Əlaqə Arxiv
news Image
2017.02.24
10:00
| A A A
Makroiqtisadi sabitliyə xidmət edən islahatlar səmərə verir

Qlobal maliyyə böhranı şəraitində makroiqtisadi sabitliyin qorunub saxlanılması və qeyri-neft sektorunun inkişafı məqsədilə həyata keçirilən tədbirlər çoxşaxəli və səmərəli olması ilə diqqəti cəlb edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil və Analitik-İnformasiya Departamenti tərəfindən hazırlanmış hesabat bu baxımdan 2016-cı ilin dərin iqtisadi islahatlar ili olduğunu bir daha təsdiqləyir.  

Mərkəzin ekspertlərinin hazırladıqları hesabatda bildirilir ki, investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin inkişaf etdirilməsi, sənaye istehsalının artırılması və "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planınına uyğun olaraq investisiyaların təşviqi ilə bağlı mexanizmin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı əsasında "investisiya təşviqi sənədi"nin verilməsi qaydaları təsdiqlənib.
Sənəddə qeyd olunur ki, investisiya təşviqi sənədi - sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. "Gömrük tarifi haqqında" qanunda müəyyən edilmiş güzəşt idxal edilən texnika, texnoloji avadanlıq və qurğuların gömrük rüsumundan azad olunmasını nəzərdə tutur. Vergi Məcəlləsində müəyyən edilmiş güzəştlər hüquqi şəxslərin mənfəət vergisinin və (və ya) fiziki şəxslərin gəlir vergisinin 50 faiz güzəştlə ödənilməsi; hüquqi şəxslərin və fərdi sahibkarların torpaq və əmlak vergisindən azad olunması; texnika, texnoloji avadanlıq və qurğuların idxalda ƏDV-dən azad olunması ilə əlaqədardır. Təsdiqedici sənədi almaq üçün sahibkarın "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanunununa uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməsi nəzərdə tutulur.
Bundan başqa, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilməsini nəzərdə tutan 1 mart 2016-cı il tarixli fərman imzalanıb. Fərmanla müəyyən edilib ki, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. 
Ötən il kənd təsərrüfatının inkişafının stimullaşdırılması da diqqət mərkəzində olub. Hesabatda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin 11 aprel, 2016-cı il tarixli sərəncamı ilə Kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyətin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir. 
Ötən il iqtisadi islahatların elmi şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış strateji qurumlardan biri də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi olub. Mərkəzin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlayır, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin edir, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil edir. 
Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə ölkənin biznes və investisiya mühitinin əlverişliliyinin, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırılması, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin edilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması üçün "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə Dövlət Komissiyası" yaradılıb. Komissiyanın yaradılma məqsədi göstərilən hədəflərə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, rəqabət qabiliyyətliyinin və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərin göstərilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsidir. 
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli fərmanı əsasında ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası yaradılıb. Maliyyə və fiskal siyasətlərin uzlaşdırılması üçün daha çevik vahid plaforma yaratmaq məqsədilə şuranın tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh olan qurumların rəhbərləri daxil edilib. 
Hesabata əsasən, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr, 2016 -cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında turizm sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirmək, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasını əlaqələndirmək məqsədilə Azərbaycan Respublikası Turizm Şurası yaradılıb. 
Azərbaycan Respublikasının Prezidentinin 5 oktyabr 2016-cı il tarixli fərmanı əsasında “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”ı təsdiq edilib. 
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 318-VQD nömrəli Qanununun tətbiqi barədə" Sərəncamına əsasən, islahatların səmərəliliyinin, biznes mühitinin həm yerli, həm də xarici sahibkarlar üçün əlverişliliyinin təmin edilməsi məqsədilə vergi sistemində dövrün tələbinə uyğun bir sıra zəruri dəyişikliklər həyata keçirilib. Dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal vergi dərəcələrinin tətbiqi, tranzit yük daşınma sahəsində bəzi yeniliklər baxımından da faydalıdır. Dəyişiklik həm avtomobil, həm də gəmi ilə tranzit yükdaşımalarının, həcminin, sahibkarlar üçün gəlirlərin artması üçün münbit şərait yaradır.
Hesabatda Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2016-cı il il tarixli sərəncamı ilə Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması da təqdir olunur. Göstərilir ki, fdıçəkilən parkda həyata keçirilən tədqiqatların nəticələrinin istehsal və xidmət sahələrində tətbiqi üçün lazım olan infrastruktur və maddi-texniki bazanın yaradılması planlaşdırılır. Yaradılan yüksək texnologiyalar parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılmasına töhfə verəcək: "Bu sahədə səlahiyyətli orqan olan AMEA parkın ərazisində sahibkarlıq fəaliyyətinin səmərəliliyini təmin etmək üçün digər xidmətlərin göstərilməsini də təmin edəcək. Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal vergi dərəcələrinin tətbiqi, tranzit yük daşınma sahəsində bəzi yeniliklər baxımından da faydalı olacaq. Dəyişiklik həm avtomobil, həm də gəmi ilə tranzit yükdaşımalarının həcminin, eyni zamanda sahibkarlar üçün gəlirlərin atması deməkdir". 

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz