Əlaqə Arxiv
news Image
2017.02.28
09:00
| A A A
Xaricdə Azərbaycan məhsularına tələb artır
Yaşar Əsədov: “İxrac sifarişlərinin artması prosesinin getməsi vacibdir” Əli Əlirzayev: “Xarici bazarların genişlənməsilə ölkəyə əlavə gəlirlərin gəlməsinə nail olacağıq”

“Hər həftə "azexport.az" portalı vasitəsi ilə 10 milyon  ABŞ dolları civarında ixrac sifarişləri alırıq”. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. İcraçı direktor bunu Azərbaycan məhsullarına xarici bazarlada tələbatın olması ilə əlaqələndirib. "Azexport.az" portalı yeni fəaliyyətə başlayıb. Amma onun üzərindən sifarişlər qeyri-neft sektoru üzrə artır. 

Müstəqil iqtisadçı ekspert Yaşar Əsədov bildirdi ki, prosesin belə şəkildə  getməsi mühüm addımdır: “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sözügedən açıqlamasında oncə ona diqqət yetirmək lazımdır ki, həftədə 10 milyon dollar həcmində ixrac sifarişləri alınır. Ümumilikdə götürdükdə, ixrac sifarişlərinin və onun realizə olunması tendensiyasının artması prosesinin özünün getməsi vacibdir. Mal istehsalçıları hər halda məhsullarını xarici bazarlara çıxarmağa cəhd edir. Əsas məsələ odur ki, proses gedir. Təbii, arzulayırıq ki, xarici bazarlarda Azərbaycan məhsullarına tələbat yüksək olsun. Bunun baş verməsi sahibkarlara və ölkəyə əlavə gəlir gətirəcək”. 
İqtisadçı alim Əli Əlirzayev qeyd etdi ki, xarici bazarlara çıxış imkanlarımızın artması ölkəyə daha çox gəlir gəlməsi baxımından mühüm əhəmiyyətlidir: “Azərbaycan məhsullarına sözün həqiqi mənasında xarici bazarlarda tələbat artır. Bu, heç də o demək deyil ki, hər şey yaxşıdır. Amma ixrac potensialımızın artırılması vacibdir və bu da məqsədlidir. İxrac potensialının artırılması iqtisadiyyatın daha da inkişaf etdirilməsi və genişləndirilməsini tələb edir. Ona görə də xaricə çıxaracaq məhsullarımızı keyfiyyət və kəmiyyət baxımından artırmalıyıq. Bunun üçün də ilk növbədə təşkilatı məsələlər həllini tapmalıdır. Aydınlaşdırmalıyıq ki, Azərbaycan məhsullarına harada daha çox ehtiyac vardır. Bu zaman faydalılıq prinsipini də unutmamalıyıq. Yəni, dünya bazarlarını təhlil edib proqnozunu vermək yolu ilə sahibkarlara öz məhsulalrını başqa ölkələrə çıxartmağa yardım göstərmək olar. 
Xarici bazarların genişləndirilməsilə ölkəyə əlavə gəlirlərin də gəlməsinə nail olacağıq. Bu, ölkənin qarşıya qoyduğu strategiyasıdır. Dövlət də prosesin getməsi üçün sahibkarlara hərtərəfli yardımlar göstərməlidir. Yəni, bunun üçün vacib olan şərait də olmalıdır”.    
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz