Əlaqə Arxiv
news Image
2017.03.07
09:30
| A A A
ABŞ-da yeni dollar savaşı başlanır
Əkrəm Həsənov: “Problem ondadır ki, FES-in rəhbərliyində olan varlı ailələr üçün ABŞ iqtisadiyyatı yox, özlərinin maddi vəziyyəti daha önəmlidir” Ruslan Atakişiyev: “Trampın dolların məzənnəsinə yanaşması fərqlidir”

ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti dəfə uçot dərəcəsini artırmaq istəyir. Qurumun bu ayın 14-15-də keçirəcəyi iclasında uçot dərəcəsinin artırılması ehtimalı 52% təşkil edir. Ancaq o da məlumdur ki, ABŞ-ın yeni rəhbərliyi bahalı dollara qarşıdır. 

Ümumiyyətlə, Donald Tramp seçkiöncəsindən bu günə qədər dolların məzənnəsinin bu səviyyədə olmasından şikayətlənib. İqtisadçıların fikrincə, hazırda bu məsələdə Tramp və komandası FES-dən zəifdir. Yəni, dolların məzənnəsinin hansı istiqamətdə dəyişəcəyi FES-dən daha çox asılıdır. 
İqtisadçı Əkrəm Həsənov hesab edir ki, FES bütün hallarda güclü qurumdur: “Prezidentə tabe olmayan müstəqil sistemdir. ABŞ-da prezidentin səlahiyyət müddəti 4 ildirsə, FES-in idarə heyəti 7 illiyinə seçilir. Hansısa cinayət etməyiblərsə, onları vaxtından əvvəl vəzifədən çıxartmaq da olmur. ABŞ-da əslində, FES  özəl banklara məxsusdur. Hansı ki, həmin banklar da ABŞ-ın ən varlı ailələrinindir. Dövlət isə yalnız idarə heyətini təyin edir. Odur ki, Ehtiyat Sisteminin arxasında dayananların dolların baha olmasını istəməkləri təbiidir.  Düzdür, Trampın mövqeyi daha düzgün olsa da, FES-ə nisbətən çox zəifdir. Problem ondadır ki, FES-in rəhbərliyində olan varlı ailələr üçün ABŞ iqtisadiyyatı yox, özlərinin maddi vəziyyəti daha önəmlidir. ABŞ-da vəziyyət pisləşsə də belə, aktivləri olan digər ölkələrə gedəcəklər. D.Tramp isə ölkənin maddi vəziyyətini düşünür. Buna görə də istehsalı artırmalıdır. Bunun üçün isə güclü dollar lazım deyil. Güclü dollar ABŞ-ın ixracatını zəiflədən amildir”.
Ekspert əlavə etdi ki, FES ilə ABŞ prezidenti arasında mübarizə davam etməkdədir: “Hələlik FES-in mövqeyi daha güclü görünür. D.Tramp seçkidən öncə Ehtiyat Sisteminin auditini həyata keçirəcəyinə söz vermişdi.  Amma hələlik buna heç cəhd də etmir. O baxımdan yaxın aylarda FES uçot dərəcəsini artırması daha real görünür. Odur ki, dolların bahalaşması qaçılmazdır. 2017-ci il ərzində D.Trampın nəsə edəcəyi inandırıcı görünmür. Lakin FES-ə qarşı hansısa qərar qəbul etdirə bilsə, ondan sonra uçot siyasəti dəyişə bilər. Ancaq bunlar yalnız ehtimallardır”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, Barak Obama hakimiyyəti dövründə dolların gücləndirilməsi siyasəti yürüdülürdü: “Amma D.Trampın dolların məzənnəsinə yanaşması fərqlidir. D.Trampı dəstəkləyən kütlə isə əsasən sənayeçilər, ABŞ istehsalçılarıdır. Yəni, D. Tramp ABŞ istehsalıçılarının maraqlarını müdafiə edir. 
Yanaşmanın mahiyyəti ondan ibarətdir ki, dolların məzənnəsinin qalxması dünya ölkələrində yığımlarda dolların səviyyəsini, dəyərini artıracaq, amma sonda ABŞ istehsalçılarına mənfi təsir göstərəcək. O baxımdan ki, bahalı dollar ixracatı zəiflədir. Digər ixracatçı ölkələr fürsətdən istifadə edib milli valyutalarını ucuzlaşdıraraq ixracatlarını daha çox artırırlar. D. Tramp da məhz buna görə dolları ucuzlaşdırmağa çalışır ki, ABŞ məhsulları daha çox satılsın. Artıq ABŞ-ın istehsalında rol oyanayan səhmdarlar investisiyalarının bir hissəsini Cənub-Şərqi Asiya ölkələrinə köçürürlər. Bu da ABŞ-ın marağına cavab vermir. Amma onu da nəzərə alaq ki, ABŞ prezidentinin FES-in qərarlarına təsiri elə də böyük deyil”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz