Əlaqə Arxiv
news Image
2017.03.29
08:00
| A A A
Avropanın şimalı ilə əlaqələrin yeni perspektivi yaranır
Danimarka da Azərbaycanın partnyorluq xəritəsində yer alacaq

“Azərbaycan ilə Danimarka arasında iqtisadi, o cümlədən ticarət sahəsində əməkdaşlıq aşağı səviyyədədir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 26-da sözügedən ölkənin Azərbaycana yeni təyin olunan səfiri Svend Ollinqin etimadnaməsini qəbul edən zaman bildirib.

Dövlət başçısı Azərbaycan ilə Danimarka arasında ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirməyin zəruriliyini vurğulayıb. İlham Əliyev daha çox biznes əlaqələrinə malik olmağın vacibliyini deyib. Prezident Danimarka şirkətlərinin ölkəmizin regionlarında qeyri-neft sektoruna sərmayə yatırmalarını Azərbaycanın iqtisadi siyasətinə uyğun olduğunu vurğulayıb və bunun regionların inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması və daha çox ixrac imkanlarının artırılması baxımından önəmini qeyd edib. 
Ümumiyyətlə, Azərbaycan Avropa ölkələri ilə iqtisadi müstəvidə əməkdaşlığı daha da genişləndirməyi düşünür. Bu istiqamətdə real addımlar atır, təkliflər verir. Avropa ölkələri isə Azərbaycanın çağırışlarını isti qarşılayır, real təklifləri yüksək qiymətləndirir. Məsələn, Avropanın cənubunda bir neçə ölkənin iştirakı ilə çəkilən TAP qaz kəməri məhz Xəzərdə hasil edilən mavi yanaşağın daşınması üçündür. Son olaraq bu günlərdə İtaliya hökuməti xəttin ölkə ərazisindən keçən 500 km-dən uzun hissəsinin tikintisinə icazə verib. Cənub-Şərqi Avropaya daha çox enerji daşıyıcıları lazımdırsa, Şimali Avropa qeyri-neft sektoru ilə əməkdaşlıqda daha maraqlı görünür. Belə ki, həmin ölkələrin qonşuluqda yerləşən Norveçdən nef-qaz məhsullarını idxal etməsi məsafə baxımından daha sərfəlidir. Buna görə də Danimarka Azərbaycan arasında iqtisadiyyatın digər sahələrində əməkdaşlıq etmək qarşılıqlı fayda verər.  
Bu gün Danimarka istehsal etdiyi ət və ət məhsulları, süd və süd məhsulları ilə Avropa bazarında məşhurdur. Əhalinin 16 % əkinçiliklə məşğuldur. Bu, Avropada yüksək göstəricidir. Kəndli-fermerlərin yetişdirdikləri məhsullar içərisində arpa, buğda və şəkər çuğunduru üstünlük təşkil edir. Ölkədə balıq yağı və digər balıq məhsullarının istehsalı və işlənməsi üçün müasir texnologiyalı fabriklər keyfiyyətli işi ilə seçilir. 
Danimarkada təbii ehtiyatlar yox dərəcəsindədir. Lakin burada sənaye xeyli inkişaf edib. Xaricdən xam neft və digər xammallar alınır. Sənaye müəssisələrinin əksəriyyəti liman şəhərlərindəə yerləşir. Sənaye maşınları, gəmi və liman inşası sənayesində dünyanın öndə gedən ölkələrindən biridir. Ölkədə ticarət əsasən Qərbi-Avropa ölkələri və ABŞ-la aparılır. Bu mənada demək olar ki, Danimarka biznes sahəsində mühafizəkar ölkədir. Ancaq buna rəğmən onun Azərbaycanla qarşılıqlı əməkdaşlığa maraq göstərməməsinə heç nə mane olmur. Əksinə, bir balaca tərpəniş olsa irəliləyiş mütləqdir. Çünki, Azərbaycanın dadlı və keyfiyyətli kənd təsərrüfatı məhsullarına bu ölkənin varlı əhalisinin ehtiyacı olmamış deyil. Axı, varlı ölkələrdə cənub günəşinin qızmar şüaları altında və münbit torpaqda yetişən vitaminli və keyfiyyətli məhsullara tələbat həmişə böyük olub. Bundan başqa dəniz sahilində yerləşən hər iki ölkənin liman təsərrüfatı, gəmiqayırma sahəsində də əməkdaşlığa meyilli olmaları mümkündür. 
İqtisadiyyatın daha müasir sahələri, məsələn, informasiya texnologiyaları üzrə Danimarka və Azərbaycan arasında perspektivli inkişaf əlaqəsi yarana bilər. Məsələn, tezliklə ABŞ-ın “Apple” şirkəti Danimarkada dünyanın ən iri məlumat mərkəzlərindən birini istifadəyə verəcək. Bu təcrübədən Azərbaycan yararlana bilər. Yaxud, bu ilin sonunda işə salınmağı gözlənilən Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə Danimarka Hindistana və Çinə qədər regionun bütün ölkələrinə gedən ən qısa yola çıxış əldə edə bilər. 
Azərbaycanda sürətlə inkişaf edən turizm danimarkalıların maraq dairəsinə düşə bilər. Eyni zamanda azərbaycanlılar bu şimal ölkəsinin adət-ənənələrini görmək üçün buraya maraqla səfər edərlər. Hər şey yanaşmadan asılıdır. Əgər Fransa və Almaniya kimi ölkələrlə geniş əlaqələr qurulubsa, demək, təcrübə var və Danimarka ilə də müvafiq əlaqələrin qurulması sadəcə niyyət məsələsidir. Ölkə başçısı istiqaməti müəyyənləşdirib. Söz iş adamlarının və müvafiq qurumlarındır. Azərbaycanın iqtisadi münasibətlər xəritəsi aydan-aya genişlənir.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz