news Image
2017.03.10
08:00
| A A A
Özəl sektorun inkişafına xidmət edən dövlət proqramları

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində düşünülmüş strategiya həyata keçirən Azərbaycan hökuməti bu sahədə mühüm göstəricilərə imza atıb. Bu da təsadüfi deyil ki, sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilən son 13 il həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. 

2004-cü ildən həyata keçirilən regional dövlət proqramlarında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin əksini tapması da təsadüfi olmayıb, bölgələrin tərəqqisi prosesində özəl sektorun imkanlarını səfərbər etmək, sosial xarakterli məsələlərin həllində sahibkarların fəal iştirakına nail olmaq istəyindən irəli gəlib. 2004-2008, 2009-2013 və 2014-2018-ci illərdə qəbul olunmuş dövlət proqramları respublikamızın regionlarında yerli sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin açılmasına, işsizlik və yoxsulluq probleminin əsaslı dərəcədə həllinə ciddi təkan verib. Ötən illərdə kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli məqsədilə yeni mexanizmlər tətbiq edib. 
İnhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarının aradan qaldırılması məqsədilə konkret qərarlar qəbul olunub. Ümumilikdə, son 13 ildə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı" (2004-2006-cı illər), "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və digər qanun, fərman və sərəncamlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan verməklə, regionlarda qeyri-neft sektorunun inkişafını stimullaşdırıb. 
Ümumilikdə, son illər ölkədə regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarında və digər sənədlərdə sahibkarlığın inkişafı məsələsi qırmızı xətlə keçir. Bu proqramların icra olunduğu 2014-2014-cü illərdə regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox artıb. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı 2014-cü ildən Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri ilə yanaşı eləcə də Abşeron və İmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaradıb. 
Regionlarda fiziki və hüquqi şəxslərin say artımına təsir göstərən mühüm amillər sırasında qeydiyyat prosedurlarının sadələşdirilməsi tədbirləri mühüm yer tutur. Təsadüfi deyil ki, Azərbaycan «Doing Business 2017» hesabatında 2012-2013-cü illərdə 3 islahat («biznesə başlama», «tikinti üçün icazələrin alınması» və «beynəlxalq ticarət» sahələrində) həyata keçirən islahatlara görə öncüllər sırasında  yer alıb.
Biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi nəticəsində «Biznesə başlama» göstəricisi üzrə Azərbaycan altı pillə irəliləyərək ilk dəfə olaraq dünya ölkələrinin ilk onluğuna düşüb, Sinqapur, Yeni Zelandiya, Honkonqla bərabər dünyada ən yaxşı təcrübəyə malik ölkələr kimi səciyyələndirilib. Bununla yanaşı, Tikinti Məcəlləsinin tətbiqinin nəticəsi olaraq Azərbaycan «tikinti üçün icazələrin alınması» göstəricisi üzrə islahatçı ölkə kimi tanınıb. «Doing Business 2017» hesabatında ölkəmiz «Vergilərin ödənilməsi» indikatoru üzrə də irəliləyib.
Xatırlatmaq yerinə düşər ki, 2008-ci ildən sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi qeydiyyat prosedurlarının sadələşdirilməsi ilə yanaşı, sahibkarlıq fəaliyyəti subyektlərinin say artımına müsbət təsir edib. Azərbaycanda 2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyat sistemi tətbiq olunub. 2012-ci ildən yerli hüquqi şəxslərin (MMC) dövlət qeydiyyatının elektron qaydada aparılmasına başlanılıb. Hazırda Azərbaycanda "e-qeydiyyat"ın tətbiqi nəticəsində biznesə başlamaq üçün 6 prosedur əvəzinə cəmi 3 prosedur yerinə yetirilir, tələb olunan sənədlərin sayı isə 7-dən 2-yə azalıb. «Dövlət rüsumu haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanunlarına, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. 
2012-ci ildən, həmçinin, vergi ödəyicilərinə vergiləri internet üzərindən ödəmək imkanı yaradılıb. 2013-cü ildən Vergi Məcəlləsində edilən bir sıra mühüm dəyişikliklərin qüvvəyə minməsi,  o cümlədən "Vergi Partnyorluğu Sazişi"nin tətbiqinə başlanılması ümumən vergi mühitinin liberallaşmasına təsir göstərib. Dünya Bankının «Doing Business» qrupunun təhlili göstərir ki, «vergi bəyannamələrinin hazırlanması», «göndərilməsi» və «vergilərin ödənişi»nə sərf olunan vaxt «Böyük Səkkizlik» ölkələrində orta hesabla 219 saat (bu, dünyada orta göstəricidən  67 saat azdır),  İƏİT-ə üzv ölkələrdə 212 saat, Azərbaycanda isə 214 saatdır.
Sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri də hökumət qurumlarının fəaliyyətində e-xidmətlərin geniş tətbiqinin təmin edilməsidir. Ölkə başçısının 26 oktyabr 2011-ci il tarixli «Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında» fərmanına əsasən, yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edir. Sayt sahibkarları icazələr haqqında ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlamaq, fəaliyyətini genişləndirmək istəyən sahibkarlara tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair məlumatları vahid mənbədən əldə etməyə imkan verir.
Bütün bunlardan əlavə, «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın konkret olaraq 12-ci maddəsində də sahibkarlıq sahəsində mühitin liberallaşdırılmasına xidmət edən tədbirlər əksini tapıb. Həmin maddədə sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin müəyyənləşdirilməsi; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf etdirilməsi, o cümlədən reyestrə informasiya ötürülməsinin avtomatlaşdırılması; sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların qəbul edilməsi üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi; qanunsuz yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi, keçirilməsi və nəticələrinə əsasən tədbirlər görülməsi sahəsində yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması və s. nəzərdə tutulub. 
2013-cü ildə Milli Məclisdə qəbul olunmuş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanun ölkə başçısının sahibkarların qanuni mənafelərinin təminatçısı olduğunu bir daha təsdiqləyir. Qanun sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsini və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasını nəzərdə tutur. Qanunda sahibkarlıqla məşğul olan insanların fəaliyyətinə əngəl törədən neqativ halların aradan qaldırılması ilə bağlı bağlı təsirli və operativ tədbirlərin görülməsinə dair müddəalar əksini tapmışdır. Sənəddə sahibkarlıq fəaliyyəti ilə bağlı tələb olunan icazə xarakterli sənədlərin azaldılması, yoxlayıcı orqanların səlahiyyətləri, eləcə də yoxlamaların sayının azaldılması, sahibkarların fəaliyyətinə mane olan icra orqanlarının məsuluyyəti və cəzalandırılması məsələləri yer alıb.

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs