Əlaqə Arxiv
news Image
2017.03.29
07:30
| A A A
Ölkə iqtisadiyyatı qlobal böhrana əzmlə müqavimət göstərir

Qlobal böhran səngiməsə də, Azərbaycanda bu ilin əvvəlindən ümumi daxili məhsulun artımı müşahidə olunur. 2017-ci ilin yanvar-fevral aylarında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 10042,6 milyon manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 1035,6 manata bərabər olmuşdur. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi daxili məhsulun 46,7 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 7,6 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 15,8 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil etmişdir. Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 56,8 faiz olmuşdur.
ÜDM artımı paralel olaraq iqtisadiyyatın digər sahələrində də pozitiv nəticələrin əldə olunmasını təmin etmişdir. Komitədən bildirildiyinə görə, 2017-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,4 min nəfər olmuş, onlardan 883,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda,  627,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 22,2 faizi təhsil, 19,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,0 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. 
2017-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 504,8 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
Bundan əlavə, 2017-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2093,7 milyon manat vəsaitin 1503,3 milyon manatı neft sektoruna, 590,4 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 69,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 89,2 faizi məhsul istehsalı obyektlərinin, 8,1 faizi xidmət sahələri üzrə obyektlərin, 2,7 faizi ümumi sahəsi 209,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 32,9 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 77,2 faiz, bank kreditləri 11,4 faiz, büdcə vəsaitləri 8,0 faiz, əhalinin şəxsi vəsaitləri 2,7 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,7 faiz təşkil etmişdir.
Ümumiyyətlə, neft-qaz gəlirlərindən asılılığın azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti son 13 ildə qeyri-neft sektorunun inkişafı və biznes mühitinin liberallaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olmuşdur. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin fəaliyyətinə geniş imkanların yaradılması yolu ilə yerli istehsalın stimullaşdırılması, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişafın təmayülünü qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Nəticədə qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələmişdir. 
Regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunmuşdur. Dövlət proqramlarında müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadəsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Sahibkarlıq mühiti yaxşılaşdırılmış, iqtisadiyyatın inkişafına investisiyalar təşviq edilmiş, ixracyönümlü məhsul istehsalı stimullaşdırılmışdır. Müasir tipli infrastruktur obyektlərinin yaradılması, yolların bərpası və digər tədbirlər də qeyri-neft sektorunun dinamik artımına zəmin yaratmışdır. 
Bu tədbirlər regionlarda sahibkarlığın inkişafına və biznes mühitinin yaxşılaşmasına əsaslı təkan vermişdir: qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmini, 400-dən çox elektron xidmətin göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, biznes forumların, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır. Son illər respublika regionlarında müasir tələblərə cavab verən və yüksək texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin istifadəyə verilməsi dünya bazarlarına rəqabətə davamlı məhsulların çıxarılmasına, bütövlükdə ixracın şaxələndirilməsinə imkan yaratmışdır.
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Azərbaycan təcrübəsində sahibkarın dövlətin maliyyə imkanlarından əlverişli şərtlərlə bəhrələnməsinin, xüsusilə qeyri-neft sektorunda səmərəli investisiya layihələrinin reallaşdırılması məqsədilə uzunmüddətli kreditlər almasının pozitiv nümunəsinə çevrilmişdir: bunun nəticəsi olaraq 2016-cı ildə ölkədə biznes mühiti daha da liberallaşmış, qeyri-neft sektorunun real artımı təmin edilmişdir. 
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sənayeləşmə siyasəti çərçivəsində qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni sənaye məhsulları istehsalı sahələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq, güzəştli kreditlər hesabına müasir texnologiyalara əsaslanan tikinti materialları istehsalının yaradılmasıdır. 
İqtisadiyyatın İnkişafına dair Strateji Yol Xəritələrinə müvafiq olaraq 2017-2025-ci illərdə ÜDM-də qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisini yüksəltmək, büdcə gəlirlərinin yığım əmsalını artırmaq, dövlət büdcəsi xərclərinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək, büdcədən maliyyələşən təşkilatlar üzrə adambaşına maliyyələşdirmə prinsipinə keçmək, yerli dövlət proqramları və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə uzlaşdırılması üçün tədbirlər görmək, xərclərin investisiya və social yönümlülüyünə üstünlük verməklə sosial siyasəti gücləndirmək, büdcə xərclərinin son nəticəyə əsaslanan məqsədli proqramlar əsasında tərtibini davam etdirmək strateji məqsədlər kimi qarşıya qoyulmuşdur. 
Bundan başqa, qarşıda iqtisadiyyatın, o cümlədən sahibkarlığın, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək, ölkənin müdafiə qüdrətinin, təhlükəsizliyinin və hərbi potensialının artırılması istiqamətində büdcə siyasətini davam etdirmək, dövlət büdcəsindən müəssisə və təşkilatlara verilən maliyyə yardımlarının və transfertlərin istifadə mexanizmini təkmilləşdirmək və effektivliyi artırmaq, iqtisadi irəliləyişlərə şərait yaradan qanunvericilik bazasını gücləndirmək, qeyri-neft gəlirlərinin artımı hesabına dövlət büdcəsi kəsirinin azaldılmasına və kəsirin idarə olunan səviyyədə saxlanılmasına nail olmaq kimi hədəflər də durur.
Son illər qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yüksəlişində sahibkarlar da daha böyük rol oynamağa başlayırlar. Bütün bunlar faktiki olaraq ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiyyata yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi, bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir. 

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi  İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub

 

Sizin Reklam Yeriniz