Əlaqə Arxiv
news Image
2017.03.30
09:50
| A A A
Pambıqçılıq Azərbaycana yeni valyuta axınını təmin edəcək
Fikrət Yusifov: “İndi əsas vəzifə istehsal olunan pambığın, baramanın və digər məhsulların emalını yüksək səviyyədə təşkil etməkdir” Cümşüd Nuriyev: “Azərbaycanda pambıqçılıq sahəçində bizim insanların böyük təcrübəsi var”

Məlumdur ki, Saatlıda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildi. Prezident müşavirədə vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yarandığını, bunun çox önəmli amil olduğunu qeyd edib: “Dövlət öz dəstəyini göstərir və göstərəcək. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq, buna şübhə yoxdur”.

Mütəxəssislərin fikrincə, pambıqçılığa belə yüksək diqqət fonunda Azərbaycanın bu sahədə daha böyük naliyyətlər əldə edəcəyini gözləmək olar. Onu da qeyd edək ki, son illər bu sahəyə artan diqqət artıq öz bəhrəsini verib. Qarşıya qoyulan öhdəlik ötən il yerinə yetirildi. 
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki, ölkənin aqrar sektorunda əldə olunmuş nəticələr göz qabağındadır: “Əgər 2015-ci ildə Azərbaycanda cəmi 200 kiloqramdan bir qədər çox barama istehsal olunmuşdusa, 2016-cı ild bu rəqəm 70 tona çatıbdır. Yaxın bir neçə ildə onun on dəfələrlə artırılması nəzərdə tutulur. Ötən il 51 min hektar sahədə pambıq əkilib. Cari ildə isə ölkənin 25 rayonu üzrə təxminən 136 min hektar sahədə pambıq əkini nəzərdə tutulur. Əgər hektardan orta hesabla 20 sentner pambıq yığılarsa bu, 270 min ton pambıq tədarükü deməkdir. Nəzərə alaq ki, 2015-ci ildə 18 min hektar sahədən cəmi 35 min ton pambıq yığıldımışdı. Qısa müddət ərzində bu çox böyük göstəricidir. 
İndi artıq söhbət təkcə bu məhsulların istehsalını artırmaqdan getmir. İndi əsas vəzifə istehsal olunan pambığın, baramanın və digər məhsulların emalını yüksək səviyyədə təşkil etməkdir. Bu xammallardan hazırlanacaq son məhsullar ölkəmizə dəfələrlə çox möhkəm valyuta daxil olmasına  imkan verəcəkdir. Bu səbəbdən də hökumət ölkədə emal sənayesinin inkişafını ön plana çəkib. Artıq ölkə başçısının bilavasitə təşəbbüsü ilə emal sənayesinin yaradılmasını nəzərdə tutan ciddi layihələrə start verilib. Pambıqçılığın, ipəkçiliyin inkişafı Azərbaycanda yüngül sənayenin də inkişafına yaxşı zəmin yaradacaq. Mingəçevirdə sənaye parkının yaradılması, Şəki İpək Kombinatının yenidən qurulması buna bariz misaldır. Biz artıq öz məhsullarımızın dünya bazarlarına çıxarılması və bu məhsulların orada öz layiqli yerlərini tutması yolunda dövlət səviyyəsində çox önəmli addımlar atmağa başlamışıq. “Made in Azərbaycan” brendinin təbliğinə dair hökumətin qəbul etdiyi qərarlar tədqirəlayiqdir”.
Kənd təsərrüfatı nazir müavini sabiq Cümşüd Nuriyev hesab edir ki, diqqət fonunda Azərbaycanda pambıqçılığı inkişaf etdirmək mümkündür: “Nəzərə alaq ki, Azərbaycanda pambıqçılıq ənənəvi kənd təsərrüfatı sahələrindən bir olub. Həm də bu sahədə bizim insanların böyük təcrübəsi var. Lakin pambıqçılığı adi şüarlarla inkişaf etdirmək mümkün olmayacaq. Konkret işlər görülməlidir. 
Əvvəla, pambıq sahələrinin həcmi və münbitliyi artırılmalıdır. İkincisi, pambıqçılıq rayonlarında iri təsərrüfatlar yaradılmalıdır. Çünki hər bir fermerin kiçik sahəsi olmaqla pambıqçılıqda ciddi nəticələr əldə etmək çətindir. Yaxşı olardı ki, dövlət kollektiv təsərrüfat yaratsın. Bununla da fermerlərin həm aqrotexniki, həm də maliyyə təminatı həll olunar. Eyni zamanda, əvvəlcədən müqavilə bağlanma sisteminə keçilməlidir. Pambıq istehsalçısı bilməlidir ki, ilin sonuna qədər gəliri olacaq. Bir də nöqsanlı cəhət odur ki, Azərabcyanda pambıqçılıq sahəsi üzrə mütəxəssis azdır. Bu sahənin inkişafı konseptual şəkildə olmalıdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz