Əlaqə Arxiv
news Image
2017.03.15
09:30
| A A A
Azərbaycan Xəzəryanı ölkələr üçün də əsas tranzit məkana çevrilir
Rəşad Həsənov: “Bu proses uzunmüddətli dövrdə potensial imkanlardan daha səmərəli istifadəyə müsbət təsir göstərəcək” Yaşar Əsədov: “Qazaxıstanın bu niyyəti Azərbaycana təkcə maddi mənfəət gətirməyəcək, ölkələrarası münasibət və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”

Qazaxıstan Azərbaycan vasitəsilə yükdaşımaları artırmaq niyyətindədir. Belə ki,  Qazaxıstan 2020-ci ilədək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları 300 min konteynerə çatdırmaq istəyini ortaya qoyub. Bildirilib ki, bu istiqamətdə yükdaşımaların artırılması Bakı-Tiflis-Qars dəmir yolu və Kurık limanın istifadəyə verilməsi hesabına həyata keçiriləcək. Azərbaycan üzərindən Qazaxıstan və perspektivdə Türkimənistanın yükdaşımaları artırmaq niyyəti ölkəmizə nə vəd edir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, Qazaxıstanın Azərbaycan üzərindən yükdaşımaları artırmaq niyyəti ölkəmizin gəlirlərinin artmasına, ona olan etimadın güclənməsinə gətirib çıxaracaq: “Azərbaycan müstəqilliyinin ilk illərindən əsas strateji məqsəd olaraq ölkənin tranzit əhəmiyyətini yüksəltmək və eyni zamanda potensial imkanlardan maksimum istifadə edərək yükdaşımaların həcmi kimi istiqamətlər üzrə gəlirləri artırmaq məqsədilə müxtəlif layihələr icra edib. Hazırda da bu istiqamətdə böyük strateji layihələr həyata keçirilir. «Şimal-Cənub» nəqliyyat dəhlizi və «İpək Yolu»nu buna misal olaraq göstərmək olar. 
Qonşu Xəzəryanı ölkələrlə iqtisadi əlaqələrin genişlənməsi və yükdaşımalar üzrə Azərbaycanın rəqabət qabiliyyətli təkliflərlə çıxış etməsi son nəticədə, uzun müddətli dövrdə ölkəmizin potensial imkanlarından daha səmərəli istifadəyə, yükdaşımaların həcminin artması, sektorda fəaliyyət göstərən subyektlərin gəlirlərinin yüksəlməsi, dövlətin bu istiqamətdən aldığı gəlirlərin artmasına, sektora edilən yatırımların reputiasiyasına müsbət təsir göstərəcək. İstənilən halda sözügedən istiqamətdə 2016-cı ildən mühüm addımlar atılıb. Amma proses davam etdirilməlidir. Azərbaycan üzərindən daşınmaların digər alternativ daşınmalarla müqayisədə daha rəqabətli və cəlbedici edilməsi istiqamətində dövlət tərəfindən müxtəlif addımların atılması prosesi davamlı olmalıdır. Belə olarsa, növbəti illərdə dəmiryolu, hava limanı və dəniz marşurutları tam gücü ilə istifadəyə verildiyi təqdirdə, sektor böyük miqdarda gəlir gətirəcək”.
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov da qeyd etdi ki, Astananın Azərbaycan vasitəsilə yükdaşımaların həcmini artırmaq istəyi ölkəmizin daha çox gəlir əldə etməsinə və qonşu ölkələrlə dostluq münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək: “Xəzər dənizi vasitəsilə tranzit yükdaşımaları layihəsi Çinlə Avropa birləşdirən layihədir və çoxdandır ki, fəaliyyət göstərir. Təbii ki, başqa dövlətlərin ölkəmizin tranzit imkanlarından istifadə Azərbaycana mənfəət gətirəcək. Bu mənfəət də təkcə maddi istiqamətdə olmayacaq. Eyni zamanda, ölkələrarası münasibət və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksələcək. Ona görə də Qazaxıstanın sözügedən niyyətini alqışlayıram. 
Hazırda Çinlə Avropa arasında ticarətdə bir neçə marşurut gerçəkləşdirilmək üzrədir. Bu sırada Rusiyadan və İrandan keçən marşurutlar da gündəmdədir. Belədə marşurut seçimi zamanı əsas üstünlüyün Azərbaycana verilməsi ölkəmiz üçün daha yaxşı olar”.
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz