Əlaqə Arxiv
news Image
2017.04.19
09:15
| A A A
Silah ixracı Azərbaycana daha çox valyuta gətirməyə başlayır
Elşən Musayev: “ Bu sahənin inkişafı və ixrac potensialının artması Azərbaycana böyük üstünlüklər gətirəcək ” Üzeyir Cəfərov: “Valyuta gətirən məhsullar sırasında silah istehsalının yer alması onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da silah ixracını genişləndirəcək”

Yevlax şəhərində keçirilən respublika müşavirəsində yeni ixrac istiqamətləri arasında hərbi texnikanın ixracı məsələsinə toxunan Prezident İlham Əliyev deyib ki, silah ticarəti artıq ölkəyə böyük həcmdə valyuta gətirir. Ümumiyyətlə, ötən illərlə müqayisədə Azərbaycanın silah ixracı artır. 

Qeyd edək ki, cari il üçün Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) xarici ölkələrə müdafiə təyinatlı məhsulların ixracına dair 101 milyon dollarlıq müqavilə bağlayıb. Hansı ki, bu məbləğin 57 milyon dolları icrada olan müqavilələrdir, qalan 44 milyon dolları isə qarşı tərəfdən son istifadəçi sertifikatları təqdim edildikdən sonra qüvvəyə minəcək. Bu barədə bir müddət əvvəl müdafiə sənayesi naziri Yavər Camalov məlumat verərkən onu da qeyd edib ki, hazırda 10-dan çox ölkənin müvafiq qurumlarına Azərbaycanda istehsal olunan hərbi məhsulların ixracı həyata keçirilir. İxrac edilən silahlar sırasında bütün növ döyüş sursatları, müasir atıcı və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnika və s. vardır. Ümumiyyətlə, 2017-ci ildə verilmiş sifarişə uyğun olaraq 123,7 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulub.
Bu sənayenin ölkə iqtisadiyyatında və ixracında xüsusi çəkisinin daha da artmasını gözləmək olarmı?
Milli Məclisin deputatı Elşən Musayev əminliklə söylədi ki, müdafiə sənayesinin ölkə iqtisadiyyatı və ixracatında xüsusi çəkisinin daha da artacağını gözləmək olar: “Cənab Prezident də bu istiqamətdə səsləndirdiyi fikirləri əbəs yerə söyləməyib. Müdafiə Sənayesi Nazirliyinin bu günə qədər gördüyü işlər artıq göz önündədir. Sadəcə, burada ikitirəli məsələ var. 
Azərbaycan Qarabağ münaqişəsini yaşayan tərəfdir. Hal-hazırda ərazimizin 20 faizi işğalçı Ermənistan tərəfindən işğal olunub. Bu səbəbdən istehsal etdiyimiz həmin silahlar həmçinin özümüzə lazımdır. Çünki ona hər an ehtiyacımız var və bu fonda daxili istehsal kənardan gətirməkdən daha sərfəlidir. Çünki onun idxalı büdcəmizə ciddi ziyan vura bilər. Keçən ilin aprelində bildiyiniz kimi, Ermənistanla açıq döyüşlər başladı və bu zaman da əksər hallarda məhz yerli silahlardan istifadə etməklə düşmənə sarsıdıcı zərbələr endirdik. Amma silah istehsalı həmçinin ticari məqsədlər daşıyır. Bu sahədə ixracın artması qeyri-neft sektorunun ixracatda silah istehsalının rolunun çoxalmasına stimul verəcək.  Ona görə də silah ixracının Azərbaycan tərəfindən artması tendensiyası gözləniləndir. Buna ölkəmizin hər cür imkanları vardır. Düzdür, cənab Prezidentin də qeyd etdiyi kimi, hələlik silah ixracı  bir sıra digər strateji məhsular üzrə həyata keçirilən ixrac potensialımızdan azdır. 
Amma bütün hallarda silah ixracının da genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamətə böyük bir güc sərf olunub. Müdafiə Sənayesi Nazirliyinin Azərbaycanda fəaliyyət göstərən  zavodları artıq silah istehsalını kifayət qədər genişləndiriblər. Bu da həmin sahə üzrə Azərbaycanda ciddi peşəkar kadrların olmasından xəbər verir. Müdafiə Sənayesi Nazirliyinin gördüyü işlərin miqyası ümumiyyətlə, çox böyükdür. Çox yaxşı olar ki, qeyri-neft sektorunun bir sahəsi olaraq silah satışı da artsın. Bilirsiniz ki, silah satışı baha başa gəlir. Onun milyonlarla dollar ölçülən dövriyyəsi var. Bu sahənin inkişafı və ixrac potensialının artması Azərbaycana böyük üstünlüklər gətirəcək”.  
Hərbçi-ekspert Üzeyir Cəfərov da bildirdi ki, Azərbaycan istehsalı olan silahların ixrac imkanlarının artması gözləniləndir: “Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yeni yaranan qurumdur. Buna baxmayaraq, qısa müddətdə qurum böyük uğurlara imza atıb. Hansı ki, bu uğurların da səsi-sorağı bir çox beynəlxalq sərgi və tədbirlərdən gəlir. 
Əvvəlki illərdə 600-700 ədəd silah istehsalından danışılırdısa, indi belə məhsulların çeşidi və sayı min ədədi ötür. Hazırda Azərbaycan öz istehsalı olan silahları artıq xarici ölklərə də təklif edir. Yəni, silah-sursat alıcılarımız da var. Ölkə başçısı Yevlaxda keçirilən müşavirədə də vurğuladı ki, Azərbaycan həm pilotsuz uçan aparatlar, kiçik çaplı silahlar, “Matador” kimi  zirehli texnikanı ixrac edir. Xaricdə Azərbaycanın istehsal etdiyi bu məhsullara böyük maraq var. Çünki keyfiyyətli olmaqla yanaşı, uçuz başa gəlir. 
Silah-sursat istehsalı elə bir sahədir ki, o, hər zaman gəlir gətirir. Azərbaycan öz silahını region ölkələrinə də təklif edir. Region ölkələri Bakıda keçirilən 2 silah sərgisinə ciddi maraq göstərmişdilər. Azərbaycan nümayəndə heyəti də öz növbəsində başqa ölkələrdə keçirilən bu tip sərgilərdə iştirak edərək məhsullarını nümayiş etdirib və etdirməkdə davam edir. Valyuta gətirən məhsullar sırasında silah istehsalının da yer alması onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da silah ixracını genişləndirəcək. Nədən də olmasın?! Bu sahə hər zaman tələbatlı sahə olub. Azərbaycan öz istehsal etdiyi silahlarla həm daxili tələbatı ödəyir, həm də ixrac potensialını artırır. 
2016-cı ilin məlum aprel hadisələri zamanı da sırf yerli silah və sursatlarımızdan istifadə etdik. Qısa zamanda silah ixracı sahəsində ölkəmizin uğura imza atmasının əsas səbəbi ən yeni silah-sursatın ən müasir avadanlıqlara söykənərək istehsal etməyimizdən qaynaqlanır. Müasir tələblərə cavab verən silah-sursat istehsalı üçün ən yeni texnologiyalar alınıb. Yəni, alıcılıq qabiliyyətinin yüksək olması və keyfiyyət baxımından Azərbaycanın hərbi təyinatlı məhsulları ixracın artması fonunda böyük gəlirlər gətirmək gücündədir”.
Rüfət NADİROĞLU
  

Sizin Reklam Yeriniz