Əlaqə Arxiv
news Image
2017.03.02
10:10
| A A A
Əcnəbilər Azərbaycanda daha çox mənzil alacaq?!
Rəşad Əliyev: “Bu cür vergi güzəştinin tətbiq edilməsinə ehtiyacın olub-olmaması öyrənilməlidir.” Elnur Əsədov: “Azərbaycanda ola bilsin ki, gələcəkdə oxşar praktika tətbiq edilsin”

Türkiyə parlamenti xarici vətəndaşlar üçün daşınmaz əmlakın alınmasına dair yeni qanun qəbul edib. Artıq bu ölkədə əmlak alan xarici vətəndaşlar əlavə dəyər vergisindən azad ediliblər.  Yeni qanuna əsasən, Türkiyə ərazisində ilk ofis və ya ev alan və alış-verişi xarici valyutada həyata keçirən alıcılar ƏDV-dən azad edilirlər.

Şərtlərərə görə, investor bir il ərzində obyekti satmamalıdır. Əks halda vergini dövlətə kompensasiya etməlidir.  Bazar iştirakçıları hesab edir ki, yeni qanun əcnəbilərin Türkiyədə daha çox əmlak almasına təkan verəcək. Oxşar praktikanın ölkəmizdə də tətbiqini dəyərləndirməyə çalışdıq. 
 “Value & Sources” şirkətinin rəhbəri Rəşad Əliyev bildirdi ki, Türkiyənin atdığı addım əmlak bazarının stimullaşdırılmasına istiqamətlənib: “Eyni zamanda, bu yolla ölkəyə investisiya cəlb etməyə çalışırlar. Cari ilin əvvəlində Türkiyə daşınmaz əmlakla bağlı başqa bir qanun da tətbiq edib. Belə ki, ölkə ərazisində bir milyon dollardan artıq dəyərdə əmlak alan əcnəbilər Türkiyə vətəndaşlığını əldə etmiş olacaq. Bütün bu tədbirlərin də məqsədi əmlak bazarına pul vəsaitlərinin cəlb edilməsidir. Lakin bu qərarın böyük effekt verəcəyi inandırıcı görünmür. Çünki bir milyon dollar böyük məbləğdir. Kiprdə, Portuqaliyada, İspaniyada bundan da yaxşı şərtlər var”.
Rəşad Əliyev əlavə etdi ki, ölkəyə investisiya cəlb etmək üçün bazarın sabit olması ilk şərtdir: “Bundan başqa qoyulmuş vəsaitdən gələcəkdə mənfəət əldə edilməlidir.  Hazırda Azərbaycanda bu cür şərtlər yüksək dərəcədə təmin edilmir. Digər tərəfdən bu cür vergi güzəştinin tətbiq edilməsinə ehtiyacın olub-olmaması öyrənilməlidir. Buna cavab vermək üçün isə Azərabycanın vergi sisteminə diqqət etmək lazımdır. Məsələn, xaricdən kimsə təkrar bazardan mənzil alırsa, onsuz da ƏDV ödəmir. Çünki təkrar bazarda əmlakların alqı-satqısı sadələşdirilmiş vergiyə cəlb olunur. Bu vergi hər kvadratmetrə görə tutulur. İlk bazardan alınanda da iki cür vergi var. Belə i, bəzi tikinti şirkətləri sadələşdirilmiş vergi ödəyirlər. Burada ƏDV məsələsi yoxdur. Ancaq bəzi şirkətlər ƏDV ödəyicisidir. Məhz bu şirkətlər üçün belə bir adımın müsbət nəticəsi ola bilər. Amma bu da diskriminasiya xarakterlidir”. 
«Əmlak Bazarı İştirakçıları» Birliyinin sədri Elnur Əsədov bildirdi ki, Türkiyə daşınmaz əmlak bazarı baxımından böyük ölkədir: “Türkiyənin əmlak bazarında həmişə yüksək aktivlik müşahidə edilib. Türkiyənin daşınmaz əmlak bazarına investisiyaların cəlb edilməsi baxımından əla stimul olacaq. Azərbaycanda isə analoji addımın atılması gözlənilmir. Çünki Türkiyə ilə Azərbaycanda daşınmaz əmlak bazarı arasında böyük fərq var. Bu qərar Türkiyədə bazarın daha da canlanması baxımından əhəmiyyətli olacaq. Azərbaycanda isə ola bilsin ki, gələcəkdə oxşar praktika tətbiq edilsin”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz