Əlaqə Arxiv
news Image
2017.04.20
10:10
| A A A
İqtisadi inkişafın banisi

O, həm güclü siyasətçi, eyni zamanda iqtisadiyyatın dərin bilicisi idi. Liderlərə xas bu iki vacib amilin onda cəmləşməsi Azərbaycanı işıqlı gələcəyə gətirib çıxartdı. Yəqin ki, söhbətin ulu öndər Heydər Əliyevdən getdiyini anladınız... Elə SSRİ rəhbərləri sırasında ulu öndər Heydər Əliyevi liderliyə yüksəldən mühim səbəblərdən biri də onun iqtisadiyyatı siyasət qədər mükəmməl bilməsi idi. Hələ ötən əsrin 60-cı illərində Azərbaycanın sənayesi Sovetlər Birliyinin iqtisadi xəritəsində özünəməxsus şan-şöhrət qazana bilməmişdi. Həmin dövrdə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın adını nəinki SSR məkanında, hətta  bütün dünyada məşhurlaşdırmağa başladı. 1969-cu ildə Ulu öndərin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkəmizin iqtisadi həyatının tarixi mərhələsi başlandı. Heydər Əliyevin təkcə 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə 250-dən çox zavod, fabrik, istehsal sahələri istifadəyə verildi.

Elə müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatı tənəzzül dövrünü yaşayırdı. Azərbaycanda yaranmış siyasi böhran, iqtisadiyyatın  dövrün tələblərinə uyğun qurulmaması ölkəni uçuruma aparırdı.  Xalqın təkidi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Heydər Əliyev sənaye istehsalının kəskin azaldığını görərək ölkəmizin iqtisadi həyatında yeni inkişaf mərhələsinin başlanması üçün islahatlara başladı. 

Ulu öndərin əməyi sayəsində neft-qaz sənayesinin dirçəldilməsi ilə bağlı tədbirlərə start verildi.  1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası, ölkənin enerji təhlükəsizliyinin təməli qoyuldu. Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına nail olundu. Bununla yanaşı, Azərbaycan qazının qərb bazarına ixracının təmin olunması üçün ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı. Neft maşınqayırmasının inkişaf etdirilməsi də Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdu. Bu istiqamətdə həyata keçirilmiş ən mühüm tədbirlərdən biri 2001-ci ildə özündə 17 zavodu, 4 elmi-tədqiqat institutunu birləşdirən “Azneftkimyamaş” Səhmdar Cəmiyyətinin yaradılması oldu. Ümumiyyətlə, 1993-2003-cü illər ərzində real islahatlar üçün zəruri şərtlər təmin edildi, siyasi və makroiqtisadi sabitlik əldə olundu, sahibkarlığın təşəkkülü istiqamətində ilkin tədbirlər görüldü. Bu tədbirlər sayəsində ÜDM-nin həcminin azalmasının qarşısı alındı, inflyasiya minimum səviyyəyə endirildi. Makroiqtisadi sabitlik təmin edildikdən sonra inkişafa keçid baş verdi. Sahibkarlığın inkişafının dövlət müdafiə sistemi quruldu, özəlləşdirilməyə başlanıldı, idarəetmədə struktur dəyişikliyi baş verdi. Atılan addımların hesabına əsas makroiqtisadi göstəricilər yaxşılaşdı, sahibkarlıq subyektlərinin sayında davamlı artım baş verdi, xarici investisiyalarda artım sürəti gücləndi. 1995-ci ilin sentyabrında kiçik həcmli müəssisələrin özəlləşdirilməsinə dair qanun qəbul edildi. Qanun qəbul edildikdən sonra, 1996-cı ildə kiçik həcmli müəssisələrin özəlləşdirilməsinə başlandı. 1994-cü ildən başlayaraq atılan qəti addımlar 1996-cı ildə ilk müsbət makroiqtisadi nəticənin əldə edilməsinə imkan verdi və 1996-cı ildə ÜDM istehsalı 1,3 faiz artdı. 1995-ci ildə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edilən məhsulun ÜDM-də payı 30,3 faiz təşkil edirdisə, 2002-ci ildə 73 faizi bu sektorun hesabına yarandı. Özəl sektor xüsusən aqrar sahədə daha sürətlə formalaşdı. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə torpaq islahatı haqqında qanunun qəbul olunmasının özü bazar iqtisadiyyatına keçid istiqamətində atılan cəsarətli addım oldu və MDB ölkələri üçün gözəl təcrübə nümunəsinə çevrildi. Torpağın özəlləşdirilməsi sayəsində 857,6 min ailə və yaxud onların 98,1 faizi öz torpaq paylarına sahib oldu. Orta hesabla bir ailəyə 1,6 hektar, cəmi isə 1,3755 milyon hektar torpaq sahəsi verildi. Torpaq payı alan ailələrdən 2589-u kəndli təsərrüfatı kimi rəsmi qeydiyyatdan keçdi.  Bu gün Azərbaycanda sənayenin elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ulu öndərin adı ilə bağlı olmasın.

İqtisadçı professor Əli Əlirzayev də Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında misilsiz xidmətlərinin olduğunu söyləyir. O, Movqe.az-a açıqlamasında deyib ki, Ulu öndər ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasını düzgün seçmişdi: “Heydər Əliyev iqtisadiyyatı çox gözəl bilirdi. Onun  çox güclü təhlil bacarığı vardı. Ölkənin gələcəyini görürdü. Çox praqmatik şəxsiyyət idi. Bu da onun savadından, böyük təcrübəsindən irəli gəlirdi”.

Ə. Əlirzayev bildirir ki, Heydər Əliyev ölkənin iqtisadi potensialına bələd olduğundan, hansı sektorda islahatlar aparacağını da yaxşı bilirdi: “Ulu öndər ölkənin iqtisadi potensialının hansı sferada daha güclü olduğunu bilirdi. O, yaxşı bilirdi ki, neft sənayesinin inkişafı ölkəmiz üçün labüddür. Ulu öndər onu da yaxşı bilirdi ki, müstəqilliyin yenicə qazandığı illərdə əhalinin gəliri çox aşağı idi. Ona görə də, Heydər Əliyev strategiyasını düzgün hədəfə yönəltmişdi. O, 1993-cü ildə hakimiyyətə gələndən sonra Azərbaycanda neft strategiyasının əsasını qoydu. Bu strategiya uğurla həyata keçirildi. Heydər Əliyev iqtisadi metodologiyanı çox gözəl bilirdi. Bilirdi ki, bu yolla ölkəyə çoxsaylı investor cəlb  etmək olar". 


“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov  da  deyir ki, Ulu öndərin milli iqtisadiyyata verdiyi töhfələrin, həyata keçirdiyi islahatların bəhrəsini bu gün Azərbaycan xalqı görür: “1990-cı  illərin birinci yarısında Azərbaycan iqtisadiyyatı demək olar ki, tamamilə dağınıq bir vəziyyətdə idi. Həmin dövrdə həm siyasi səhnədə və həm də iqtisadiyyatda qeyri-sabit bir durum hökm sürürdü. Bu durumda nə yerli və nə də xarici investorlar Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq istəmirdilər. Ölkə iqtisadiyyatını bu vəziyyətdən çıxarmaq üçün real investisiya mühiti yaratmaq əsas şərt idi. Heydər Əliyev uzaqgörənliyi bu problemin ən qısa zaman kəsiyində yüksək səviyyədə çözülməsinə yol acdı. “Əsrin müqaviləsi” adlandırılan məlum neft sazişinin imzalaması ilə ölkə iqtisadiyyatına yatrımların qapısı açılmış oldu. 1995-ci ilin sonlarına yaxın hiperinfilyasiyanın cilovlanmasından və ölkədə ictimai siyasi vəziyyətin sabitləşməsindən sonara iqtisadiyyatın dirçəliş dövrü başlandı. Müstəqillik illərində ilk dəfə olaraq 1996-cı ildən başlayaraq iqtisadiyyatımızda artım tempini qeydə alındı. Həmin illərdə daha çox kapital neft sektoruna qoyulsa da iqtisadiyyatın qeyri-neft sektoruna da həm xarici və həm də daxili investisiyalar getdikcə artırdı. Xarici investorların sırasında aparıcı yer qardaş Türkiyədən olan iş adamlarına məxsus idi. 


Artıq neçə illərdir ki, dünya iqtisadiyyatı böhran yaşayır. Bu böhran xüsusilə neft hasil edən ölkələrin iqtisadiyyatına ciddi ziyan gətirdi. Təbii ki, o, bizdən də yan keçmədi. Ötən il ölkə iqtisadiyyatında müəyyən azalmalar baş versə də cari ilin ötən üç ayı ərzində iqtisadiyyatda əldə olunmuş nəticələr bunun artıq geridə qaldığını sübut edir. Bu ilin üç ayının göstəriciləri kifayət qədər pozitivdir. Bu, bir daha göstərir ki, son iki ildə hökumətin qeyri-neft sektorunun inkişafına dair qəbul etdiyi mühüm qərarlar artıq öz bəhrəsini verməyə başlayıb. Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal isə 17 faiz azalmışdır. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artmış, xarici ticarətdə müsbət saldomuz 1 milyard dollardan artıq olmuşdur. Cari ilin son üç ayında valyuta ehtiyatlarımız 1 milyard dollar artmışdır”.
Görülən tədbirlər qaşıdakı dövr ərzində Azərbaycanın iqtisadi sahədə də əldə etdyi uğurların miqyasını daha da genişləndirəcək. 

Zülfiyyə QULUYEVA 

Yazı “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”.

 

Sizin Reklam Yeriniz