Əlaqə Arxiv
news Image
2017.03.16
09:50
| A A A
Fransadan Azərbaycanın kənd təsərrüfatına yeni kapital axını başlanacaq
Cümşüd Nuriyev: “Parisin Bakıya məhsulun çeşidi, ekoloji təmizliyi və yeni bazarların meydana gəlməsi baxımından ehtiyacı vardır” Natiq Cəfərli: “Bu, iqtisadi aktivliyin canlanması, əlavə iş yerlərinin yaranması, manata olan basqıların azalması deməkdir”

Fransada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Parisdə  Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşüb. Prezident bildirib ki, Azərbaycanda islahatlar davam etdiriləcək və qarşıdakı illərdə bizim əsas diqqət yetiriləcək sahə iqtisadiyyatın qeyri-neft sektoru, əsasən də kənd təsərrüfatı olacaq: “Mən Fransanın nüfuzlu şirkətlərini Azərbaycana gəlməyə - müasirləşmə və məhsuldarlığın artırılması ilə bağlı layihələri həyata keçirmək üçün Azərbaycan hökuməti ilə işləməyə dəvət edirəm”. Bunların fonunda Azərbaycanın aqrar sahəsinə Fransa və digər ölkələrin nüfuzlu şirkətlərinin gəlişini gözləmək olarmı? Bu baş tutarsa, Azərbaycan iqtisadiyyatına nə vəd edir?

İqtisadçı-ekspert Cümşüd Nuriyev bildirdi ki, Azərbaycanın aqrar sektoruna Fransa şirkətlərinin gəlişi hər iki ölkə üçün uğurlu olacaq: “Azərbaycanın kənd təsərrüfatı və qeyri-neft sektoru ilə bağlı olan digər sahələrinə Fransa və bir sıra başqa ölkələrin nüfuzlu şirkətlərinin gəlişi əlbəttə ki,  mümkündür. Çünki Azərbaycan Prezidenti Fransaya səfəri gedişində ölkəmizin hazırkı iqtisadi durumumdan daha çox, onun imkanlarından geniş söhbət açdı. Qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün Azərbaycanın da iqtisadi imkanları yetərincədir. 
Digər tərəfdən, Avropa ekoloji cəhətdən təmiz məhsullara ehtiyac duyur. Azərbaycan bundan başqa, Fransadan fərqli olaraq daha mülayim zonada yerləşir. Bu fonda Azərbaycan ərazisində yetişdirilən nar, boranı, zəfəran və digər bitkiləri Fransada yetişdirmək mümkün deyil. Həmçinin bizim bu məhsullar Avropa bazarında yaxşı qiymətə gedir. Rusiya bazarı Fransa üçün bağlandığından, bu ölkənin həm istehsal etdiyi məhsulların bazara çıxışında, eyni zamanda onun çeşidində də problemlər mövcuddur. Fransa Avropa bazarında imkanlarını genişləndirmək üçün çeşidin sayını artırmalıdır. Çeşid də ancaq Azərbaycanın hesabına artırıla bilər. Azərbaycanda çoxsaylı kənd təsərrüfatı məhsulu yetişdirib onu Fransada satmaq imkanları indi genişdir. 
Bundan başqa, Fransada kifayət qədər sərbəst pul var. Çünki bu ölkə sənaye ölkəsidir və onun yenidən sənayeləşməsinə ehtiyac yoxdur. Fransa cüzi vəsait xərcləməklə yeni innovativ tədbirlər həyata keçirə bilər. Hətta Fransa öz texnologiyasını daha aşağı qiymətə Azərbaycanda quraşdırıb, onun vasitəsilə daha yüksək məhsul  əldə edə bilərlər. Ona görə Azərbaycanın nə qədər Fransaya ehtiyacı olduğu kimi, bir o qədər də Parisin Bakıya məhsulun çeşidi və ekoloji təmizliyinə, yeni bazarların meydana gəlməsinə  görə ehtiyacı vardır. Fransa Avropa ölkələri arasında az-çox Azərbaycana meyl edən ölkələrdən biridir. Burada hakimiyyətin dəyişməsi iki ölkə arasındakı münasibətlərə problem yaratmır. İki ölkə arasında münasibətlər lazımı səviyyədədir. İnanıram ki, Fransa sərmayəçiləri Azərbaycana gələcək və bu ölkəmiz üçün uğurlu olacaq”. 
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Fransa və digər ölkə şirkətlərinin Azərbaycanın aqrar sektoruna cəlb olunması ölkəmizdə iqtisadi aktivliyi artıracaq və əlavə iş yerlərinin yaranmasına gətirib çıxaracaq: “Əslində, çalışmalıyıq ki, nəinki təkcə Fransa, bütün ölkələr üçün Azərbaycan cəlbedici investisiya məkanına çevrilsin. Amma təəssüf ki, bunu qısa bir dövrdə həyata kerçirmək mümkün olmur. Azərbaycanda investorlar üçün yaradılmış şəraitin daha da yaxşılaşdırılması İkincisi, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır. Bu da investorlar üçün çox vacibdir. Çünki investisiya yatıran şirkətlər dünyada qəbul olunmuş ümumi qaydalar çərçivəsində investisiya yatırmaqda maraqlıdır. Bu da ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyümüzə şərait yarada bilər. İnvestorlar  bölgəyə sərmayə qoymaq üçün axtarış apardıqda, bu kimi faktorları nəzərə alır. Azərbaycanın başqa yolu da yoxdur, aqrar və qeyri-neft sektorunu inkişaf etdirməliyik. İndi də praktikada onun həyata keçməsi üçün müəyyən addımlar atılmalıdır. İnvestorların gəlişi təbii ki, Azərbaycan üçün çox vacibdir. Bu, iqtisadi aktivliyin canlanması, əlavə iş yerlərinin yaranması, manata olan basqıların azalması deməkdir. Yəni, bir çox sahələrdə makroiqtisadi göstəricilərə müsbət təsir edəcək. Lakin proses çətin və uzun bir prosesdir. Ona nail olmaq üçün Azərbaycan hökuməti ciddi addımlar atmalı və iqtisadi baxımdan ölkəni daha cəlbedici etməlidir. Bu da vergi güzəştləri, logistik dəstək, uzun müddətli kreditlərə çıxış imkanları formasında da ola bilər. Yəni təşviq proqramları qəbul etməklə xarici investorları ölkəyə cəlb etmək mümkündür”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz