Əlaqə Arxiv
news Image
2017.03.02
10:00
| A A A
Azərbaycanın mövqeyi neftin qiymətini xeyl artıra bilər
Fuad Rəsulov: “Hasilatın azaldılması istiqamətində növbəti addım atılarsa, Azərbaycanın da ona qoşulması mümkündür” Natiq Cəfərli: “Azərbaycanın bu anlaşmada iştirakı bazara psixoloji təsir göstərmək və qiymətlərin yuxarı həddə qalması baxımından əhəmiyyətlidir”

Sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, OPEK yenidən neft hasilatını azaltmaq barədə qərar qəbul edərsə, Azərbaycan hasilatı bir qədər də azalda bilər. Qeyd edək ki, bu ilin yanvarın əvvəllərindən başlayaraq, OPEK təmsilçiləri və ora daxil olmayan bir sıra digər neft ölkələri gündəlik neft hasilatını azaldıblar. Azərbaycan da həmin addıma qoşularaq hasilatı bir qədər azaltdı. Bunun nəticəsində neftin qiymətində müəyyən dərəcədə bahalaşma baş verdi. Həmin hadisədən üzü bəri “qara qızıl”ın bir barreli 54-57 dollar arasında cərəyan edir. Yaz aylarında isə OPEK ölkələrinin növbəti görüşünün olacağı gözlənilir. Burada da başlıca mövzu gündəlik hasilatın növbəti dəfə azaldılıb-azaldılmayacağı ətrafında olacaq. Bu fonda Azərbaycan rəsmiləri də bildiriblər ki, OPEK-in növbəti dəfə neft hasilatını azaltmaq barədə təkliflərinə müsbət yanaşacaqlar. Bu istiqamətdə Azərbaycanın təkliflərinin reallaşması, yəni neft hasilatında növbəti azalmanın baş verməsi mümkündürmü? 

Xəzər Universitetinin neft-qaz geosiyasəti üzrə professoru Fuad Rəsulov bildirdi ki, OPEK-in hasilatı azaltmaqla bağlı atacağı növbəti addıma Azərbaycanın da qoşulması mümkündür: “Azərbaycanın gündəlik neft hasilatının həcmini növbəti dəfə azaltmağa hazır olması barədə söylənilənlərə münasibətdə iki məsələni unutmaq lazım deyil. Azərbaycan iqtisadiyyatında  neftin rolu hələ də yüksək olaraq qalır. Ancaq dünya bazarına baxsaq, Azərbaycanın dünya bazarında rolu və çıxardığı neftin həcmi kiçikdir. Ona görə də OPEK-in hasilatı azaltmaq barədə növbəti qərarına qoşulmağımız siyasi xarakter daşıyır. Yəni, Azərbaycan da burada öz mövqeyini nümayiş etdirərək, növbəti addımın atıldığı halda gündəlik hasilatın azaldılmasına tərəfdar olduğunu, prosesə qoşulduğunu bəyan edir. 
İkinci bir tərəfdən, onsuz da ölkəmizdə neft hasilatında təbii azalma gedir. Neft hasilatını bir qədər artırmaq üçün əlavə investisiyalara ehtiyac vardır. Sözün düzü, indi Azərbaycan belə investisiyalarda elə də maraqlı deyil. Yəni, hasilatın azaldılmasına qoşulmaqla Azərbaycan heç nə itirmir. Sadəcə, prosesə siyasi dəstək verməklə onlara tərəfdar olduğunu bəyan edir. Bu fonda da hasilatın azaldılması istiqamətində növbəti addım atılarsa, Azərbaycanın da ona qoşulması mümkündür. Amma onu da qeyd edim ki, OPEK növbəti dövr üçün gündəlik neft hasilatının azaldılmasına ancaq bir halda gedə bilər. OPEK-ə daxil olmayan iri neft hasil edən dövlətlər də var. ABŞ, Braziliya, İraq belə ölkələrdəndir. Hazırda bu ölkələr hasilatı artırmaqla məşğuldur. Ona görə də OPEK-in sözügedən istiqamətdə atacağı addımlar məhz yuxarıda qeyd etdiyim dövlətlərin mövqeyindən əhəmiyyətli dərəcədə asılı olacaq.  Həmin ölkələr hasilatı artırmayaraq, mövcud vəziyyətdə saxlasalar, bu barədə öhədlik götürsələr, onda OPEK-in hasilatı növbəti dəfə azaltmaq barədə verəcəyi qərarın əhəmiyyəti olacaq. Əksinə, OPEK-in hasilatı azaltması fonunda, digər ölkələr onu artırmaqda davam edəcəksə, dünya bazarında neftin qiymətində heç nə dəyişməyəcək. Belə olarsa, OPEK-in yenidən hasilatı azaltmağa gedəcəyinə inanmıram”.   
İqtisadçı-ekspert Natiq Cəfərli isə düşünür ki, növbəti mərhələdə OPEK-in hasilatı azaltmaqla bağlı istəyi daha ciddi təpkilərlə qarşılana bilər: “OPEK-in indiki razılaşması iyun ayına qədər qüvvədədir. Bu addımın müəyyən effekti oldu. Neftin qiymətləri 55 dollaradək yüksəldi. Amma  əvəzində ortaya başqa problemlər çıxdı. 
OPEK-ə daxil olmayan ölkələrdə, ABŞ-da hasilatın kəskin artması qurumun verdiyi qərarın effektivliyini kifayət qədər aşağı salıb. Bu nöqteyi-nəzərdən ola bilər ki, iyun ayındakı toplantıda hasilatın növbəti dəfə azaldılması ilə bağlı qərarlar ciddi müzakirələrə səbəb olsun. Çünki OPEK-ə daxil olan, amma şərtlərlə prosesə qoşulan ölkələr Liviya, Nigeriya, İran kimi ölkələr də var. Bu anlamda ola bilər ki, həmin ölkələrdə hasilatın artımı azalma ilə bağlı növbəti qərarın effektivliyini aşağı salsın. Azərbaycan üzərinə gündəlik olaraq 35 min barrel azaltmaq öhdəliyi götürüb. Bu istiqamətdə müəyyən iş də gedir. Amma bu, həm də təbii bir prosesdir. Təbii yolla azalma elə OPEK qarşısında götürdüyümüz öhdəliklərə paralel olaraq gedəcək. Onsuz da bu il üçün gündəlik hasilatın təbii yolla 30-40 min barrelə qədər azalması gözlənilir. Amma ölkəmizin bu anlaşmada iştirakı ən azından, bazara psixoloji təsir göstərmək və qiymətlərin yuxarı həddə qalması baxımından əhəmiyyətlidir”.
Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz