Əlaqə Arxiv
news Image
2017.02.24
09:50
| A A A
«Valyuta müharibəsi» yenidən qızışır
Vüqar Bayramov: “Ağ Ev dolların ucuzlaşmasında ona görə maraqlıdır ki, ölkənin ixrac qabiliyyəti artsın” Əkrəm Həsənov: “Bu çağırış «valyuta müharibəsi»ni daha da qızışdıra bilər.”

ABŞ-ın Maliyyə naziri Stiven Manuçin Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqardla telefon danışığı zamanı ona, öz səlahiyyətlərindən istifadə edərək Fonda üzv olan ölkələrin valyuta siyasətlərini yoxlamağa çağırıb. bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Administrasiyası başda Çin olmaqla, Avropa İttifaqı və Yaponiyanı öz valyutalarını bilərəkdən ucuzlaşdırmaqda və bununla da ABŞ bazarında qeyri-ədalətli rəqabət üstünlüyünə cəhd etməkdə ittiham edib. Bəzi mütəxəssislərin fikrincə, ABŞ-ın bu çağırışı “valyuta müharibəsi”ni qızışdıracaq.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, ABŞ dolların ucuzlaşmasında maraqlıdır: “Amma digər tərəfdən hazırda əks proses baş yaşanır. Dünya bazarlarında dolların aparıcı valyutalara, xüsusən də avroya nisbətən müəyyən qədər bahalaşması müşahidə edilir. Düzdür, son dövrlər dolların məzənnəsində kəskin bahalaşma yoxdur. Amma buna rəğmən, dolların məzənnəsində artımlar müşahidə edilməkdədir. Ağ Ev dolların ucuzlaşmasında ona görə maraqlıdır ki, ölkənin ixrac qabiliyyəti artsın. Bu, eyni zamanda ABŞ-ın Avropa və Asiya bazarlarına çıxmaq imkanları verir. Ancaq bütün bunlar dünyada ciddi valyuta qarşıdurması yarada bilməz. 
Ağ Ev dolların ucuzlaşmasında maraqlı olmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi (FES) dolların ucuzlaşmasında maraqlı görünmür. Son açıqlamaları da onu göstərir ki, FES hələlik bahalı dollarda maraqlı deyil. Digər tərəfdən nəzərə alaq ki, dolların ucuzlaşması qısamüddətli proses deyil. Bu, uzunmüddətli dövrü əhatə edəcək prsosesdir. O baxımdan bu gün ABŞ dolların ucuzlaşması və digər valyutalarla müqayisədə məzənnənin aşağı salınmasında maraqlı görünmür. Yəni, hansısa «valyuta müharibəsi»ndən danışmaq tezdir. Sadəcə, Ağ Ev sözügedən ölkələrə, proseslərə təsir etməyə çalışır. Ağ Ev xüsusən Çin və Yaponiyaya qarşı bu cür təsir mexanizmlərindən faydalanmağa çalışır. Amma bunun qısamüddətli dövrdə effektli olacağı gözlənilmir. Strateji olaraq dəyişiklik ola bilər. Ancaq qısa və orta müddətdə dolların kəskin ucuzlaşması və «valyuta müharibə»lərinin başlaması inandırıcı görünmür”. 
Digər iqtisadçı Əkrəm Həsənov isə əksini düşünür. Belə ki, ekspertin fikrincə, bu çağırış «valyuta müharibəsini»  daha da qızışdıra bilər: «Çünki hazırda dünyada iqtisadi maliyyə böhranı yaşanmaqdadır. Hər kəs istehsalın onda olmasını və ixracının artmasını istəyir. ABŞ da bunu istəyir. Ancaq ABŞ-ın özündə bu məsələdə fikir ayrılığı var. 
Donald Tramp və onun komandası bu siyasəti dəstəkləyir.  Federal Ehtiyat Sistemi isə əksini düşünür. FES dolların möhkəmlənməsində maraqlıdır. Buna görə də faiz dərəcəsini artırır. Yaxın aylarda yəqin ki, faiz dərəcəsini yenidən artıracaq. Bundan başqa, bütövlükdə hazırda dünyada böhran yaşanmaqdadır. Böhran getdikcə dərinləşə bilər. Son 45 il ərzində mövcud olan ABŞ dollarına bağlı pul sistemi çökmə ərəfəsindədir. Hansı ki, bu, mütləq baş verəcək. Ona görə də dövlətlər arasında mübarizə gedir. 
Eyni zamanda, qızılın qiymətində kəskin dəyişkənlik baş verir. Bu da ona görədir ki, təmin edilməmiş pul sistemini məhz qızıl sistemi əvəzləyəcək. Necə ki, 1970-ci ilin əvvəlinə qədər belə olub. Kim nə qədər istəyirsə, pul buraxa bilərsə, mütləq onların arasında «valyuta müharibələri» qaçılmazdır. Dünya gərək qızıl sisteminə qayıtsın. Ondan sonra «valyuta müharibələri» bitəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz