news Image
2017.03.08
10:38
| A A A
Paytaxtdan bölgələrə yeni köç başlanır
Vüqar Bayramov: “Paytaxtdan rayonlara qayıdanların sayında sözsüz ki, son illər artımlar var” Yaşar Əsədov: “Rayonlarda iş yerlərinin sayının artması şəhərə gəlib burada işləyənlərin əhəmiyyətli hissəsinin yenidən gedi dönmələrinə gətirib çıxaracaq”

Regionlarda sahibkarlıq fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır. Bu mənada paytaxtdan regionlara yeni köç başlaması gözlənilir. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Bakıdan rayonlara yeni köçün başlanması birbaşa olaraq regionlarda yeni və perspektivli iş yerlərinin yaradılmasından asılı olacaq: “Paytaxtdan rayonlara qayıdanların sayında sözsüz ki, son illər artımlar var. Bu da əsasən inşaat sektorunda yaşanan bumun başa çatması ilə əlaqədar idi. Sözügedən sektorda bumun başa çatması nəticəsində rayonlardan paytaxta gələnlər yenidən bölgələrə dönməyə başladılar. 
Bildiyiniz kimi, inşaat sektorunda 2008-2014-cü illər arasında bum müşahidə olunurdu. Nəticədə həmin dövrlərdə urbanizasiya prosesi kifayət qədər yüksək oldu. Yəni, rayonlardan Bakıya gəlib burada inşaat sektorunda çalışanların sayında əsaslı artımlar baş verdi. Amma 2014-cü ildən başlayaraq inşaat sektorundakı bum artıq durğunluqla əvəz olunmağa başladı. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, tikinti sektorunda keçən il üçün 30 faizlik azalma qeydə alınıb. Bu da onu göstərir ki, ölkədə inşaat işləri xeyli dərəcədə azalıb. Tikinti sektorunun kiçilməsi isə nəticə etibarı ilə həmin sahədə çalışan, xüsusən də rayon yerlərindən gələnlərin əhəmiyyətli hissəsinin yenidən geri qayıtmalarına səbəb oldu. Çünki paytaxtda yaşamaq rayonlarla müqayisədə nisbətən bahadır. Həmin insanların rayonlarda şəxsi evləri və təsərrüfatları olduğundan, habelə Bakıdakı işlərini itirdiklərindən nəticə etibarı ilə əks urbanizasiya prosesi baş verdi. Əslində, vətəndaşların, xüsusən də əmək qabiliyyətli insanların rayonlara qaytmalarına ehtiyac var. Çünki rayonların iqtisadi baxımdan dəstəklənməsi və inkişafı, regionlarla Bakı arasındakı fərqin azaldılmasına  ciddi şəkildə ehtiyac duyulur. Nəzərə alaq ki, rayonlarda xərclər azdır, şəhərə nisbətən ucuzlıqdır, xüsusən də aqrar sektorda istehsalı təşkil etmək nisbətən asandır. Ona görə düşünürəm ki, növbəti mərhələdə Bakıdan regionlara qayıdanların sayının dəyişməsi rayonlarda yaradılacaq yeni iş yerlərindən birbaşa asılı olacaq. Rayonlarda yeni yaradılacaq iş yerlərinin sayında artımlar müşahidə olunacaqsa, bu, nəticə etibarı ilə imkan verəcək ki, artıq paytaxtdan regionlara qayıdanların sayının daha da çoxalması tendensiyasını müşahidə edə bilək. Bu baxımdan artıq növbəti mərhələdə prosesin necə davam etməsi birbaşa regionlarda yaradılacaq iş yerlərinin sayından asılı olaraq müəyyənlşəcək”.
Müstəqil iqtisadçı ekspert Yaşar Əsədov da qeyd etdi ki, stimullaşdırıcı addımlar ilə əhalinin yenidən rayonlara köçünü təşkil etmək olar: “İş arxasınca regionlardan  Bakıya gələn insanlar üçün rayonlarda şərait və stimul yaradılsa, prinsip etibarı ilə yeni bir qayıdış baş verə bilər. Bilirsiniz ki, Azərbaycan əhalisinin əksər hissəsi iş qabiliyyətli gənc insanlardan ibarətdir. Təbii ki, rayonlarda iş yerlərinin sayının artması indi şəhərə gəlib burada işləməyə məcbur olan həmin kateqoriyalı insanların əhəmiyyətli hissəsinin yenidən gedi dönmələrinə gətirib çıxaracaq. 
Əhalinin yenidən rayonlara qayıdışına təsir edən başqa bir amil isə ölkə əhalisinin mobil olması, oturuşduğu yerdə qalmağa meylli olmasından ibarətdir. Bu fonda yeni iş yerlərinin açılması onları yenidən yaşadıqları yerə qayıtmağa sövq edəcək. Yəni, şərait yaradılsa, iş yerləri, əmək haqqı yüksək olsa, kənd insanı da geri qayıdar. Bunun baş verməsilə  şəhərlərdəki sıxlıq da azalar”.

Rüfət NADİROĞLU

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs