Əlaqə Arxiv
news Image
2017.02.25
09:50
| A A A
Sosial məsələlərin həlli məqsədilə köklü islahatlar aparılacaq

Müstəqil Azərbaycanın uğurlu inkişaf göstəricilərindən ən mühümü vətəndaşların sosial rifah halının yüksəldiməsi istiqamətində həyata keçirilən sistemli və ardıcıl tədbirlərdir. İctimai-iqtisadi formasiya dəyişkənliyini başa vurmuş bütün postsosialist dövlətlərində olduğu kimi, Azərbaycanda da vətəndaşların köklü iqtisadi islahatlara mənəvi-psixoloji baxımdan adaptasiyası hələ də özünü problem kimi göstərir. Bu prizmadan keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda vətəndaşların sosial problemlərinin xüsusi diqqət mərkəzində saxlanılması son dərəcə vacibdir. 

Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin vətəndaşlarını həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində biruzə verir. Başqa sözlə, Azərbaycanda uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri insanların həyati tələbatlarının ən azı minimum səviyyədə ödənilməsinə xidmət edir. Bu da təsadüfi deyildir ki, sosial¬yönümlülük Azərbaycanın milli iqtisadi inkişaf modelini səciyyələndirən başlıca xüsusiyyətlərdən sayılır. 
Cəmiyyətdə sosial ədalət meyarının bərqərar olmasına xidmət edən bu inkişaf modelinin gələcək prioritetləri ölkə başçısının 6 dekabr 2016-cı il tarixdə təsdiqlədiyi Strateji Yol Xəritəsində də dolğun əksini tapmışdır. Sənəddə 2025-ci ilədək iqtisadi inkişaf, sosial rifah və işsizliyin ləğvi ilə bağlı nəzərdə tutulan tədbirlər və proqnozlaşdırılan nəticələr xüsusilə maraq doğurur. Qeyd olunur ki, qarşıdakı 8 ildə makroiqtisadi sabitlik, xüsusilə fiskal dayanıqlılıq, əlverişli biznes mühiti, inkişaf etmiş infrastruktur, xarici bazarlara sərbəst çıxış və xarici investisiyaların cəlb edilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı xarici şoklara daha davamlı olacaq və ölkədə əmək məhsuldarlığı Şərqi Avropa ölkələrinin müvafiq göstəricisinə çatdırılacaqdır. Azərbaycan iqtisadiyyatı, Dünya İqtisadi Forumunda bildirildiyi kimi, səmərəlilik əsaslı modeldən innovasiyaəsaslı modelə keçəcəkdir. Əhalinin adambaşına düşən real gəlirləri ildə təxminən 5 faiz artacaq və Azərbaycan Dünya Bankının təsnifatına əsasən, "yüksəkgəlirli ölkə" statusu qazanacaqdır. Bu inkişaf prosesləri nəticəsində 2025-ci ildən sonrakı dövrdə adambaşına düşən gəlir səviyyəsinə görə Azərbaycan Şərqi Avropa ölkələrinin səviyyələrinə yaxınlaşacaqdır.   
Sənəddə həmçinin vurğulanır ki, innovasiya əsaslı modelin inkişaf etdirilməsi üçün fiziki, insan, institusional və sosial kapital təmin olunacaq: "2025-ci ildən sonra Azərbaycanın şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatında ümumi əlavə dəyərin dörddə üçündən çoxu qeyri-neft sektorlarında yaranacaqdır. Növbəti illərdə rəqabətədavamlı əmək xərcləri Azərbaycan iqtisadiyyatı üçün qısamüddətli katalizator rolunu oynayacaqdır. Lakin faktiki rəqabət üstünlüyü qabaqcıl texnologiyalar və digər innovasiya formalarından istifadə ilə yanaşı, keyfiyyətli təhsil və peşə təliminin nəticəsi kimi yüksək məhsuldarlıq hesabına yaranacaqdır. Başqa sözlə, 2025-ci ilədək olan dövr biliktutumlu iqtisadiyyata keçid dövrü olacaqdır".   
2025-ci ildən sonrakı dövrdə innovasiya əsaslı inkişaf modelinə keçid əvvəlki illərdə rəqabət üstünlüyü olan və inkişaf etmiş qeyri-neft sektorlarında ixtisaslaşmanın daha da dərinləşdirilməsi hesabına daha çox dəyərin ölkədə qalmasını təmin edəcək. Texnologiya transferi və biliyin kommersiyalaşdırılmasının genişləndirilməsi investisiya qoyuluşunun səmərəliliyini artıracaq. İqtisadiyyatın həm regional, həm də sahələrarası strukturunun optimallığı artacaq ki, bu da tarazlı və dayanıqlı inkişafı təmin edəcəkdir. Xüsusilə, Azərbaycanda regional inkişaf mərkəzlərinin formalaşması bölgələrdə iqtisadiyyatın rəqabətqabiliyyətli sahələrində ixtisaslaşmanın dərinləşdirilməsi hesabına ümumi iqtisadi inkişafı təmin edəcək,  Bakı beynəlxalq əhəmiyyətə malik sənaye və xidmət mərkəzinə çevriləcək. 
Strateji Yol Xəritəsinə görə, "2025-ci ildən sonrakı dövrdə karbohidrogen və qeyri-karbohidrogen gəlirləri arasındakı tarazlığa nail olunacaq və hər il ARDNF-dən iqtisadiyyata inyeksiyalar "qızıl qayda" əsasında təmin ediləcəkdir: "Belə yanaşma neft-qaz qiymətlərindəki dəyişikliklərin təsirini yumşaldaraq sərbəst üzən yerli valyutaya inamı artıracaq və iqtisadi inkişafın dayanıqlılığını təmin edəcəkdir. Makroiqtisadi sabitlik həm yerli, həm də xarici özəl sektor nümayəndələrinin investisiya qoyuluşlarının stimullaşdırılması üçün zəmin olacaqdır. Beynəlxalq maliyyə bazarları ilə inteqrasiya və maliyyə texnologiyalarının tətbiqi əsasında rəqabətqabiliyyətli maliyyə sistemi dayanıqlı iqtisadi inkişafı dəstəkləyəcək və əhalinin rifahını yaxşılaşdıracaqdır". 
Qeyri-neft sektoruna əlavə investisiya qoyuluşları 2025-ci ilədək və ondan sonrakı dövrdə daha rəqabətli iqtisadiyyatın vacib hərəkətverici qüvvəsi olacaqdır. Bu səbəbdən gələcəkdə sənaye və xidmət sektorlarına birbaşa xarici investisiyalar daha geniş miqyasda cəlb ediləcəkdir. Texnologiya, bacarıqlar və qlobal dəyər zəncirlərinə çıxış təklif edən iri xarici şirkətlərin qeyri-neft sektoruna investisiya yatırımı Azərbaycanın qlobal iqtisadi xəritədə yerini möhkəmləndirəcəkdir. Azərbaycana xarici investorlar strateji olaraq üç aspekt üzrə cəlb ediləcəkdir: son dərəcə cəlbedici investisiya imkanlarının yaradılması (məsələn, müasir infrastruktura malik sənaye parkları); aparıcı beynəlxalq şirkətlərə məqsədyönlü çıxış; mövcud və gələcək investorlar üçün birinci sinif xidmətlər.  
Strateji Yol Xəritəsi 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur. Bu iş yerlərinin yaradılması 3 amilin təsiri nəticəsində mümkün olacaqdır: I) Strateji Yol Xəritəsi çərçivəsində görülən tədbirlər; II) digər əlavə tədbirlər və III) ümumi iqtisadi mühitin yaxşılaşması nəticəsində iqtisadi artım sürətinin yüksəlməsi. İqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində qeyri-rəsmi məşğulluğun payı azalacaqdır. 
Sənədə əsasən, qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının hazırkı 2,6 faizlik göstəricidən 2025-ci ilə qədər 4 faizə çatdırılması nəzərdə tutulur. Xarici investorların töhfəsi yalnız sərmayə qoyuluşundan ibarət deyil, onlar, eyni zamanda, yeni sektorlara və dəyər zəncirlərinə daxil olmaq üçün zəruri olan yeni bacarıqlar, texnologiyalar və şəbəkələşmə imkanları gətirirlər. İqtisadiyyatın şaxələndirilməsi qeyri-neft sektoruna daha çox investisiya cəlb edilməsini tələb edir. 
Qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması da əsas hədəflərdən biridir. 2015-ci ildə Azərbaycan iqtisadiyyatının idxal tələbi adambaşına 1000 ABŞ dollarına bərabər olmuşdur. İdxalı tarazlaşdırmaq üçün Azərbaycandan adambaşına 1.500 ABŞ dolları həcmində məhsul ixrac olunmuş və bunun da 90 faizini neft və qaz məhsulları təşkil etmişdir.  Mal və xidmətlərin idxalının ixrac ilə balanslaşdırılması iqtisadi müstəqillik və sabitlik üçün son dərəcə vacibdir. 
Sənədə əsasən, ticari mal və xidmətlər sektorunda, məsələn istehsal və ya turizm sektorlarında 2025-ci ilə qədər 150 min əlavə iş yerinin yaradılması əsas hədəflərdəndir. Bundan əlavə, ixracın şaxələndirilməsi üçün ticari mal və xidmətlər sektorunda, yəni beynəlxalq səviyyədə satıla bilən məhsulların (məsələn, sənaye və ya qida məhsulları) və ya xidmətlərin (məsələn, turizm və ya nəqliyyat) istehsalı ilə məşğul olan sektorlarda iş yerlərinin yaradılması zəruridir. Ticari mal və xidmətlər sektorunun iştirakçıları beynəlxalq rəqabətlə üzləşirlər və bu da adətən, məhsuldarlıqda sürətli artıma gətirib çıxarır. 
Sənəddə həmçinin qeyd olunur ki, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcəkdir. Ötən on il ərzində keçilmiş yolu davam edərək, dövlət iqtisadi inkişafın ən yoxsul insanları əhatə etməsini və beləliklə də ünvanlı olaraq yoxsulluğun aradan qaldırılmasını təmin edəcəkdir. 2025-ci ildən sonrakı dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaqdır: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək. Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcəkdir. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə yaxınlaşacaqdır. 

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz