Əlaqə Arxiv
news Image
2017.04.19
09:00
| A A A
Qeyri-neft sektoru iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilir
Cümşüd Nuriyev: “Dövlət başçısının yürütdüyü siyasət qeyri-neft sahəsinin dinamik inkişafına nail olmağa, bu sektor üzrə ixrac həcminin artırılmasına xidmət edir” Vüqar Bayramov: “Dövlət dəstəyinin artırılması qeyri-neft sektorunun mövqeyinin möhkəmlənməsinə, bu sahə üzrə ixracatın çəkisini artırmağa imkan verəcək”

Aprelin 17-də Yevlaxda Prezident  İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçrilib. Tədbirin özü bir daha qeyri-neft sahəsinə yüksək diqqət və qayğının göstəricisi oldu. Bu mənada gözləmək olarmı ki, qeyri-neft sahəsinin inkişafı daha dinamik xarakter alsın? Bu sahə üzrə ixrac həcmi daha sürətlə çoxalsın?

İqtisadçı-ekspert Cümşüd Nuriyev bildirdi ki, dövlət başçısının apardığı siyasət nəticədə qeyri-neft sektorunun daha dinamik şəkildə inkişafına gətirib çıxaracaq: “Əslində, dövlət başçısının yürütdüyü siyasət də qeyri-neft sahəsinin dinamik inkişafına nail olmağa, bu sektor üzrə ixrac həcminin artırılmasına xidmət edir. Prezident çalışır ki, qeyri-neft sektoru çox sürətlə inkişaf etsin. Buna nail olmaq üçün də Azərbaycanda hər cür şərait mövcuddur. Həmin inkişafa nail olmaq üçün ölkədə iqtisadi, istərsə də siyasi bütün şərtlər yetişib. Bu istiqamətdə ehtiyatlarımız da kifayət qədərdir. Dövlət başçısı da bu məsələni diqqətdə saxlayır. 
Prezident aqrar sektora ona görə diqqəti artırıb ki, Azərbaycan da uzun müddət aqrar-sənaye ölkəsi olub. Vaxtilə ulu öndər Heydər Əliyevin zamanında Azərbaycan Respublikası büdcəsinin 40-45 faizi kənd təsərrüfatından əldə olunan gəlirlər hesabına formalaşırdı. Hazırda isə bu rəqəm 12 faizə düşüb ki, bu da aşağı göstəricidir. İndi Prezident bölgələrə çıxmaqla həm yerlərdə şəraitlə tanış olmağı qərara alıb, həm də vəziyyəti özü nəzarətdə saxlayır. Ona görə də inanıram ki, Prezidentin qeyri-neft sektorunun dinamik inkişafına nail olmaq istiqamətində atdığı addımlar tezliklə öz müsbət nəticəsini verəcək. Çünki Azərbaycanda Prezidentin məsələlərə həddən artıq ciddi yanaşması fonunda onun həlli istiqamətində real olaraq ciddi addımlar da atılır”. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, artıq qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün prioritet məsələdir: “Çünki neftin dünya bazarındakı qiymətlərilə bağlı proqnozlar fərqli olsa da, hələlik onun aşağı həddə qalacağı barədə səslənən fikirlər özünü daha çox doğruldur. Bu fonda da düşünmək olar ki, neft erası artıq başa çatıb. O baxımdan fərqli proqnozlar olduğundan, postneft dövründə vacibdir ki, məhz qeyri-neft sektorunun inkişafı dəstəklənsin. Belədə növbəti illərdə Azərbaycan üçün qeyri-neft sektorunun rolu ciddi şəkildə vacib olacaq. 
Ölkə iqtisadiyyatının dayanıqlığı praktik olaraq qeyri-neft sektorunun inkişafından asılıdır. Ona görə də qeyri-neft sektorunun dəstəklənməsilə bağlı fəaliyyətlərin genişləndirilməsi olduqca vacibdir. Sözsüz ki, belə olan halda qeyri-neft sektoru üzrə ixracatın payının artırılması da prioritetdir. O baxımdan dövlət dəstəyinin artırılması qeyri-neft sektorunun mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq. İmkan verəcək ki, qeyri-neft sektoru üzrə ixracatın çəkisini artırmaq mümkün olsun. Bu baxımdan düşünürəm ki, qeyri-neft sektorunun inkişafı nəticədə dayanıqlı iqtisadi inkişaf baxımından vacibdir. Onun baş verməsi ölkəyə daha çox valyuta axınına da səbəb olacaq və iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olmağa imkan verəcək”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz