Əlaqə Arxiv
news Image
2017.02.25
09:00
| A A A
Azərbaycan Avropada mövqelərini möhkəmləndirir
Fikrət Yusifov: “Azərbaycanın Avropanın enerji təchizatındakı rolunun artması Avropa siyasi meydanında ölkəmizin daha ciddi dividendlərə yiyələnməsi deməkdir”

Məlumdur ki, Avropa İttifaqı Azərbaycanın həyata keçirdiyi bütün enerji layihələrinə marağı böyük olub. Hansı ki, onlardan biri də “Cənub Qaz Dəhlizi” layihəsidir. Azərbaycanın liderliyi ilə həyata keçirilən bu layihə enerji və milli təhlükəsizlik layihəsi hesab edilir.

Eyni zamanda, Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində uğurlu beynəlxalq əməkdaşlıq formatı yarada bilib.  Eksperlərin fikrincə, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrası Azərbaycanla Avropa İttifaqı arasında gələcək əlaqələr üçün də vacib amil rolunu oynaya biləcək.
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanın reallaşdırdığı ən sanballı transmilli layihələrdən biridir: “Bu dəhliz vasitəsilə «Şahdəniz Mərhələ 2» çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək. Layihənin reallaşdırılması Azərbaycana tək iqtisadi dividendlər deyil, həm də çox ciddi siyasi dividendlər verəcək. 
Bu gün Avropa öz enerji təchizatı mənbələrini şaxələndirmək yolunda mümkün ola bilən hər addımı atmağa hazırdır. Son bir neçə ildə dünya siyasət meydanında baş verən olaylar Avropaya Rusiya qazından asılılığın nə demək olduğunu göstərdi. O səbəbdən də hazırda Avropa bu asılılıqdan qurtarmaq üçün kardinal addımlar atmaq məcburiyyətindədir. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması və bununla da Azərbaycanın Avropanın enerji təchizatındakı rolunun artması Avropa siyasi meydanında ölkəmizin daha ciddi dividendlərə yiyələnməsi deməkdir. Qarabağ kimi bir problemi olan Azərbaycana siyasi dividendlər hava, su kimi lazımdır. 
Digər tərəfdən qaz ixracı hesabına ölkəmizə axacaq valyuta iqtisadiyyatımızın real sektorunu daha böyük sürətlə inkişaf etdirməyə imkan verəcək. Güclü iqtisadiyyatı olan ölkə ilə hər kəs hesablaşmağa borcludur. Azərbaycanın iqtisadi qüdrəti artdıqca ölkə əhalisinin sosial durumu Avropa standartlarına yaxınlaşacaq. Bu səbəbdən də “Cənub Qaz Dəhlizi” vasitəsilə satılacaq qazın Azərbaycana gətirəcəyi valyuta gəlirlərinin əhəmiyyəti böyük olacaq. Prezident İlham Əliyevin yürütdüyü praqmatik, uzaqgörən və tam müstəqil siyasət sayəsində Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasında həlledici rol oynayan Azərbaycan həm də bu layihə ilə Avropaya inteqrasiya kursunu nümayiş etdirir. Avropalı tərəfdaşların isə bütün bunları dəyərləndirməsi olduqca vacibdir”. 
Professor əlavə etdi ki, bu istəyin yüksək səviyyədə reallaşmasında Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevriləcək “Cənub Qaz Dəhlizi” layihəsinin rolu böyük olacaq: “Layihənin nəzərdə tutulan səviyyədə reallaşması Azərbaycanın siyasi çəkisini kifayət qədər artıracaq ki, bu da beynəlxalq aləmdə həllinə bir çox hallarda ikili standartlar prizmasından yanaşılan Qarabağ probleminin çözülməsi üçün çox önəmlidir. Bir sözlə, Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə reallaşadıracaq bu möhtəşəm layihə sayəsində iqtisadiyyatın daha da gücləndirilməsinə, əhalinin sosial durumunun müasir tələblər səviyyəsinə yüksəldilməsinə, ölkənin müdafiə qüdrətinin daha da artırılmasına nail olmaqla yanaşı, Qarabağ kimi taleyüklü bir problemin həllini hədəf seçib. Bu gün dövlətimizin başçısı həmin hədəfə doğru inamla irəliləyir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz