənin inkişafına ciddi dəstək vermiş olacaq.
Kənd təsərrüfatı nazirinin sabiq müavini Cümşüd Nuriyevin sözlərinə görə, qərar ölkəmizə böyük üstünlüklər vəd edir: “Əvvəla, Türkiyə aqrar sahə üzrə Azərbaycan ilə müqayisədə daha yaxşı inkişaf edib. Özünün ərzaqla bağlı təhlükəsizliyini tam təmin edən ölkədir. 
İkincisi, nəzərə alaq ki, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı iki qurum – “Azərərzaq” və Qida Təhlükəsizliyi Agenti yaradılıb. Hər ikisinin məqsədi Azərbaycanı ərzaqla təmin etməkdir. Türkiyənin də bu sahədə təcrübəsi böyükdür. Türkiyə imperiya dövründən bu günə qədər aqrar ölkə olub. Azərbaycan isə yeni müstəqillik qazanmış ölkədir. Ona görə Türkiyənin Azərbaycanda müşavirlik açmasının ölkəmiz üçün müsbət tərəfləri var. Əvvəla, bizdə aqrar sahənin konsepsiyası dəyişəcək. Çünki Türkiyə Amerika bazar modelinə yaxın bazar modeli ilə işləyir. Ölkənin daxilində ərzaq bolluğuna şərait yaranacaq. İkincisi, Azərbaycanda müasir inovvasiya tədbirləri tətbiq ediləcək. Üçüncüsü, aqrotexnikanın müasirləşməsi, kənd təsərrüfatı maşınlarının yenilənməsi, yeni avadanlıqların alınması öz əksini tapacaq. Türkiyə vasitəsi ilə Avropa bazarından yeni avadanlıqların gətirilməsi asanlaşacaq.  
Bundan başqa, Azərbaycanda urbanizasiya prosesinin tədricən qarşısı alınacaq. Hazırda əhalinin təxminən yarısı şəhər yerlərində yaşayır. Deurbanizasiya prsosesi getməlidir. Bu sahədə də Türkiyənin əla təcrübəsi var. Deurbanizasiya prosesinin sürətlənməsində köməklik edə biləcək. Bütün hallarda müşavirliyin açılması Azərbaycan üçün müsbət vədlər deməkdir. Həmçinin Türkiyənin vasitəsi ilə Azərbaycan brendinin Avropa və dünya bazarlarına çıxması asanlaşacaq”.
Aqrar məsələlər üzrə digər ekspert Oqtay Haqverdiyev da bu təşəbbüsü yüksək qiymətləndirir: “Müşavirliyin fəaliyyətə başlaması ilə onlar hansısa layihədə iştirak edə,  ya da mütəmadi məsələhtələr verə bilərlər. Bu, Türkiyənin iqtisadi siyasətində Azərbaycanın kənd təsərrüfatının olmasını göstərir. 
Adətən, müşavir göndərilirsə, bu, həmin sahənin prioritet kimi nəzərdə tutulduğunu göstərir. Müşavirliyin konkret hansı işlərlə məşğul olacağını isə gələcək göstərəcək. Düzdür, yaxşı əlamətdir, amma Azərbaycanda hansısa ölkənin müşaviri olub-olmasına baxmayaraq, özümüzün yaxşı mütəxəssislərimiz var. Hansı ki, onlar nə etmək lazım olduğun yaxşı bilirlər. Məsələn, kiçik torpaq sahələri birləşdirilməlidir. Çünki böyük təsərrüfatlar daha səmərəlidir. Müşavir də yəqin ki, bu kimi məsələhətlər verəcək. Elə Türkiyənin özündə də bu cürdür. Onlar da İsraildən öyrəniblər. Yəni, özümüzün kadrlarımızın böyük potensialı var. Onlardan istifadə etmək lazımdır”. 
Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik isə bildirib.Türkiyə və Azərbaycan kənd təsərrüfatı məhsullarını digər ölkələrə birgə ixrac edə bilərlər. Onun sözlərinə görə, Türkiyə həcmindən və uzaq məsafədə yerləşməsindən asılı olmayaraq, ixrac üçün daim yeni bazarlar axtarır: "Türkiyə 192 ölkəyə 1680 adda 17 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edir. Lakin bu rəqəmlər bizim üçün qənaətbəxş deyil. Düşünürəm ki, Azərbaycanla birgə çox şey etmək olar". F.Çelik qeyd edib ki, Türkiyənin Avropa və Yaxın Şərqə, Azərbaycanın isə Rusiya və Orta Asiyaya çıxışı olduğunu nəzərə alsaq, Ankara və Bakı səmərəli qarşılıqlı fəaliyyət göstərə bilər: "Əminəm ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalının inkişafı üçün zəruri addımlar atacaq"
Mübairz BAYRAMOV

Sizin Reklam Yeriniz