Əlaqə Arxiv
news Image
2017.03.29
09:40
| A A A
Azərbaycana daha çox xarici valyuta gəlməyə başlayır
Natiq Cəfərli: “Müsbət saldonun olması yaxşı amildir” Yaşar Əsədov: “4 milyard dollar yüksək rəqəm olmasa da, manatın məzənnəsinə müəyyən qədər təsir göstərə bilər”

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2,6259 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 20,09 faiz artım deməkdir.  Xarici ticarətin 1,653 milyard dollarını ixrac, 971,97 milyon dollarını idxal formalaşdırıb. Yanvar-fevral ayları ərzində ixrac 36,64 faiz artıb, idxal 0,44 faiz azalıb. 

Rəsmi statistik məlumat göstərir ki, bu ilin ilk 2 ayında xarici ticarət saldosunda müsbət dinamikanın baş verməsi ixracdakı kəskin artımla bağlıdır. İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, ötən ilin yanvar-fevral ayında əsas ixrac məhsulumuz olan neftin qiyməti 28-35 dollar arasında dəyişirdi: “Bu ilin müvafiq dövründə isə neftin orta qiyməti 52 dollardır. Göründüyü kimi, ötən illə müqayisədə əsas ixrac məhsulumuz olan neftin qiymətində 60 faiz artım qeydə alınıb. Bu da ixracatın ümumi dəyərində artıma səbəb olub. Nəticədə  bu, gəlirlərimizin artmasına da pozitiv təsirlər göstərdi. 
İdxalın azalmasının əsas səbəb isə kreditləşmənin zəifləməsidir. Əvvəlki illərin təcrübəsi göstərir ki, Azərbaycanda ticarətdə kreditin vacib rolu var. İnsanlar qeyri-ərzaq məhsullarını əsasən kreditlə əldə edirlər. Bu da ticarət dövriyyəsini artırırdı. Hazırda isə kreditləşmədə zəifləmə müşahidə edilir. Odur ki, qeyri-ərzaq məhsullarının alınmasına maraq azalıb. Həmçinin qiymətlərin dəyişəcəyi ilə bağlı gözləntilər var. Ona görə də əhali əlində olan vəsaiti qənaətlə xərcləməyə çalışır. Bu da bütövlükdə idxalın həcmini azaldıb. Həmçinin ölkədən valyuta çıxışının azalmasına səbəb olub. Neqativ tərəfi odur ki, ticarət dövriyyəsi zəifləyib. Lakin pozitiv aspekti odur ki, nəticədə ölkədən valyuta çıxışının azalmasını müşahidə etdik”. 
Ekspert əlavə etdi ki, ixracın artımı manatın məzənnəsinə ciddi təsir edəcək səviyyədə deyil: “Müsbət saldonun olması yaxşı amildir. Amma Mərkəzi Bankın da rəqəmlərini gözləmək lazımdır. Başqa mənbələrdən pul köçürmələri ola bilər. Ölkədən kapital axınında xeyli azalmalar varsa, bu, manata müsbət təsir edə bilər”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədov da ixracın dəyərnin artmasını neftin qiyməti ilə əlaqələndirir: “Ötən ilin əvvəlində dünya bazarında neftin qiyməti 30-40 dollar arasında dəyişirdi. Bu il isə neftin qiyməti 50 dollardan yuxarıdır. Göstərilən 36 faiz fərq də məhz buradan meydana çıxır. İki ay ərzində təxminən 700 milyon dollar müsbət saldo əmələ gəlib. Bu minvalla il ərzində 4 milyard dollardan bir qədər çox müsbət saldo deməkdir. 
Düzdür, neftin qiyməti 100 dollar olan vaxtı Azərbaycanın xarici ticarətində müsbət saldo 20 milyard dollardan çox idi. Odur ki, 4 milyard dollar yüksək rəqəm olmasa da, manatın məzənnəsinə müəyyən qədər təsir göstərə bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz