news Image
2017.03.01
17:36
| A A A
"Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib (FOTO)

Bu gün Azərbaycan-Gürcüstan sərhədində, Sınıq Körpü sərhəd-keçid məntəqəsində "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  Movqe.az-a verilən məlumata görə, "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunur.

İclasın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev çıxış edərək Azərbaycan hökumətinin Avropa İttifaqı vəBMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığından bəhs edib.

Bu əməkdaşlığın daim diqqətdə saxlanıldığını söyləyən Komitə sədri tərəflər arasında əlaqələrin siyasi, iqtisadi, sosial, maliyyə, elmi-texniki və mədəni sahələri əhatə etdiyini vurğulayıb, bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, bu əməkdaşlıq gömrük işi sahəsində də yer alıb və ötən dövr ərzində bir neçə mühüm layihənin həyata keçirilməsi respublikada müasir dünya standartlarına cavab verən müstəqil gömrük sisteminin qurulmasına öz töhfəsini verib.

Hazırda isə "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin həyata keçirildiyini söyləyən Aydın Əliyev qeyd edib ki, bu layihə daşımaların təhlükəsizliyinin təmin edilməsi, mal və nəqliyyat vasitələrinin axınının tənzimlənməsi sahəsində Azərbaycan Gömrük Xidmətinin perspektiv planlarının göstəricisidir.

Layihə çərçivəsində Avropa İttifaqı tərəfindən ayrılan maliyyə vəsaiti gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən əməliyyatlar və prosedurların daha da sürətləndirilməsinə yardım edəcək, fitosanitar, sanitar və gömrük nəzarətinin sərhəd-keçid məntəqəsindən təcrid olunmuş ərazidə aparılmasına əlverişli imkan yaradacaq.

Artıq layihənin həyata keçirildiyi 1 ilə yaxın müddət ərzində BMT İnkişaf Proqramının təşkilatçılığı ilə mühüm işlər görülüb, Azərbaycan və Gürcüstan gömrük əməkdaşlarının fitosanitar nəzarəti sahəsində bilik səviyyəsinin artırılması məqsədilə təlimlər keçirilib, sözügedən sahədə Avropa İttifaqının təcrübəsinə yiyələnmək üçün Polşa Respublikasına təlim səfəri təşkil edilib və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Ekspertiza İdarəsi üçün müvafiq avadanlıqlar alınıb.

Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard və BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Qulam İsakzainin "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin döş nişanı ilə təltif olunduqlarını qeyd edərək, döş nişanlarını həmin şəxslərə təqdim edib.

Öz növbəsində, çıxış edən Gürcüstan Respublikası maliyyə nazirinin birinci müavini, Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri Giorgi TabuaşviliAvropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan və Gürcüstanın iki bölgə arasında ticarətin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynadıqlarını bildirib. "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin hər iki ölkənin sərhədlərinin təhlükəsizliyinin təminatına, gömrük əməkdaşlığının, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə töhfə veriləcəyi qeyd olunub.

Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi üzrə ötən müddətdə görülən işlər barədə məlumat verib. Avropa İttifaqının təmsilçisi qeyd edib ki, bu layihə sərhədlərin təhlükəsizliyinin gücləndirilməsində, əmtəə və xidmət keçidlərinin asanlaşdırılmasında mühüm rol oynayacaq.

BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Qulam İsakzai əmin olduğunu bildirib ki, sözügedən layihə iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirəcək, iqtisadi-ticari münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.

BMT İnkişaf Proqramının Gürcüstandakı rezident nümayəndəsi Niels Skott bu layihədə Azərbaycan və Gürcüstanla tərəfdaşlığın önəmini vurğulayıb və qeyd edib ki, layihə hər iki ölkənin sanitar və fitosanitar sahədə bacarıqlarının inkişafına, gömrük-keçid məntəqəsinin isə müasir standartlara uyğunlaşdırılaraq beynəlxalq əhəmiyyətinin artmasına şərait yaradacaq.

Sonra BMT İnkişaf Proqramının Azərbaycandakı strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyevinmoderatorluğu ilə keçirilən iclasda "Azərbaycan-Gürcüstan" layihəsi təqdim olunub və "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin 2017-ci il üzrə iş planına dair müzakirələr aparılıb.

İclas başa çatdıqdan sonra iştirakçılar öncə Gürcüstan tərəfində, Sınıq Körpü sərhəd-keçid məntəqəsində sanitar və fitosanitar laboratoriyaların sadələşdirilməsi üzrə tikintinin layihəsi və planı ilə tanış olub, həmçinin tikintinin təməlqoyma mərasiminə qatılıblar.

Daha sonra iştirakçılar Azərbaycan tərəfində, Sınıq Körpü sərhəd-keçid məntəqəsində gömrük terminalı kompleksinin tikinti layihəsi və planı ilə tanış olublar.

Onu da xatırladaq ki, "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi iki il müddətində (2016-2017) reallaşdırılacaq. Layihənin əsas məqsədi Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin Sınıq Körpü sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs