Əlaqə Arxiv
news Image
2017.04.22
10:00
| A A A
Azərbaycan ərazisi ilə yük daşımaq istəyən ölkələrin sayı artır
Vüqar Bayramov: “Bu gün Azərbaycanda beynəlxalq yükdaşımalar qeyri-neft sektorunda əsas prioritet istiqamətlərdən hesab olunur” Fuad İbrahimov: “Bu, Azərbaycanın regional mövqeyini də gücləndirəcək”

Ukrayna və İran kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə daşınması barədə razılığa gəliblər. Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb. 

Nazir Vladimir Omelyan Kiyevdə İran nümayəndə heyəti ilə görüşdən sonra bildirib ki, qatarın marşrutu Gürcüstan və Azərbaycan ərazisindən keçəcək: “İlk qatarın bu ilin yayında yola düşəcəyi gözlənilir və test xarakteri daşıyacaq”.
Mütəxəssislərin fikrincə, Ukrayna və İran kənd təsərrüfatı məhsullarının Azərbaycan üzərindən daşınması ölkəmizin tranzit əhəmiyyətini artırmış olacaq ki, nəticədə tranzit gəlirlərimizə müsbət təsir göstərəcək. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, Azərbaycan üçün yükdaşımaların əhəmiyyəti böyükdür: “Bu gün Azərbaycanda beynəlxalq yükdaşımalar qeyri-neft sektorunda əsas prioritet istiqamətlərdən hesab olunur. O baxımdan beynəlxalq yükdaşımaların dəstəklənməsi və bu istiqamətdə Azərbaycanın tranzit ölkə kimi çıxış etməsi ölkəmizin gəlirlərinə müsbət təsir göstərəcək. Eyni zamanda nəzərə alaq ki, Azərbaycan beynəlxalq yükdaşımalarda rolunun və payının artırılması üçün nəqliyyat sektorunda şəffaflığın yüksəldilməsi, proseduraların yumşaldılması, süni maneələrin aradan qaldırılması istiqamətində 2015-ci ildən başlayaraq xeyli addımlar atır. Nəticədə Azərbaycanda 2016-cı ildə qeyri-neft setoru üzrə beynəlxalq yükdaşımaların həcmi 65 faiz artıb. Bu kontekstdən beynəlxalq yükdaşımalar ölkəmiz üçün vacibdir. 
Ukrayna və İranın kənd təsərüfatı məhsullarının Azərbaycan üzərindən keçməsi dövlət gəlirlərimizin  artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, postneft dövründə iqtisadiyyatın diversifikasiyası neftin başqa bir xidmət və ya məhsulla əvəz olunmasını nəzərdə tutmur. Diversifikasiya çoxlu sayda sektorların büdcə gəlirlərinin formalaşmasında rolunun artmasıdır. O baxımdan beynəlxalq yükdaşımalar dövlət gəlirlərinin diversifikasiyası baxımından böyük əhəmiyyət daşıyır”.
Digər iqtisadçı Fuad İbrahimov da bunu ölkəmiz üçün uğur hesab edir: “İqtisadiyyatımıza ancaq pozitiv elementlər verəcək. Qonşu ölkələrimizin ticari əməkdaşlığında Azərbaycanın da iştirakı ölkəmizə gəlir gətirməklə yanaşı, regional mövqeyini də gücləndirəcək. Azərbaycan ilk növbədə tranzit mənfəəti əldə edəcək. Bundan başqa yeni nəqliyyat infrstukturu yaranmış olacaq. Hansı ki, bu da yeni iş yerlərinin açılması deməkdir”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz