news Image
2017.03.10
09:30
| A A A
Artan tələb ölkəmizdə qızılı bahalaşdırır
Vüqar Bayramov: “Dünya bazarında ucuzlaşsa da, Azərbaycanda qızılın qiyməti artır” Cəfər İbrahimli: “Azərbaycanda qiymətlərin fərqli olmasının səbəbi qızılın fiziki şəkildə spot bazarda alınıb-satılmasıdır”

Son dövrlər Azərbaycanda qızıl-zinət əşyalarının qiymətində yenidən artım qeydə alınır. Qeyd edək ki, ötən il qızılın qiyməti kəskin bahalaşsa da, sonradan azalmağa başlamışdı. İqtisadçılar indiki artımı tələbatın yüksəlməsi ilə izah edirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin aədri Vüqar Bayramov bildirdi ki, dünya bazarında qızılın qiymətində azalmalar var: “Hazırda dünya bazarında bir unsiya qızılın qiyməti 1200 dollardır. Bu da qram ifadəsində 38 dollar 80 sent deməkdir. Eyni zamanda son bir ayda qızılın qiymətində 2 faiz, altı  aylıq yekunlarda 10, bir il ərzində isə 5 faiz azalma müşahidə edilir. Qızılın qimətinin dünya bazarında azalmasına baxmayaraq, Azərbaycanda artması qızıla olan tələbin yüksəlməsi ilə bağlıdır. 
Nəzərə alaq ki, Azərbaycanda qızıla olan tələbin əhəmiyyətli hissəsini idxal edilir. Amma dünya bazarında ucuzlaşsa da, Azərbaycanda qızılın qiyməti artır. Hətta fevral ayında manat dollara nisbətən 10 faiz möhkəmlənib. Qızıl ölkəyə dollarla gətirilir, manatla satılır. Bu baxımdan Azərbaycanda da qızılın qiymətində azalmalar müşahidə olunmalıdır”.
Vüqar Bayramov əlavə etdi ki, qiymət artımının olması bir tərəfdən tələbin yüksəlməsi ilə bağlıdır: “Xüsusən yazın gəlişi toy və şənliklərin sayını artırır. İkincisi, valyuta bazarında kursların dəyişməsi qızıla yığım kimi müraciət edənlərin saytını artırıb. Bütün bunlar qızılın qiymətinə təsir göstərir. Ancaq bütün hallarda qızıl bazarında monitorinqlərin aparılmasına ehtiyac var. Əgər manat möhkəmlənir və dünya bazarında qızılın qiyməti aşağı düşürsə, Azərbaycanda qızılın qiymətinin artmasının səbəblərinin monitorinq edilməsinə ehtiyac var. Süni şəkildə qiymət artımı varsa, İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq addımlar atılmalıdır”.
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli isə bildirdi: “Amma son bir ayda dünyada risklər artdı. Risklərin artması isə həmişə qızılın qiymətinə müsbət təsir edir. Dünya bazarlarında 1355 dollara qədər artdı. Ancaq bu həftə ərzində qızılın qiymətində 1200 dollara qədər ucuzlaşma olub. Bu da dünyada mərkəzi bankların verdiyi qərarların, risklərin azalmış kimi görünməsi, Avropadakı seçki, həm də “Brexit” məsələsi fonundadır. Azərbaycan daxili bazarlarına sirayət etməsi isə bir qədər gecikir. Çünki bizdə işlər onlayn aparılmır. Spot bazarda əl ilə alqı-satqı aparıldığı üçün müəyyən müddət sonra təsir edəcək. Qızılın dünya bazarında qiyməti ucuz qalacaqsa, bunun bir müddət sonra Azərbaycan daxili bazarına sirayət etməməsi mümkün deyil. Məsələn, qonşu Türkiyədə alınıb-satılan külçə qızıllar dünya bazarlarına daha tez reaksiya verir. Qızılın dünya bazarındakı qiyməti dərhal Türkiyəyə də təsir edir. Ancaq Azərbaycanda belə bir maliyyə aləti yoxdur. 
Azərbaycanda qızıl əsasən zinət əşyaları qismində alınıb-satılır. Azərbaycanda qiymətlərin fərqli olmasının səbəbi qızılın fiziki şəkildə spot bazarda alınıb-satılmasıdır. Fiziki şəkildə qızılın gətirilməsində həm nəqliyyat, həm də gömrük xərcləri var. Odur ki, Azərbaycanda qızılın qiyməti dünya bazarındakından fərqli olması normal haldır”. 

 
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs