Əlaqə Arxiv
news Image
2017.03.13
21:30
| A A A
22 işsiz və işaxtaran şəxsə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında bir qrup işsiz və işaxtaran şəxs ailə bizneslərini qurmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən movqe.az-a verilən məlumata görə, bununla əlaqədar Qəbələ rayonunda keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Qəbələ rayon İcra Hakimiyyətinin, nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri, Qəbələ Turizm və otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov, özünüməşğulluq proqramının iştirakçıları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğunun təminatına yönələn tədbirlərin miqyasının özünüməşğulluq proqramı vasitəsilə daha da genişlənməsinə imkan verib. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılıb. Sərəncamın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2016-cı ilin 01 aprel tarixinədək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunub və biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələniblər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün onların aktivlərlə təminatı işləri aparılır.

Müsbət dəyərləndirilən biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal, 0,4 faizi ticarət sahələrini əhatə edir.

Bu işlərin ilkin mərhələsi kimi, 25 rayon üzrə aktivlərin təqdim olunması prosesi davam etdirilir.

O cümlədən Qəbələ və İsmayıllı rayonları üzrə 29 nəfər iştirakçıdan 22-si aktivlərlə təmin edilib. Onlardan 16 nəfərinə heyvandarlıq, 3 nəfərinə arıçılıq, 1 nəfərinə örtülü tərəvəz (istixana) təsərrüfatı qurmaq, 1 nəfərinə kompyuter təmiri, çap və poliqrafiya işləri aparmaq, qalan 1 nəfərinə isə qədim xalq sənəti növlərindən biri olan misgərlik fəaliyyəti üçün mal və materiallar təqdim edilib. Hazırda özünüməşğulluq proqramı üzrə uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərə aktivlərin alınıb verilməsi prosesi davam etdirilir.

Qəbələ rayon sakini, özünüməşğulluq proqramının iştirakçısı olan Nadir Muştaqov 2016-cı ilin 01 aprel tarixinədək Qəbələ rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alındığını, özünüməşğulluq poroqramında iştirak etmək üçün müraciətinin müsbət qəbul edildiyini bildirib: “İlk növbədə ailəmiz adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk ki, bizim məşğulluğumuzun təmin olunması, ailə təsərrüfatımızın qurulması üçün belə bir əlverişli imkan yaradılıb. Bizə verilən mal və materiallardan düzgün və məqsədyönlü şəkildə istifadə edərək, təsərrüfatımızı daim genişləndirməyə, gəlirlərimizi artırmağa çalışacağıq. Bunun üçün təlim kurslarında da lazımi biliklər əldə etmişik”. Digər iştirakçı Tehran Rüstəmov çoxdandır ki, öz ailə təsərrüfatını qurmaq arzusunda olduğunu, lakin maddi imkanı olmadığından bunu edə bilmədiyini qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevin bizlərə diqqət və qayğısı nəticəsində mənim bu arzum reallaşdı. İndi öz ailə təsərrüfatımız var və buna çox sevinirik. Yeni qurduğumuz bu təsərrüfatı ildən-ilə inkişaf etdirməyi, özümüzə gəlirli bir biznes qurmağı qarşımıza məqsəd qoymuşuq və bu məqsədə də çatacağıq”.

Özünüməşğulluq proqramı çərçivəsində təqdim olunmuş aktivlər hesabına Qəbələ şəhər sakini Abuzər Abdullayevin, rayonun Çuxur Qəbələ kənd sakini Amil Kərimovun, Vəndam qəsəbəsi sakini Elman Niftəliyevin yeni yaradılmış ailə təsərrüfatlarına baxış olub. Baxış zamanı həmin insanların onlara verilmiş mal və materiallardan səmərəli şəkildə istifadə etdikləri, onlarda təsərrüfatlarını ciddi şəkildə idarə etmək, qoruyaraq inkişaf etdirmək əzmi müşahidə edilib.

Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmilərinin iştirakı ilə bu rayonun Talıstan kənd sakini Züleyxa Xəlilovanın, Lahıc qəsəbəsi sakinləri Hafiz Mirzəyevin və Mehdi Mahmudovun özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər hesabına yaratdıqları ailə təsərrüfatlarına baxış olub. Onlar ailə bizneslərinin qurulması üçün göstərilən böyük dəstəyə görə dövlətimizin başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlər hesabına misgərlik üzrə özünüməşğulluq fəaliyyətini quran H.Mirzəyev bildirib ki, özünüməşğulluq proqramı təkcə onlara özünüməşğulluq imkanları yaratmır, həm də ayrı-ayrı iqtisadi fəaliyyət növləri ilə yanaşı, qədim xalq sənəti növlərinin inkişafına da dəstək olur: “Əsrlər boyu misgərlik məşhur xalq sənəti növlərindən biri olub və bu gün çox qürur duyuram ki, sevdiyim bu sənət növündə işləmək, istehsalla məşğul olmaq üçün mənə belə bir imkan yaradılıb. Bu böyük dəstəyə görə möhtərəm Prezidentimizə təşəkkür edirəm”.

İştirakçılara bildirilib ki, onlara aktivlərin verilməsi ilə yanaşı, öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu ailə biznesi qura bilmələri üçün mütəmadi olaraq lazımi məsləhətlər, tövsiyələr də veriləcək.

Özünüməşğulluq proqramı 1500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə təsərrüfatlarının yaradılması yolu ilə onların, eləcə də ailə üzvlərinin özünüməşğulluğunun təmin olunmasını nəzərdə tutur. Bu sahədə aparılan işlər eyni zamanda əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, kiçik və orta sahibkarlığın genişlənməsinə hesablanıb.

Sizin Reklam Yeriniz