Əlaqə Arxiv
news Image
2017.03.24
15:00
| A A A
Rumıniya ilə Moldovanı birləşdirəcək qaz xətti gələn il istismara veriləcək
Uzunluğu 120 km olan “Ungheni-Kişinyov” qaz xətti layihəsinin ümumi dəyəri təqribən 100 mln avrodur

Rumıniya ilə Moldovanı birləşdirəcək Ungheni-Kişinyov qaz xətti 2018-ci ildə istismara veriləcək. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Rumıniyanın Pyatra-Nyamts şəhərində keçirilən Rumıniya və Moldova hökumətlərinin birgə iclasından sonra Moldovanın baş naziri Pavel Filip bildirib.

Rumıniyalı həmkarı Sorin Qrindyanu ilə birgə mətbuat konfransında çıxış edən baş nazir əlavə edib ki, Avropa Birliyinin (AB) ayırdığı maliyyə vəsaiti hesabına qaz xəttinin tikintisi nəzərdə tutulan müddətdən əvvəl başa çatacaq. “Bizi çalışacağıq ki, Ungheni-Kişinyov qaz xətti növbəti ilin sonuna qədər istismara verilsin. Avropa Birliyi bu layihəyə nəzərdə tutduğu maliyyə yardımının 10 mln. avrodan 40 mln. avroya qədər artırması ilə işlər sürətlə davam edəcək. Layihə hazır olan kimi, tikinti işlərinə başlayacağıq”, - deyə P. Filip vurğulayıb.
Uzunluğu 120 km olan “Ungheni-Kişinyov” qaz xətti layihəsinin ümumi dəyəri təqribən 100 mln avrodur. Paytaxt Kişinyova qədər uzanan və 25 yaşayış məntəqəsindən keçəcək yeni kəmərin illik ötürücü gücü 1,5-2 milyard kubmetr olacaq. Layihənin Texniki-İqtisadi Əsaslandırılması (TİƏ) bu ilin avqustunda başa çatacaq və tikinti işlərinə payızda start veriləcək.
Ötən ilin oktyabr ayında isə Rumıniya hökuməti layihənin TİƏ məqsədilə Moldovaya 550 min avro vəsait ayırıb. Sözügedən layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və AvroİnvestBank da maliyyələşdirəcək. Artıq hər iki bankla maliyyə vəsaitinin ayırılması ilə bağlı sənədlər imzalanıb.
Qeyd edək ki, görüşdə həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında müzakirələr də aparılıb.

Sizin Reklam Yeriniz