Əlaqə Arxiv
news Image
2017.04.22
08:00
| A A A
Fəaliyyətini aqrar sahədə quranların sayı artır
Cümşüd Nuriyev: “Yaxın illər üçün aqrar sahəyə maraq göstərən, öz investisiyalarını bura yönəldən iş adamlarının sayında sürətli artımlar olacaq” Əli Əlirzayev: “Buraxılan məhsulun xərcini, maya dəyərini azaltmaqla daha çox iş adamlarına aqrar sahəyə meyl etməyə stimul yarada bilərik”

İxrac sahəsində aqrar məhsulların xüsusi çəkisi artır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı da bunu təsdiqləyir: "İndiyə qədər "Azexport" portalı vasitəsilə 100 milyon ABŞ dolları civarında ixrac sifarişləri almışıq". Onun sözlərinə görə, ilin sonuna qədər bu rəqəm bir neçə dəfə artacaq.  "Ən çox kənd təsərrüfatı məhsullarına tələbat var. Sevindirici haldır ki, hazır məhsullara da maraq var ", - deyə V.Qasımlı qeyd edib. Beləliklə, aqrar məhsullara həm daxili tələbi ödəmək, həm də ixrac üçün tələbat böyük sürətlə artır. Bu mənada fəaliyyətini aqrar sahədə quran iş adamlarının sayının artmasını gözləmək olarmı? 

İqtisadçı ekspert Cümşüd Nuriyev bildirdi ki, yaxın illər üçün aqrar sahəyə maraq göstərən, öz investisiyalarını bura yönəldən iş adamlarının sayında sürətli artımlar olacaq: “Kənd təsərrüfatı üzrə daxili və ixracla bağlı tələbatın sürətlə artması fonunda təbii ki,  fəaliyyətlərini aqrar sahəyə yönəldən iş adamlarının sayının artmasını da gözləmək olar. Məsələ ondadır ki, cənab Prezidentin məsələyə qarışmasından sonra aqrar sahənin inkişafında mühüm dönüş yarandı. Bu fonda Azərbaycanda aqrar sahənin inkişaf etdirilməsi üçün qanunvericilik bazası tam hazırdır. Bundan başqa aqrar siyasətin həyata keçirilməsi üçün Azərbaycanda  bütün qanunlar mövcuddur. 
Azərbaycanda aqrar sektorun vergi və rüsumlardan azad edilməsi üçün də demək olar, bütün addımlar atılıb. Bu istiqamətdə gömrük bazası da kifayət qədər yaxşılaşdırılıb. Gömrük vergi və rüsumlar məsələsi normal məcraya salınıb. İxracyönümlü məhsulların gömrükdən keçirilməsində yaşıl dəhliz yaradılıb. Bu amil də aqrar sektorun inkişafına və belədə iş adamlarının da bu sahəyə geniş maraq göstərməsinə stimul verən məqamlardandır. Yeganə olaraq öncədən müqavilə sisteminə keçmək məsələsi hələlik həllini tapmayıb. Yəni, sahibkar bilməlidir ki, onun məhsulunu kim alacaq? Prezident də bu məsələyə toxundu. İxracyönümlü məhsullarla bağlı kadrların olmaması da prosesə əngəl yarada biləcək məqamlardandlır. Yalnız son bir ildə bu istiqamətdə kadr hazırlığına başlanılıb. Prosesə Prezidentin müdaxiləsindən sonra tədricən digər qurumlar da işə can yandırmağa başlayıblar. Prezidentin həyata keçirdiyi tədbirlər fonunda  yaxın gələcəkdə ərzaq məhsulu sahəsində ölkəmizin böyük uğurlara imza atacağını gözləyirəm. Bu fonda da həmin sektora maraq göstərən iş adamlarının sayı sürətlə çoxalacaq”.   
İqtisadçı Əli Əlirzayev qeyd etdi ki, yaradılacaq hərtərəfli şərait fonunda daha çox sayda iş adamının aqrar sektora maraq göstərəcəyi şübhəsizdir: “Qeyri-neft sektorunun inkişafı və onun ixrac potensialının artırılması üçün önəm verdiyimiz sahələrdən ən mühümü məhz kənd təsərrüfatı sektorudur. Bu istiqamətdə Azərbaycanda təcrübə də var. Azərbaycanda qədimdən bu sahə ilə məşğul olurlar. İndiki situasiyada daha çox iş adamlarının aqrar sektora maraq göstərməsi üçün həmin sahənin inkişafına hərtərəfli şərait yaradılmalıdır. Bu ölkənin konseptual inkişafının əsas xüsusiyyətidir. İxracyönümlü məhsul istehsal etməyi qarşıya məqsəd qoymuşuqsa, kənd təsərrüfatı sahəsinin inkişafına diqqəti yönəltmək ön planda olmalıdır. Vergilər azaldılmalı, daha çox sadələşdirilmiş vergi sisteminə keçməliyik. 

Yəni, buraxılan məhsulun xərcini, maya dəyərini azaltmaqla daha çox iş adamlarına aqrar sahəyə meyl etməyə stimul yarada bilərik. Bu istiqamətdə müəyyən inzibati yoxlamalardan da uzaqlaşmalıyıq. Bir sözlə, əlverişli şərait yaradılmalıdır ki,müəyyən imkanlı adamlar həmin sektora sərmayə yatırmağa başlasınlar”. 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz